Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun Türkiyə və NATO modelinə keçidi... - Hərbi ekspert açıqladı

Azərbaycan Ordusunun Türkiyə və NATO modelinə keçidi... - Hərbi ekspert açıqladı

Tarix: 4 Iyun 2022 19:00

Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçidi uğurla yekunlaşacaq. Proses gedir, əsas hədəf məhz budur. Bu yaxınlarda Milli Müdafiə Universitetinin yaradılması buna misaldır. Silahlı Qüvvələrimizdə Türkiyə modelinə uyğun işlər görülür. Bununla yanaşı sözsüz ki, bir çox işlər də görülməlidir.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, zabitlərin xidmət yerləri ilə bağlı, gizirlərin, müddətdən artıq xidmət edən hərbi qulluqçuların rotasiya qaydasında yerdəyişmələri təmin edilməlidir: "Bu prosesə Naxçıvanda yerləşən hərbi birləşmələrimiz də cəlb olunmalıdır. Ola bilsin Silahlı Qüvvələr günündə görülən işlərlə bağlı müəyyən məlumatlar verilsin. Amma hərbi ekspert kimi düşünürəm ki, bu prosesləri bir qədər də sürətləndirmək lazımdır. Bütün Silahlı Qüvvələr üzrə bu proses baş verməlidir. Kənardan bu proses asan görünsədə, əslində çox ağır bir məsələdir".

Ekspertin fikrincə, Azərbaycan Ordusunun qısa zamanda NATO və Türkiyə Silahlı Qüvvələr modelinə keçid üçün işlər daha da sürətləndirilməlidir: "Sözsüz ki, bu, böyük bir mexanizmdir. Bunun üçün də vaxt lazım olacaq. Amma gecikmək də olmaz. 44 günlük müharibədəki qələbədən sonra Azərbaycan Ordusuna olan münasibət tamam dəyişib. Ona görə də, şimalda, cənubda, sağımızda-solumuzda olan dövlətlər bilsin ki, Azərbaycan kifayət qədər öz hərbi gücünü qoruyub saxlayır. Ölkəmizlə bağlı hər hansı bir haqsızlığa Azərbaycan Ordusu ən sərt cavab vermək gücünü ortaya qoya bilər".

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Ordusunda komando hərbi birləşmələrinin yaradılması nəzərdə tutulmuş hədəfə doğru bir addımdır: "Bu işləri daha da sürətləndirmək vacibdir. Peşəkar hərbçi kimi təklif etmişəm ki, ikinci-üçüncü dərəcəli 10 hərbi hissə saxlamaqdansa, 5 komando tipli hərbi birləşmələrin formalaşması daha məqbuldur. Bu, Hərbi Dəniz və Quru Qoşunlarında da ola bilər. Bunlar ordunun döyüş qabiliyyətinin daha da artmasına imkan verən amillərdəndir. Ötən günlərdə Dövlət Sərhəd Xidmətinin tərkibində belə bir birliyin formalaşması ilə bağlı qərar verildi ki, bu, hava məkanında manevr etmək imkanlarımıza əlavə güc qatacaq".

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun Türkiyə NATO modelinə keçidi Hərbi ekspert açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ