Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ad günlərimi keçirməməyim qəmli bir hadisəylə əlaqəlidir”

“Ad günlərimi keçirməməyim qəmli bir hadisəylə əlaqəlidir”

Tarix: 13 Iyun 2022 18:25

Milli.Az xəbər verir ki, Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova moderator.az-ın suallarını cavablandırıb.
 
- Bəsti xanım, bu gün sizin doğum gününüzdür. Doğum günlərinizi adətən necə qeyd edirsiniz?
- Adətən mən ad günlərimi qeyd etmirəm. Bu qəmli bir hadisəylə  bağlıdır, müsahibələrimin birində bu barədə danışmışam, yenidən  xatırlamaq istəmirəm. Amma yubiley illərimizi sinif yoldaşlarımızla  birgə qeyd edirik. Biz Nərimanov rayonundakı 82 nömrəli orta məktəbi  1976-cı ildə bitirmişik və indiyə qədər sıx ünsiyyət saxlayırıq, tez-tez  görüşürük. Ötən ilki ad günümdə də bir yerdə idik.
 
- Ən gözəl, gözlənilməz, xüsusi hədiyyələri kimlərdən alırsınız? Bəs ən sevdiyiniz hədiyyə nədir?
- Əlbəttə ki, qızımdan. Əslində mən heç vaxt, heç kimdən məxsusi hədiyyə gözləmirəm də. Doğum günü təbriki üçün bir xoş söz, bir  telefon zəngi, bir mesaj əgər ürəkdən gəlirsə mənim üçün qiymətlidir. Amma sürpriz hədiyyələr də həyatımda çox olub.
 
- Bəsti xanım, çox nadir aktrisalardansınız ki, heç vaxt teatra xəyanət etməmisiniz, əksinə, tələbələr yetişdirmisiniz, onları teatra cəlb etmisiniz. Siz indi cavanlara, gənclərə yaratdığınız imkanları, şəraiti vaxtilə sizə yaratmışdılar?
- Artıq 20 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Gəncləri çox  sevirəm, onlar bizim gələcəyimizdir. Çox istərdim istedadlı gənclərimiz  teatrlara daha çox cəlb olunsunlar. Teatrımızda gənc aktyorlar bizimlə bir tamaşalarda yer alırlar, çox da uğurlu iş nümayiş etdirirlər. İndi gənc  aktyorlara yaradılan imkanlar, əlbəttə nə vaxtsa bizə də yaradılmışdı. 44 ildir çox sevdiyim Akademik Milli Dram Teatrında çalışıram. Bu gün  də tamaşaçıların çox sevdiyi, 11 il teatrımızın  repertuarında  özünəməxsus yeri olan A.Saqarellinin "Xanuma" tamaşası ilə onlarla   görüşdüm. Hal-hazırda bir aktrisa kimi teatrımızın repertuarında 3  tamaşada məşğulam: M.S. Ordubadi "Qətibə İnanc", A.Saqarelli "Xanuma", və  E. Filippo "Filumeno de  Marturano". Gələcəkdə yeni tamaşalarla görüşənədək.
 
- Bəsti xanım, təbii ki, sənətkarın arzuları, istəkləri bitib-tükənmir. Bəs sizin ən böyük arzunuz nədir?
 
-Artıq mənim arzularım övladımla bağlıdır. Onun seçdiyi sənətində uğurlarını görmək istəyirəm, xoş gününü görmək istəyirəm, ümumiyyətlə, qızımın xoşbəxt olmasını istəyirəm.
 
- Qızınız Fidan hazırda İctimai TV-də "Yeraltı" verilişinin aparıcısıdır. İllər öncə teatrın nəzdində yaradılmış studiyada aktrisa olaraq fəaliyyət göstərirdi. Yenidən teatra qayıtmaq istəyirmi?

- Qızım Fidan  hal-hazırda İTV- də "Yeraltı" verilişinin aparıcısıdır, İctimai Televiziyada çalışır. Bəli, illər öncə İncəsənət Universitetində oxuyarkən, bizim  teatrda yaradılmış aktyor  studiyasına gəlirdi.

Fidan bildiyiniz kimi, rejissorluq fakultəsində təhsil alırdı və studiyadakı məşğuliyyətinin səbəbi aktrisa olmaq deyildi. Müəllimləri də, mən də məsləhət  görmüşdü ki, yaxşı rejissor olmaq üçün aktyorluğu da bilmək faydalı olardı. Bizim teatrda üç tamaşada aktrisa kimi çıxış  etdi. Bu mənim studiyanın  tələbələri  ilə  hazırladığım "Nağıllar  aləminə  səyahət", "Müsyo İbrahim və quran çiçəkləri" və 

"Qətibə İnanc" tamaşasında. M.S. Ordubadi "Qətibə İnanc" tamaşası indi də teatrın repertuarındadır və Fidan indi də gəlib gənc Qətibə rolunu oynayır.

Milli.Az


Etiketlər:  günlərimi keçirməməyim qəmli hadisəylə əlaqəlidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ