Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan yenə iqtisadi uğur nümunəsi yaradır

Azərbaycan yenə iqtisadi uğur nümunəsi yaradır

Tarix: 14 Iyun 2022 12:30

Dünyanın aparıcı maliyyə qurumları biri-birinin ardınca qlobal iqtisadiyyatla bağlı bədbin proqnozlar verməkdə, iqtisadi müstəvidə müxtəlif problemlərin daha da dərinləşəcəyini bəyan etməkdədirlər. Bu xüsusda onların gəldiyi ortaq məxrəc ilk növbədə bundan ibarətdir ki, dünya iqtisadiyyatı keçən ilin sonu, cari  ilin əvvəllərində proqnozlaşdırılan həddə böyüməyəcək.  Mövcud vəziyyətdə Dünya Bankı qlobal iqtisadiyyatın bu il ərzində cəmi 2,9 faiz böyüyəcəyini bildirir. Halbuki, bundan əvvəl sözügedən qurumun proqnozlarına əsasən, dünya iqtisadiyyatında 4,1 faiz həcmində artım olmalı idi.

BMT-nin hesablamalarına əsasən, qlobal iqtisadi artım əvvəl gözlənildiyi kimi 4 faiz yox, 3,1 faiz həcmində artacaq.  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da qlobal iqtisadi artımla bağlı pronozunda ciddi dəyişikliklər edib. Əvvəlcə, qurum cari il ərzində dünya iqtisadiyyatında 4,5 faizlik artım gəzlədiyini bildirsə də, indi ən yaxşı halda bu göstəricinin 3 faiz olacağını bəyan edir. Təşkilat onu da qeyd edir ki, bir çox ölkələrdə ümumi daxili məhsulun artım səviyyəsi daha aşağı hədlə ifadə ediləcək. Məsələn, avrozonaya daxil olan ölkələrin iqtisadiyyatında artım bu il 2,6 faiz olacaq. ABŞ-da bu göstərici 2,5 faiz təşkil edəcək. Böyük Britaniyada cari il üçün 3,6 faizlik iqtisadi artım gözlənilsə də, gələn il üçün bu göstərici sıfır həddinə kimi azalacaq. Özü də Qərb ölkələri son 50 ilin ən yüksək inflyasiyasından əziyyət çəkirlər və onlarda qiymət bahalaşmasının nə zaman sona yetəcəyi hələ dəqiq məlum deyil. Bu da iqtisadi artımı əngəlləməkdə davam edir. 

Dünyanın digər regionlarında da iqtisadi artım göstəriciləri aşağı düşüb. Bəzi ölkələrin, məsələn, Rusiya və Ukraynanın iqtisadiyyatında cari ilin sonuna kimi əhəmiyyətli dərəcədə kiçilmə gözlənilir. Bir sıra Afrika və Asiya ölkələrinin də iqtisadiyyatları analoji tale yaşayacaq. Məsələn, Dünya Bankı bu il Belarus, Moldova, Qırğızıstan, Tacikstan iqtisadiyyatlarında da resessiya proqnozlaşdırır. Ukrayna iqtisadiyyatı isə kiçilmə baxımından dünyada ilk sırada gələcək və proqnoza görə, cari ildə sözügedən ölkədə iqtisadiyyat 45 faiz azalacaq.

Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, eləcə də digər maliyyə qurumlarının proqnozları isə qlobal iqtisadiyyatın bu il ərzində trilyonlarla ABŞ dolları miqdarında vəsait itirməsi deməkdir. Məsələ burasındadır ki, cari ildə dünya üzrə ümumi daxili məhsul ilk dəfə olaraq 100 trilyon ABŞ dollarını keçməli idi. Lakin iqtisadi artım proqnozlarının azaldılması bu il üçün dünya iqtisadiyyatının göstərilən həddə çatmayacağını göstərir.

Qlobal iqtisadiyyatın inkişaf dinamikasının azalmasının çoxsaylı səbəbləri mövcuddur. Bunlar sırasında əsas yer tutanlardan biri heç şübhəsiz ki, cari ilin fevral ayında Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyat oldu. Buna cavab olaraq Qərb dövlətlərinin və bir sıra ölkələrin Rusiyaya tətbiq etdiyi sanksiya və embarqolar, təchizat zəncirində, tranzit əlaqələrdə qırılmalar dərhal qlobal iqtisadiyyatda öz mənfi əksini tapdı. Dünya iqtisadiyyatının drayverlərindən hesab edilən Çində koronavirus pandemiyası ilə bağlı hələ də bitməyən qadağalar, məhdudiyyətlər da qlobal iqtisadi vəziyyətə neqativ təsirini davam etdirir. Qeyd edilənlərlə yanaşı, rekord inflyasiya səbəbindən dünyanın bir çox ölkələrində mərkəzi banklar tərəfindən uçot faiz dərəcələrinin qaldırılması da qlobal iqtisadiyyatda artımı tormozlayan faktorlardan birinə çevrilib. 

Rusiya-Ukrayna müharibəsi nəticəsində sayları artan qaçqınlar da dünya, xüsusən Avropa iqtisadiyyatı üçün yeni çətinliklərin yaranması ilə müşayiət edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına əsasən, təkcə bu il ərzində Avropa İttifaqı ukraynalı qaçqınlara 26 milyard ABŞ dolları miqdarında vəsait xərcləməli olacaq. Artıq Ukraynadan Avropaya üz tutan qaçqınların sayı 5 milyon nəfəri keçib və bu say artmaqda davam edir. Ümumiyyətlə, Ukraynadakı müharibə İkinci Dünya Müharibəsindən bəri görünməmiş miqyasda miqrasiyaya səbəb olub. Təkcə bir faktı qeyd edək ki, Suriyadan çıxan qaçqınların sayı iki il ərzində üç milyona çatdığı halda, eyni sayda qaçqın cəmi üç həftə ərzində Ukraynanı tərk edib. 

Dünya iqtisadiyyatında artımı ləngidən ən önəmli səbəblərdən biri enerji bazarlarında kəskin qiymət artımıdır. Koronavirus pandemiyasının tüğyan etdiyi dövrlə, yəni ötən ilin ortaları müqayisədə indi nominal ifadədə neft qiymətlərində 4,5 dəfə bahalaşma qeydə alınır. Dünya 1970-ci illərin məlum neft böhranından indiyə qədər olan müddətdə belə kəskin qiymət sıçrayışı ilə rastlaşmayıb. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların artıq enerji sektorunu da əhatə etməsi ilə neft qiymətlərində bahalaşmanın davam edəcəyi gözlənilir. Amerikalı ekspertlərin proqnozlarəna əsasən, əgər Rusiya-Ukrayna arasındakı hərbi əməliyyatlar davam edərsə, o zaman bu ilin yay aylarının sonuna kimi neftin bir barrelinin qiyməti 175 ABŞ dollarını ötəcək. Təbii qaz, kömür və digər enerji resursları ilə bağlı da qiymətlərdə artım proqnozlaşdırılır. Belə bahalaşma isə qlobal iqtisadi artımı əngəlləyir.

Müxtəlif metallar, neft-kimya sənayesinin məhsulları, ərzaqla malları ilə bağlı qarşılıqlı sanksiyalar və embarqolar da qlobal iqtisadiyyatda vəziyyəti ağırlaşdıran məqamlar sırasında yer alır. Dünya birjalarında kəskin qiymət oynamaları,  istiqrazlar, qiymətli kağızlarla baş verənlər qlobal iqtisadiyyatın böyüməsində növbəti əngəllərdən birinə çevrilib. Belə ki, ABŞ və avrozonada yüksək inflyasiya istiqrazlara, qiymətli kağızlara yatrılan investisiyaların həcminin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Məsələn, ABŞ-da 10 illik dövlət istiqrazlarının illik gəliri cəmi 3 faizdir. Halbuki, bu ölkədə inflyasiya artıq 8 faizlik həddi keçib. Səhmlərlə bağlı da kəskin ucuzlaşmalar qeyə alınır. Özü də bu hal təkcə ABŞ-da yox, Avropada, Asiyada da müşahidə edilir. Belə vəziyyətdə investorlar istiqraz və səhm bazarından uzaq durmağa üstünlük verirlər. Bu da öz növbəsində iqtisadi inkişaf dinamikasının azalması ilə müşayiət edilir. Qeyd edilənlərə paralel olaraq, inkişaf etməkdə olan bir sıra ölkələrdən kapital axınının başlanması ilə onların maliyyə sabitliyinin sarsılması, devalvasiya risqinin yüksəlməsi qlobal iqtisadiyyatda tarazlığı pozur.  

Bütün bunlar indidən bir sıra ölkələrdə iqtisadi artım səviyyəsinin azalması və ya cüzi rəqəmlə ifadə edilməsi ilə müşayiət edilir. Məsələn, bu ilin ilk rübündə Avropa İttifaqına üzv olan ölkələrin 19-da cəmi 0,3 faizlik iqtisadi böyümə qeydə alınıb. Hesabat dövründə ABŞ iqtisadiyyatı 1,4 faiz kiçilib. Çin iqtisadiyyatı onlarla müqayisədə 4,8 faizlik artıma imza atıb. Rusiya iqtisadiyyatı bu dövrdə 3,5 faizlik artım nümayiş etdirib. Amma Ukraynadakı müharibə səbəbindən indi bu ölkənin iqtisadiyyatında sürətli azalma qeydə alınır. Qərb ölkələri də sanksiya və embarqolar səbəbindən eyni  problemlə üzləşib. Asiyanın, Afrikanın əksər ölkələrində eyni vəziyyət müşahidə edilir.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda fərqli mənzərə müşahidə edilir. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübündə 6,8 faiz artıb. Bu dövrdə qeyri-neft sektorunda 10,3 faizlik qeyri-neft sənayesində isə 18,1 faizlik  artım qeydə alınıb. Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında artım dinamikası yüksəlib. Hesabat dövründə ölkəmizdə 50 milyard 867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatlarından belə bəlli olur ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 11 faiz artıb. Artım dinamikasının ilin sonuna kimi davam edəcəyi gözlənilir. Enerji resurslarının yüksək qiyməti, qeyri-neft sektorunda sürətli böyümə, dünya iqtisadiyyatında mənfi halların ölkəyə təsirinin minimal həddə endirilməsi bu prosesdə öz rolunu oyanayacaq.

İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm zəfərdən sonra regionda yaranan yeni reallıqlar, nəqliyyat logistika, tranzit imkanları, Azərbaycan üzərindən yükdaşımalara qlobal tələbin artması, müxtəlif ölkələrlər, təşkilatlarla və güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq, reallaşdırdığı transmilli layihələr də ölkəmizin iqtisadiyyatının böyüməyə davam edəcəyini göstərir. İqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, fiskal siyasət, dövlət-özəl sektor əməkdaşlığının dərinləşdirilməsi, davamlı xarakter alan islahatlar və bu qəbildən olan digər tədbirlər də Azərbaycanda iqtisadi böyüməni təmin edən faktorlar sırasında yer alır.

Milli.Az


Etiketlər:  Azərbaycan yenə iqtisadi uğur nümunəsi yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ