Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 19:04
Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə aclıq aksiyası keçirdiyi deyilən sədri Taleh Bağırzadənin onu dayandırdığı bildirilir.
"Aclıq aksiyasının dayandırılmasının səbəbi kimi çoxsaylı çağırışlar, həbsxanalarda onun aksiyasına qoşulan şəxslərin səhhətlərində yaranan problemlər və onların ailələrinin narahatlığı göstərilib", - verilən məlumatda qeyd edilir.
Hesab edək ki, səbəb deyilənlərdir. Lakin nəzərə alınan kimin müraciətidir? Axı, aksiya başlanan ilk gündən çoxsaylı müraciətlər edilsə də, nəzərə alınmırdı. Deyəsən, müraciətlərdən biri daha mühümmüş. Belə ki, dünən İran nəşrləri ayətulla Cəfər Sübhaninin Tale Bağırzayə yazdığı məktubu dərc etmişdi. Məktubda o, Bağırzadəni aclıq aksiyasını dayandırmağa çağırış edir, çağırışının sonunda "fəcr (uğur) başqa yerdən gələcək",- deyə ikibaşlı ifadə işlədirdi.
Bütün hallarda bu, bəlli çevrələrin Azərbaycanda dindarlarla hökumət arasında gərginliyə xidmət edən addımlardan geri çəkilmə, nisbi yumşalmaya doğru bir siqnal kimi qəbul oluna bilər.
Ola bilsin, belə yumşalma Azərbaycan mədəniyyət nazirinin hazırda davam edən səfəri zamanı əldə edilmiş müəyyən anlaşmalara, daha əvvəl isə İranın yollar və şəhərsalma naziri Rüstəm Qaseminin, neft naziri Cavad Ocinin azərbaycanlı həmkarları ilə birgə apardıqları, iki ölkə arasındakı müşahidə olunan gərginliyi aradan qaldırmağa xidmət edən, xüsusən iqtisadi sahədə qarşılıqlı fayda vəd edən işin effektinə kölgə salmamaq zərurətinin dərk edilməsindən də irəli gəlir.
O zaman Rüstəm Qasimi sosial şəbəkələrdə ünvanına gələn təhqir və tənqid selinə cavab olaraq məqsədinin İranı blokadadan xilas etmək olduğunu yazmışdı: "Bu mövzuda nadinclik edənlər bilsinlər ki, İran üçün heç bir bağlı yol qalmadı."
O, nəqliyyat diplomatiyasının gücləndirilməsi və bu istiqamətdə maneələrin aradan qaldırılmasının zəruri olduğunu vurğulayırdı.
Amma sonrakı proseslər göstərdi ki, bu müsbət başlanğıclar yenə də kimlərinsə fitnəsinə qurban verilir. Bəs, İranda Azərbaycanla diplomatik münasibətlərin gərginləşdirilməsində maraqlı qüvvələrə yenidən və bilərəkdən meydan tanınmasının səbəbləri nə idi? Kimdir fitnəkar? Ritorik də olsa hər iki tərəfdə cavab haqda düşünməyə, həm də ciddi düşünməyə ehtiyac var.
Bağırzadənin ölüm orucu bəhanə edilərək, yürüdülən kampaniya nə qədər böyük olsa da, müsbət məqam o idi ki, bu dəfə İranın rəsmi şəxsləri kampaniyaya qoşulmadı. İran tərəfdən kampaniyaya qatılan ən ali şəxs Təbriz imamcüməsi oldu. Hərçənd ondan münasibət bildirilməsi tələb olunsa da, ümumi sözlərlə kifayətlənib xütbəsində daha çox daxili problemlərə köklənmişdi.
Fitnənin miqyası kifayət qədər dərindir (hələlik keçmiş zamanda yazmağa tələsməyək), amma adi müşahidəçinin də sezə biləcəyi bu idi ki:
- İranda keçirilmiş aksiyalarda qaldırılan plakatlar Azərbaycanda terror qruplaşması kimi qəbul edilən İslami Müqavimət Hərəkatı tərəfindən hazırlanır. Onlar kampaniyanın mümkün qədər radikallaşmasına çalışır. Bununla ola bilsin ki, Azərbaycan prezidenti tərəfindən həmin şəxslərin ekstradisiyası haqda tələb publik qaydada xatırladıldıqdan sonra özlərini sığortalamağa; Azərbaycanda öz tərəfdarlarının sırasını artırmağa, İran tərəfində isə ciddi dəstəyə layiq mühüm siyasi qüvvə kimi görünməyə çalışırlar.
- Azərbaycan dövlətini ittiham kampaniyasında rəsmilər iştirak etməsə də, tanınmış ekspertlər, o cümlədən II Qarabağ müharibəsi və ötən il İranın yaratdığı süni sərhəd gərginliyi zamanı fəal olan Əhməd Kazımi kimi ekspertlər yenidən meydandadır.
- Kampaniya İranın sadəcə yandaş mediasında və İrana sığınmış, Azərbaycan tərəfinin də rəsmən ekstradisiyasını tələb etdiyi terrorçu qruplaşma üzvlərinin media resursları deyil, rəsmi KİV-lərində də aparılır.
- Uzun müddət İranda Azərbaycanla bağlı kampaniya ünvanlı olub, 2000-ci illərin əvvəllərində hakimiyyət dəyişikliyi ərəfəsi və qısa müddət sonra da siyasi rəhbərlik hədəfə alınsa da, sonradan yenidən tənqid ünvanı ayrı-ayrı fiqurlar, daha çox keçmiş Milli Təhlüksəzilik Nazirliyi və onun rəhbərləri olub. 2020-ci iilin sonlarından, daha çox isə 2021-ci ilin oktyabrından başlamış, hazırda da müşahidə olunan kampaniyada isə daha çox siyasi rəhbərlik hədəfə gətirilir, yanaşı olaraq 2021-ci ilin payızında Dövlət Sərhəd Xidməti, hazırda Daxili İşlər Nazirliyi hədəfdədir.
- Amma müstəqilliyin ta ilk illərindən etibarən kampaniyanın bir hədəfi də Şimali Azərbaycanın "tarixi İran" olması, Azərbaycan vətəndaşlarının şimali iranlılar olmasını "sübut" etməkdir. İnadla Azərbaycan Respublikası dövlətinin həyatqabiliyyətli olmadığı, İran tərəfindən "himayəyə alınmazsa", "sionist ocağı", "anqlosakson imperialzimi", "pantürkist imperiya" və ya Rusiya tərəfindən işğal olunacağı kimi fikirlər aşılanır. 2020-ci il sentyabrından sonra bu tip dərin "elmi -tarixi araşdırmaların" sayı həddən artıq çoxalıb.
Bununla yanaşı ciddi tədqiqatlar da artıb. Bu tədqiqatlarda Azərbaycanın bütün imkanları, bütün sahələrdə əldə edilmiş uğur və uğursuzluqları diqqətlə öyrənilir. Son 1 il ərzində çapdan çıxmış təqdiqatlar içərisində Azərbaycanın ailə-nikah qanunvericiliyi, övladlığa vermə, valideynlik hüququndan məhrum etmə, aliment kimi spesifik sahələrə aid hüquqi aktların, bu sahədəki dövlət müəssisələrin fəaliyyətinə dair kitabların olması da diqqət çəkir.
- Tale Bağırzadə Səudiyyə Ərəbistanının tanınmış şiə lideri, 2012-ci ildə hökumət əleyhinə iğtişaşların təşkilinə görə həbs, 2016-cı ildə edam edilmiş Şeyx Nimri ilə müqayisə olunur, o, "Azərbaycanının şeyx Nimri" elan edilir.
Xatırladaq ki, Şeyx Nimri Səudiyyənin şiə azlığının dini liderlərindən biri idi, həbsi və edamından sonra Səudiyyə ilə İran arasında diplomatik münasibətlər xeyli gərginləşmiş, 2016-cı ildə Tehrandakı Səudiyyə səfirliyinə basqın edilmiş, Bəhreyn, Livan, İraq, Yəmın kimi şiə əhalisi sıx yaşayan ölkələrdə səudiyyəli diplomatlara, turistlərə hücum halları artmışdı. Yəqin ki, bu müqayisə Azərbaycanın və müttəfiqlərinin (Türkiyə və İsrail) Səudiyyə ilə yaxınlaşma meyillərinə verilən reaksiya və həm də Azərbaycana qarşı hadisələrin necə inkişaf edə biləcəyi haqda təhdid kimi oxunmalıdır.
- Dönə-dönə T. Bağırzadə guya anti-Türkiyə və antisionist çıxışlarına görə, "Bakı rejiminin sionizmə xidmət etməsini" ifşa etməsinə görə həbs olunması vurğulanır. Onun İran tərəfdarı olması, ayətullah Nuri Həmədani ilə 2015-ci ildə görüşdən sonra həbs olunması qabardılır. "Şiələrin sıxışdırılmasında", "repressiya olunmasında" Türkiyənin "rolu" da İsrail qədər qınanır.
- Bağırzadəni müdafiə yazılarından birində "şəhadət aclığı" kampaniyasının bir hədəfinin də Azərbaycanın hazırda hiss olunan Qərblə yaxınlaşma tendensiyasının qarşını almaq, Qərbi fakt qarşısında qoymaq olduğu etiraf edilir. Eyni zamanda açıq şəkildə bu kampaniyadan növbəti antisemit təbliğatı üçün istifadə edilir.
- İran və İsrail arasında son günlər müşahidə olunan və silahlı müharibə eskalasiyası ehtimal edilən gərginliklə bağlı ola bilər. İran gərginlik ərəfəsi Aərbaycandakı təsir ocaqlarını hərəkətə gətirməklə Azərbaycandan növbəti dəfə loyallıq haqda təminat almaq istəyir. Bundan əvvəlllər də hər dəfə İran tərəfdən qızışdırlan süni gərginliklərin aradan qaldırlması məqsədilə Azərbaycan tərəfi İsrailin ölkəmzdə hərbi bazalarının olmaması, Azərbaycan ərazindən İrana qarşı hərbi və kəşfiyyat məqsədli heç bir iş aprılmadığı və aparalacağına yol verilməyəcəyi haqda açıqlamalar verilib. Sonuncu gərginlik zamanı Azərbaycan prezidenti ittihamları müəyyən qədər sərtliklə təkzib etmişdi: "Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! ..Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".
Təəssüf ki, iftira yaradıcıları usanmaq bilmirlər.
- Türkiyə və İsrail arasında sıxlaşan əməkdaşlıq, xüsusən də Misir və İsrail qazının Türkiyə üzərindən nəqli haqda ilkin razlışamalar, Zəngəzur dəhlizi ilə bağlı aparlılan danışıqların müəyyən həll mərhələsinə daxil olması 2021-ci ilin sonlarında olduğu kimi İran tərəfində yenə də bölgədə mühasirəyə düşməsi və təklənməsi haqda yanlış təəssüratı gücləndirir. Mühasirəni yarmaq üçün zəif həlqə bildikləri ölkə kimi də Azərbaycana təzyiq edilir. Azərbaycan tərəfinin yalnız cari kampaniya şəklində müşahidə olunan sistemsiz addımları İran tərəfini cəsarətləndirir.
- Anti-Azərbaycan kampaniyasında "dindar xalq-dinsiz hakimiyyət" kimi təbliğati klişelərlə yanaşı, etnik ədavəti qızışdırmaq üçün də açıq təhriklər var.
Yazılarda Tale Bağırzadə və Nardaran camaatı bütövlükdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qoyulur. Nardaranın "tatizəban"i dindarlar olması, "dünyəvi dinsiz türklərin" onlara zülm etməsi haqda təbliğat aparılır (Xatırladaq ki, Nardaran əhalisi türkdillidir, özlərini də türk və azərbaycanlı sayırlar).
Bir düşüncə mərkəzinin ərəb versiyasında yerləşdirilmiş yazıda isə "tat nardaranlıların" dindar olduğu və "dünyəvi-qeyri dindar türklərə" qarşı mübarizə apardığı, Nardaranın mədəni kimliyini dəyişmək üçün "yəhudi Emin Ağalarovun" kapitalından istifadə olunduğu haqda absurd iddialar yer alırdı.
- Xüsusi olaraq qeyd edək ki, buna bənzər zərərli tezislər Zabil Məhərrəmovun və dünyasının dəyişmiş Fəxrədddin Abbaszadənin, İranda Şimali Azərbaycan auditoriyası üçün azərbaycanca yayımlanan müəyyən KİV-lərin, 2015-ci ildən sonra yaradılmış bəzi teleqram kanalları və FB səhifələrinin (Azeriha, Tatha və s.) istifadə etdiyi tezis idi. Həmin resurslar bütün azərbaycanlı şiələrin qeyri-türk mənşəli olmasını, "sünni-vəhhabi türklərin" guya "şiə talış və tatlara" zülm etdiyini yazırdı. Bu zərərli tezis uzun illər erməni agitpropu tərəfindən də istifadə edilib. İndi İranın müəyyən şəbəkəsinin də bu iftiranı təkrarlaması tezisin mənbəyini əslində açıb göstərir.
- Təəssüf ki, siyasi islamın, xüsusən də siyasi şiəliyin (xomeyniyyənin) "ifşası" üçün yazılan yazılarda BİLƏRƏKDƏN YA BİLMƏYƏRƏKDƏN yol verilən kobud yanlışlar dini çoxluqla dövlət arasında problem, dini çoxluq daxilində etnik parçalanma yaratmaq istəyən xarici mərkəzlərin işinə yarayır. Bu, ayrıca bir mövzu olduğundan üzərindən hələlik keçirik.
- İran nəşrlərində yazılarda Qaraçuxur və Əbu Bəkr məscidləri vəhhabiliyi yayan mərkəzlər kimi təqdim olunur, bu məscidlər radikal şiələrə hədəf olaraq göstərilir. Bu, məzhəblərarası ədavəti qızışdırmağa birbaşa təhrikdir. Yəqin ki, həmin nəşrlərin bloklanmasına gedilə bilər.
- Azərbaycanda dəstək aksiyalarının coğrafiyası kifayət qədər geniş oldu (Bakı, Sumqayıt, Biləsuvar, Lənkəran, Gəncə, Beyləqan..). Əslində bu aksiyalar siyasi islamın 2018-ci il Gəncə hadisələrindən sonrakı ən böyük gövdə göstərişidir.
- Son kampaniya ilə AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏTİNİN dindarlar, müsəlman etnik azlıq icmaları və Azərbaycan diasporunun nəzdində etibarsızlaşdırılması, ictimai legitimliyinin şübhə altına alınması kimi olduqca təhlükəli planın yenidən işə salınmasına ciddi təşəbbüs oldu.
- Nisbətən mötədil nəşrlərdə isə Azərbaycanda yeni, cəmiyyətin fərqli və geniş adutoriyasına xitab edən islamçı partiyanın qurulması üçün atıla biləcək addımlar da müzakirə olunmaqdadır.
- Aksiya və yazılarda israrla İran rəsmiləri, daha çox da İran Xarici İşlər Nazirliyi "dindarların hüquqlarını müdafiə" məqsədilə addımlar atmağa çağrılırdı. Hazırkı yumşalmanın davamı gəlməzsə, bu istiqamətdə müəyyən gərginliklər qaçılmazdır...
Cəmaləddin Quliyev