Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Uğur qazanmaq, yaxşı aktyor olmaq üçün 3 şey vacibdir, biri olmayanda çətinlik çəkirsən..."

Tarix: 27 Iyun 2022 17:10

"Müəyyən işlər var ki, onları görəcəyik. Amma hələ bu haqda danışmaq çox tezdir. Nəticəsini təbii ki, sizlər də biləcəksiniz. Kino ittifaqı hər zaman yaradıcı və ürəyin sənətlə döyünən gənclərin yanında olacaq. Əlbəttə ki, yaxşı filmlər də çəkilməlidir. Kinonun vəziyyəti indi bir o qədər də ürək açan deyil. Kino çəkilməlidir ki, biz də üzərimizə düşən məsələləri həll edək".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra təbliğatdan danışıb.

"Bizim vaxtımızda çox yaxşı bir tendensiya var idi. Çox oxumaqla bir-birimizin qarşısında lovğalanırdıq. Bizim aramızda oxumaq, bilmək üçün sözün yaxşı mənasında yarış gedirdi. Mən indi fikirləşirəm ki, insanın formalaşmasında ədəbiyyat, sənət nə qədər rol oynayır. O vaxt televizor yox idi, sonradan çıxdı. Biz radio tamaşalara qulaq asardıq, sonra başlayırdıq ordakı aktyorları təqlid etməyə. Sinifdə ifadəli oxumaq daha çox məndə yaxşı alınırdı, deyirdilər ki, bu aktyor olacaq. Aktyorluğu mənə sevdirən filmlər olub. Deyirdim ki, görəsən bu rolu mən oynasam necə olar? Amma indi televiziyalar bir o qədər də mədəniyyəti, teatr və kinonu təbliğ etmir. İnternet zəmanəsidir, internetdən də yaxşı şeylərə istifadə etmək lazımdır" deyə sənətkar bildirib. O daha sonra əlavə edib.

"Bəzən sual verirlər "Nəsimi" filmi olmasaydı bu qədər sevilə bilərdiniz?". Vallah bunu mən deyə bilmərəm, bu məncə taleyin yazısıdır. Bəlkə də o olmasaydı, başqa şeylər olacaqdı. Bu mənə yazılıb. Mən xoşbəxt aktyoram ki, belə rollar mənim sənət həyatımda olub. Amma bəzən istedadlı aktyorlar olur, amma rastına yaxşı rollar çıxmır. Uğur qazanmaq üçün, yaxşı aktyor olmaq üçün 3 şey vacibdir. Təbii ki, fitri istedad, şans və zəhmət. Bunlar üçün birləşəndə müəyyən uğura nail olursan. Biri olmayanda çətinlik çəkirsən" deyə sənətkar deyib.

Milli.Az


Etiketlər:  Uğur qazanmaq yaxşı aktyor olmaq üçün 3 şey vacibdir biri olmayanda çətinlik çəkirsən


RƏYLƏR