Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"

Qurban Qurbanov:

Tarix: 11 Iyul 2022 19:36

"Çox vacib oyundur. Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Polşa "Lex"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Poznan təmsilçisi daha yaxşı analiz etdiklərini bildirib: "Yaxşı komandaya qarşı oynayacağıq. İstənilən halda komandama güvənirəm. Sabah meydanda düşüncəli komanda olmalıyıq. Hamını sevindirməyə çalışacağıq".

O, transferlərlə bağlı suala indi cavab verə bilməyəcəyini söyləyib: "Bütün fikrimiz "Lex"lə oyundadır. Əlimizdəki futbolçulara inanıram".

Təcrübəli baş məşqçi hər şeyi nəzərə aldıqlarını vurğulayıb: "Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam yaxşı oyuna hazırdır. Biz futbolçu döyüşçülərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəklər".

Qurbanov ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını bildirib: "Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs bizim uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər".

Mütəxəssis azarkeşlərdən dəstək gözlədiyini söyləyib: "Azarkeş futbolun ən vacib hissəsidir. Futbolçulara motivasiya, inam, məsuliyyət verir. Onların sayının çox olması bizim üçün yaxşıdır. Stadionun tam dolmasını istərdim. Bilirik ki, 10 milyon bizim arxamızdadır. Hamısı qalib gəlməyimizi istəyir".

Qurbanov heyətdəki itkilərə də toxunub: "Qara Qarayevdə narahatlıq var. Meydana çıxması sual altındadır. Sabah yekun qərarımızı verəcəyik".

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov İlk matçda Lexin gücünü hiss etdik


RƏYLƏR