Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixoanalitik müharibə veteranlarının travmasının reabilitasiyası qaydalarını açıqlayıb

Psixoanalitik müharibə veteranlarının travmasının reabilitasiyası qaydalarını açıqlayıb

Tarix: 21 Iyul 2022 13:24

"1964-1973-cü illərdə baş vermiş Vyetnam müharibəsi zamanı 56 minədək hərbçi ölüb, 303 min hərbçi yaralanıb. Müharibə başa çatandan sonra 25 il ərzində 120 min müharibə veteranı intihar edib".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında psixoanalitik, Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının Regional Bölməsinin İdarə heyətinin üzvü Lüdmila Qrinşteyn bildirib.

Onun sözlərinə görə, hərbçilərin hansı müharibədə iştirak etməsindən asılı olaraq, posttravmatik stress pozuntusu (PTSP) həm də "Əfqanıstan", "Vyetnam", "Çeçenistan" sindromu kimi tanınır.

L.Qrinşteyn PTSP-nin səciyyəvi simptomları barədə də danışıb. Bunlara müharibə veteranlarının aldığı psixi travma ilə əlaqəli olaraq faciəvi hadisələr haqqında xatirələrin tez-tez yada düşməsi, qorxulu yuxular, hadisələrin sanki gerçəklikdə həyata keçməsinə bənzəyən təəssüratlar - fləşbəklər, travmanı xatırladan istənilən stimullara güclü emosional reaksiyalar, həmçinin heç bir səbəb olmadan hirslənmə aiddir.

Psixoanalitik vurğulayıb ki, statistikaya görə, Birinci Dünya müharibəsi zamanı müharibənin səbəb olduğu nevroz səbəbindən Böyük Britaniya ordusunun şəxsi heyətinin 10 %-i hərbi xidmətdən azad olunub, 44 %-i isə müalicəyə göndərilib. 1942-1945-ci illər aralığında ABŞ ordusunun 1 milyonadək hərbçisi psixi pozuntular səbəbindən müalicə üçün müraciət edib, bu isə İkinci Dünya müharibəsində iştirak etmiş bütün ABŞ hərbçilərinin 25 %-ni təşkil edib. 

Ümumilikdə, ABŞ-da aparılmış statistikaya görə, müharibə veteranlarının təxminən 20 %-də PTSP müşahidə olunur. "Quru qoşunları hərbçilərinin 40 %-i, dəniz piyadalarının 30 %-i, milli qvardiya hərbçilərinin 50 %-i bu sindromla üzləşir", - L.Qrinşteyn vurğulayıb.

Onun sözlərinə görə, PTSP təkcə veteranlara deyil, onların yaxınlarına da təsir edir. ABŞ-da aparılmış statistikaya görə, Vyetnam ordusundan sonra veteranların ailələrində məişət zəminində zorakılıq halları ölkə üzrə orta göstəricini 5 dəfə üstələyib, veteranların ailələrində boşanma halları isə 90 % təşkil edib.

"Vyetnam müharibəsindən 20 il sonra ABŞ həbsxanalarında cəza çəkənlərin üçdəbiri veteranlar olub. Mənzillə təmin olunmalarına rəğmən ABŞ-da hər dördüncü evsiz şəxs müharibə veteranıdır. Buna səbəb onların bu evləri satması, əldə olunan pulu isə içkiyə və s. xərcləməsidir", - psixoanalitik deyib.

PTSP-nin müalicə üsulları barədə danışarkən L.Qrinşteyn bildirib ki, Rusiyada bunu uzun müddət psixofarmakologiya ilə müalicə etməyə çalışsalar da, bu üsul bir o qədər də səmərəli olmayıb.

"Travmanın fərdi əhəmiyyəti yalnız ona lazımi səviyyədə reaksiya verildikdə azalır. Psixoterapiya zamanı insan eyni travma haqqında dəfələrlə danışdıqda həmin hadisə sanki adiləşir. Bu barədə əhəmiyyətli bir insana danışmaq da vacib şərtdir. Bu səbəbdən, psixoterapevt əvvəlcə həmin əhəmiyyətli insana çevrilməlidir. Bəzən bunun üçün 1 il vaxt tələb olunur", - psixoanalitik vurğulayıb. O, yaşanmış travmanın unudulmadığını əlavə edib.

L.Qrinşteyn deyib: "Elə hadisələr var ki, onları yaddaşdan kəsib atmaq olmur, onlarla birgə yaşamaq və artıq həyatda olmayanların əvəzinə yaşamaq məcburiyyətində qalırsan".

O bildirib ki, PTSP üzrə kompleks reabilitasiya heç yerdə - nə ABŞ-da, nə Avropada, nə də Rusiyada aparılır, çünki bu, çox baha başa gəlir: "ABŞ-da aparılmış hesablamalara görə, bu sindromdan əziyyət çəkənlərin reabilitasiyasına çəkilən xərclər ürək və onkologiya xəstələrinə çəkilən xərcləri üstələyə bilər".


Etiketlər:  Psixoanalitik müharibə veteranlarının travmasının reabilitasiyası qaydalarını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ