Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qul"u olmuşuq, itaət etmişik... - "12-ci İmam Mehdi"nin məhkəməsində qalmaqal

Tarix: 23 Iyul 2022 15:46

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edən və 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Aqil Babayev həbs olunana kimi fərdi əməklə məşğul olub. O qeyd edib ki, tikinti sahəsi ilə bağlı işlərlə məşğul olub.

O da vurğulanıb ki, əvvəllər avtoqəza törətdiyi üçün məhkum olunub və hazırda həmin məhkumluğu ödənilməyib.

Onun səhhəti ilə bağlı hazırda Müalicə Müəssisəsində müalicə aldığı bildirilib.

Hakim Aqil Babayevi vəkillər - Əli Hüseynov, Eldəniz Quliyev və Elnur Quliyevin müdafiə etdiyini söyləyib.

Zərərçəkmişlər prosesin qapalı keçirilməsini istəyib. Bunu onların barələrində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayıldığı ilə əsaslandırıblar.

Təqsirləndirilən şəxsin vəkilləri də eyni vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, işdə ailə sirri ilə bağlı məlumatlar var, həmin məlumatların yayılması yolverilməzdir.

Aqil Babayevin vəkili Elnur Quliyev onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Bildirilib, guya şəxs çağırışlara vaxtında gəlmədiyi üçün həbs qətimkan tədbiri seçilib.

Vəkil həmçinin deyib ki, Aqil Babayevin azadlığa buraxılması işin hallarına müsbət təsir edəcək: "Onun işin saxtalaşdırması, tərəflərə təzyiq göstərməsi kimi imkanı olmayacaq. Təqsirləndirilən şəxs heç kimə təzyiq göstərməyəcək".

Aqil Babayevin digər vəkili Əli Hüseynov bildirib ki, Aqil Babayevin xeyrinə ifadə verən şəxsə təzyiq göstərilib və həmin şəxsin barəsində cinayət işi var.

Əli Hüseynov söyləyib ki, Aqil Babayev həbs olunan zaman evindən bir yeşik qızıl, 9 milyon manat götürülüb. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verilib.

Aqil Babayevin digər vəkili Eldəniz Quliyev zərərçəkmişləri ittiham edib. Deyib ki, bu işdə Aqil Babayev günahkar deyil. Onun sözlərinə görə, zalda bir nəfər zərərçəkmiş var, həmin zərərçəkmiş günahkardır.

Prokuror həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas görmədiyini deyib.

Zərərçəkmişlərin vəkili qeyd edib ki, Aqil Babayevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib, bildirib ki, Aqil Babayev ölkədən qaçmaq istəyərkən hava limanında yaxalanıb.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıblar. Bu zaman məhkəmədə qalmaqal yaranıb. Zərərçəkmişlər təqsirləndirilən şəxsi lənətləyiblər. Zərərçəkmişlərdən biri deyib ki, 16 yaşından Aqil Babayevə "İmam" kimi itaət edib, onun "qul"u olub. Hətta zərərçəkmişlərdən daha bir neçəsi evini sataraq ona verdiyini deyiblər. Zərərçəkmişlər təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədiblər.

Bir qədər sonra zala gələn hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.

Qərara görə, məhkəmə iclasının qapalı keçirilməsi barədə vəsatət təmin edilməyib. Qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət də təmin olunmayıb.

Məhkəmə avqustun 2-ə təyin edilib.

Bu zaman təqsirləndirilən şəxsin vəkilləri hakimə müraciət ediblər. Bildiriblər ki, hakimlər müşavirə otağında olan zaman zərərçəkmiş şəxslər tərəfindən nalayiq ifadələr işlədilib, səs-küy salınıb. Vəkillər növbəti iclaslara hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəvət olunmasını, səs-küy yaradan şəxslərin cəzalandırılmasını istəyiblər.

Hakim deyib ki, məhkəmədə qaydaları pozanlar, səs-küy salanlar cəzalandırılacaq.

Qeyd edək ki, Aqil Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat ziyan vurub.

İttihama görə, Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Aqil Babayevin inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim etdiyi müəyyən olunub.

Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.

Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Milli.Az


Etiketlər:  Qulu olmuşuq itaət etmişik 12 ci İmam Mehdinin məhkəməsində qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ