Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəy nəslindən olan, özgə evində böyüyən və görmədən səhnəyə çıxan aktyor – Bir ulduz axdı

Bəy nəslindən olan, özgə evində böyüyən və görmədən səhnəyə çıxan aktyor – Bir ulduz axdı

Tarix: 28 Iyul 2022 00:24

O səhnədə əsəbi, gur səsli tipik azərbaycanlı kişisinin obrazını elə inandırıcı yaradırdı ki, qarşındakının aktyor olduğunu unudurdun. Düz 80 il, 92 yaşınadək səhnədə olub, ömrünün son günlərinə qədər teatrı tərk etməyib. Azərbaycan SSRİ Xalq artisti Ağasadıq Gəraybəyli Azərbaycan tamaşaçılarının yadında əsasən "O olmasın bu olsun" filmindəki Rüstəm bəy, "Bəxtiyar" filmidəki Ağabala obrazları ilə qalıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, Şamaxıda bəy ailəsində anadan olub. Amma uşaqlıqdan başını götürüb Bakıya gəlib. Bu barədə öz xatirələrində  belə danışarmış:

"1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim.Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim".

Ağasadıq səhnəyə ilk dəfə qadın obrazında çıxır və bu obrazı o qədər ürəkdən ifa edir ki, Ərəblinski ağlayır. Ərəblinskinin ağladığını görəndə o, da dözmür və səhnədən qaçır.

Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. O, Üzeyir bəyi peyğəmbərə bərabər insan hesab edərdi.

"Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət idi. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. Belə yaxşı insanların mənim taleyimdə böyük rolu olub, hamısını rəhmətlə anıram" deyərdi sənətkar.

Gəraybəyli səhnəyə həmişə böyük şövqlə çıxar, hər rolunda elə həyəcan və həvəslə oynayardı ki, sanki bu onun ilk və son tamaşasıdır. Gur səsi, aktyor plastikası, xarizmatik görünüşü, ən əsas da istedadı ona həm dramatik, həm komik rolları oynamağa imkan verir, hər roluna möhür vururdu. 92 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən böyük sevinci "O olmasın, bu olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi.  Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı".

Aktyorun sonuncu rolu "Xurşidbanu Natəvan" tamaşasında yaşlı knyaz obrazı oldu. Bu rolu ifa edərkən onun 92 yaşı var idi. Bununla belə sözləri unutmur, suflyor köməyinə ehtiyac görmürdü.  Son obrazını  oynayan aktyor  böyük knyaz rolunda  səhnəyə çıxarkən gözləri demək olar ki görmürdü. Bununla belə heç kim böyük  Ağasadıq Gəraybəylinin gözlərinin görmədiyini hiss etməmişdi.

Milli.Az


Etiketlər:  Bəy nəslindən olan özgə evində böyüyən görmədən səhnəyə çıxan aktyor Bir ulduz axdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ