Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 19:28
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a səfərdə 1:2 məğlub olsa da, evdəki 1:0-lıq qələbə sayəsində finala çıxan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə matçı dəyərləndirib.
- Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi. Futbolçuları təbrik edirəm. “Qəbələ” 4-cü dəfədir ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdur.
- 2:0-dan sonra ümidləriniz tükənmişdi?
- Uşaqları sona qədər özlərinə inanmağa çağırmışdıq. Şükürlər olsun ki, uşaqlar özlərinə inandılar. Özüm də inanırdım ki, lazım olan qolu vura biləcəyik.
- Finalda “Zirə”ni, yoxsa “Sumqayıt”i görmək istəyərsiniz?
- Fərq etmir. Çünki final 1 oyundan ibarətdir. Burda emosiyalar düzgün cilovlanmalıdır. Qarşılaşmaya maksimal konsentrasiya ilə çıxmaq lazımdır.
- Naxçıvana gedəcəksiniz? Hər halda, finalda məşqçilər üçün ayrılan yerdə olmayacaqsınız…
- (gülür) Gedəcəm. Orda tribunada yerim olacaq.
- Texniki zonada olmamağınız komandaya nə dərəcədə təsir edəcək? Hər halda, komanda siz qovulduqdan sonra qol vurdu.
- Konsentrasiyanı itirməməliyik. Oyuna maksimum hazırlaşmalıyıq.
- Oyundan əvvəl mükafatın nə qədər olacağı bilinirdi?
- Xeyr. Bir amalımız var idi. Kuboku istefa vermis Tale Heydərova ərmağan etmək istəyirik.