Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni dünya düzəninin qorxunc şifrələri: Orta əsrlər uzaqda deyil...

Yeni dünya düzəninin qorxunc şifrələri: Orta əsrlər uzaqda deyil...

Tarix: 24 Avqust 2022 01:24

Elə etmək istəyirlər ki, hamının zəifləməsi məhz onları daha da gücləndirsin, hər kəs onlardan asılı duruma düşsün, nəticədə təxminən orta əsrlər dövrünə qaytarılmış dünyanı asanlıqla idarə edə bilsinlər... Əgər, baş tutarsa, şəriksiz hegemon dünyanın bütün sərvətlərini və resurslarını heç bir əngəllə üzləşmədən öz maraqları üçün istifadə edə biləcək, planeti vahid müstəmləkəyə çevirmiş olacaq...

Dünya düzəni pozulub. II Dünya savaşından sonra mövcud olan beynəlxalq siyasi və hüquqi sistem artıq demək olar ki, işləmir. Onilliklər boyu bu sistemi superdövlətlər yalnız öz maraqlarına uyğunlaşdırmağa çalışırdılar. Və indi bu sistemin də yalnız formal mövcudluğundan danışmaq mümkündür.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, əslində, koronavirus pandemiyasının başlandığı ilk dövrlərdə yeni dünya düzəninin yaradılmasına yönəlik cəhdlərin olduğu müşahidə edilirdi. Elə dünyada pandemiya dönəminə start verilməsinin də məhz bu məqsədə xidmət etdiyi qətiyyən şübhə doğurmurdu. Və bu prosesin müəllifləri yeni dünya düzəninin qurulması ilə bağlı ilk mərhələni "uğurla" sona çatdırmış kimi görünürlər.

Düzdür, koronavirus və digər kütləvi yoluxucuların dünya üzərindəki təsir gücü hələ də qalmaqdadır. Hətta belə anlaşılır ki, bundan sonra həmin təsir həmişə mövcud olacaq. Bununla belə, pandemiya yeni dünya düzəninin formalaşdırılması prosesinin tam şəkildə yekunlaşdırılması üçün yetərli olmadı.

Nəticədə şəriksiz dünya hegemonluğu uğrunda mübarizənin qlobal savaşlar mərhələsi də başladıldı. Böyük ehtimalla bu mərhələ Avropa və Asiyanın hansı supergücün hegemonluğu altına keçəcəyini dəqiqləşdirə bilər. Yəni, Avrasiyaya tam nəzarət bütün dünyanın gələcək taleyini həll edəcək qədər önəmli faktordur.

Son dövrlərdə baş verən hadisələrə daha diqqətlə yanaşdıqda, qlobal savaşların ssenarilərini hazırlayanların məhz Avrasiyanı nəzarətə götürməyə çalışdıqları nəzərə çarpır. Ukrayna savaşı əlbəttə ki, Rusiyanın çökdürülməsi məqsədi güdür. Çünki, Rusiya yeni dünya düzəni planları qarşısında ən ciddi əngəllərdən biridir. Və anlaşılan odur ki, yeni dünya düzənində Rusiyaya Kremlin indi sahib olduğu siyasi iradə payını ayırmaq istəmirlər.

Bəzi ehtimallara görə, əsas hədəf Rusiyanın tamamilə dağıdılması deyil. Bu, dünyanı şəriksiz idarə etmək niyyətinə düşənlərə böhranlı problemlər törədə bilər. Ona görə də, Rusiyanı öz sərhədlərindən kənarda təsiri olmayan, anqlo-saksların təlimatlarına boyun əyən, dünyanı kənd təsərrüfatı məhsulları və xammalla təmin edən coğrafi məkana çevirməyə çalışırlar.

Ancaq Ukrayna savaşının yalnız Rusiyaya qarşı planlanmış "bataqlıq" olduğunu düşünmək sadəlövhlük olardı. Bu savaşın başladılması ilə Rusiyaya paralel olaraq, Avropa Birliyi də hədəfə alınıb. Avropa Birliyinin anqlosaksların maraqlarına cavab vermədiyi qətiyyən sirr deyil. Böyük Britaniyanın bu qurumdan çıxması ilə Avropa Birliyinin çökdürülməsi əməliyyatına başlandığı qətiyyən şübhə doğurmur.

Həmin əməliyyatın həlledici mərhələsi isə Ukrayna savaşı hesab oluna bilər. Çünki bu savaş ucbatından Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların tətbiqinə istiqamətləndirilir, hətta bəzi hallarda məcbur edilir. Halbuki, tətbiq olunan sanksiyalar Rusiyadan daha çox Avropa Birliyini vurur. Belə ki, Rusiya sanksiyaların real nəticələri ilə orta perspektivdə daha yaxından "tanış" olacaq. Və çökdürülmüş iqtisadiyyatı ilə sıradan zəif dövlətlərin arsaında yerini alacaq.

Ancaq Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların dağıdıcı təsirləri ilə elə indidən üzə-üzə qalıb. Avro məkanın indiki sistem və statusda mövcudluğu anqlo-saksların həm siyasi, həm də maliyyə-iqtisadi maraqlarına qətiyyən cavab vermir. Ona görə də, Rusiyadan daha çox rəqib və problem olan Avropa Birliyinin çökdürülməsi yeni dünya düzəninin qarşısından önəmli bir əngəlin aradan qaldırılması deməkdir.

Hazırda Avropa Birliyi maliyyə-iqtisadi cəhətdən süquta uğrama mərhələsinə yaxınlaşır. Rusiyaya tətbiq olunan sanksiyalar ucbatından Avropa Birliyi ölkələri enerji, ərzaq, humanitar və s. böhran növlərinə düçar olmağa başlayıb. Bu böhranlar isə daha sonrakı mərhələdə böyük ehtimalla maliyyə-iqtisadi və siyasi böhranlar da doğura bilər. Yəni, Avropa Birliyini öz əliylə vururlar və sürətlə siyasi-ictimai xaosa doğru sürükləyirlər.

Təbii ki, yeni dünya düzəninin qurulması qarşısında olan əsas əngəllərin sıradan çıxarılmasında Avropa Birliyi və Rusiyanın çökdürülməsi ilə hədəflər qətiyyən məhdudlaşmır. Buna paralel olaraq, Çin probleminin də həll edilməsi lazım gələcək. Və bu nəhəng dövlət üzərində "qara buludlar"ın tədricən sıxlaşdırılmaqda olduğu müşahidə edilir.

Məsələ ondadır ki, Rusiyanı Ukraynada "savaş bataqlığı"na salanların Çin üçün də konkret planlarının olduğu şübhə doğurmur. Son hadisələr onu göstərir ki, Çinə qarşı da "Tayvan bataqlığı" hazırlanıb. İndi bütün cəhdlər Çinin Tayvana hərbi müdaxiləsinə nail olunması üzərində indeksləşmiş kimi görünür. Və belə anlaşılır ki, bu, hər halda, yaxın vaxtlarda reallaşa bilər.

Onu da nəzərə almaq lazımdır ki, Çin onsuz da Rusiyaya qarşı sanksiyaların Avropa Birliyi məkanında böhran yaratmasından artıq müəyyən iqtisadi-ticari zərbələr almağa başlayıb. Çinin texnologiya nəhəngləri külli miqdarda maliyyə-ticari itkilərlə üzləşməkdədir. Və belə davam edərsə, rəsmi Pekin üçün də böhranlı dövrün uzaqda olmadığından danışmaq lazım gələcək.

Təbii ki, yaxınlaşan maliyyə-iqtisadi böhranın artıq təhdid etdiyi Çinin buna əlavə olaraq, Tayvanla savaşa da cəlb edilməsi mümkün olarsa, rəsmi Pekin üçün ağır dövr başlamış olacaq. Çünki, indiki situasiyada Çinin Tayvan ilə müharibə aparması o qədər də asan olmayacaq. Hər halda, Tayvan da Çinə hərbi cəhətdən sərt müqavimət imkanlarına sahibdir. Və belə bir savaş Çinin zəiflədilməsi, bu ölkənin daxilində sosial-siyasi böhranın yaradılması baxımından, yetərli ola bilər.

Burada əsas önəmli məqam ondan ibarətdir ki, Tayvan da Ukrayna kimi, əslində, yeni dünya düzəninin ssenaristləri tərəfindən qurban seçilmiş görünür. Böyük ehtimalla Ukrayna kimi, Tayvanın da gələcək taleyi bu savaşları planlaşdıranları qətiyyən narahat etmir. Əksinə, Tayvanın Çini zəiflətməklə yanaşı, özünün də sıradan çıxması plan müəlliflərinə sərf edir.

Məsələ ondadır ki, Tayvan dünyanın "texnologiya anbarı" hesab olunur. İnkişaf etmiş ölkələrin mütləq əksəriyyəti, hətta Çin belə, "texnoloji çipləri" məhz Tayvandan alır. Əgər, Tayvanın "çip" müəssisələri öz fəaliyyətini dayandırarsa, bu, həm də dünyanın texnoloji resurslardan məhrum buraxılması anlamı daşıyacaq. Halbuki, ABŞ və Böyük Britaniya Tayvan "çiplər"inə möhtac olmayan azsaylı ölkələr sırasına daxildir.

Göründüyü kimi, yeni dünya düzəninin ssenaristləri şəriksiz hegemonluğun əsas şifrələrini tam dəqiqliyi ilə müəyyənləşdiriblər. Elə etmək istəyirlər ki, hamının zəifləməsi məhz onları daha da gücləndirsin. Dünyada hər kəs onlardan asılı duruma düşsünlər. Nəticədə təxminən orta əsrlər dövrünə qaytarılmış dünyanı asanlıqla idarə edə bilsinlər.

Düzdür, yaxın gələcəkdə yeni dünya düzənin qurulması prosesi qarşısında "əl-ayağa dolaşan" bəzi dövlətlər yəqin ki, hələ olacaq. Ancaq onların da tədricən digərlərinin sırasına qatılması üçün addımların atıla biləcəyi qətiyyən şübhə doğurmur. Məsələn, nüvə dövləti olan və heç bir xarici supergücün siyasi iradəsinə əhəmiyyət verməyə Şimali Koreya problemi yenidən aktuallaşdırılmaqdadır. ABŞ və Cənubi Koreya Şimali Koreyada hakimiyyətin dəyişdilməsi ilə bağlı məsləhətləşmələr aparırlar.

Bütün bunlar onu göstərir ki, yeni dünya düzəni vahid mərkəzdən idarə olunu beynəlxalq sistem kimi düşünülür. Əgər, baş tutarsa, şəriksiz hegemon dünyanın bütün sərvətlərini və resurslarını heç bir əngəllə üzləşmədən öz maraqları üçün istifadə edə biləcək. Bu isə dünyanın vahid müstəmləkəyə çevrilmə təhlükəsinin tamamilə real olduğunu göstərir.


Etiketlər:  Yeni dünya düzəninin qorxunc şifrələri Orta əsrlər uzaqda deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ