Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leninin həkiminin utanc “əməli” - Adı qəzetlərə “təcavüzkar professor və sadist” kimi düşüb

Leninin həkiminin utanc “əməli” - Adı qəzetlərə “təcavüzkar professor və sadist” kimi düşüb

Tarix: 6 Sentyabr 2022 18:44

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

1937-ci ildə "Pravda" qəzetində dərc olunan bir şikayət məktubu onun karyerasının süqutunun başlanğıcı olub. Qəzetin nüsxələri əldən ələ gəzib, dövrün ən məşhur həkimlərindən biri sayılan Dmitri Pletnyov haqqında gedən yazının başlığı isə siyasi elitada və elmi ictimaiyyətdə daha təəccüblə qarşılanıb: "Təcavüzkar professor və sadist..."

Şikayətçi qadın məktubda qeyd edib ki, pasienti olduğu Dmitri Pletnyov müalicə zamanı ona təcavüz edib, sinəsinin bir neçə yerindən dişləyib, həmin yerlərdə yaranan yaralar ağır fəsadlara səbəb olub. Redaksiya məktubu araşdırmadan onu "Pravda"nın səhifələrində yerləşdirib.

Sovet dövründə mətbuatda gedən şikayət məktublarına müvafiq qurumlar dərhal reaksiya veriblər. Bu məktubdakı şikayətə isə birbaşa Mərkəzi Komitə qarışıb, Kreml hüquq mühafizə orqanlarına məktubdakı şikayətin ciddi araşdırılmasını göstəriş verib.

Beləliklə, araşdırmalar başlanıb, sonda Pletnyovun işi məhkəməyə verilib. 18 iyul 1937-ci ildə məhkəmənin hökmü ilə Pletnyov iki il azadlıqdan məhrum edilib. Ancaq çox keçməmiş, həmin ilin dekabr ayında həkim haqqında növbəti cinayət işi açılıb. Bu dəfə o, antisovet fəaliyyətdə, Maksim Qorkinin və oğlunun ölümündə ittiham edilib. İttihamnamədə qeyd olunub ki, gizli əksinqilabi fəaliyyət göstərən Pletnyov sabiq "NKVD" rəhbəri Henrix Yaqodanın tapşırığı ilə əvvəl Maksim Qorkinin oğlunu, daha sonra isə özünü yüksək dozada dərman təyin etməklə öldürüb.

İstintaq zamanı Pletnyov ona qarşı qaldırılan ittihamları qəbul etməyib. "NKVD"-nin zirzəmisində həkimə verilən işgəncələr o dərəcədə ağır olub ki, onun bədəninin əlli faizi iflic vəziyyətinə düşüb. Nəhayət, bu işgəncələrin ölümlə nəticələnəcəyini anlayan Pletnyov sonda cinayət əməllərini "etiraf" edib.

Pletnyov dövlət ittihamçısı Andrey Vışıniskiyə yazdığı məktubda aşağıdakıları qeyd edib:

"İstintaq zamanı müstəntiq mənə bildirdi ki, əgər yuxarılar sizi günahkar sayırsa, sizin heç bir günahınız olmasa belə, siz günahkarsınız və bununla bağlı müvafiq sənədlərə imza atacaqsınız..."

Həkimin çoxsaylı belə müraciətlərinin heç bir nəticəsi olmayıb. Pletnyov "könüllü" şəkildə Maksim Qorkinin ölümündə iştirakçı olduğunu öz imzası ilə təsdiq edib.

Məhkəmə Pletnyov haqqında 25 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Həkim Kremldən gələn bu sifarişli hökmdən "sevinib". Çünki onunla birlikdə bu məsələ ilə bağlı məhkəməyə çıxarılan digərləri ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər. Amma bu sevincin, heç olmasa 25 ildən sonra azadlığa çıxmaq ümidlərinin ömrü uzun olmayıb. 1941-ci ildə heç bir məhkəmə olmadan "NKVD"-nin güllələnməyə təqdim etdiyi siyahıda Pletnyovun da adı yer alıb. 11 sentyabr 1941-ci ildə Pletnyov Oryol şəhəri yaxınlığında güllələnib.

Əslində, Pletnyovun Maksim Qorkinin ölümündə heç bir iştirakı olmayıb. Sonralar onun ölümü ilə aparılan araşdırmalarda məlum olub ki, Maksim Qorki ağ ciyər iltihabından vəfat edib. Daha bir versiyaya görə isə Stalinin göstərişi ilə onu zəhərləyərək öldürüblər. Meyitə xüsusi həkim komissiyası tərəfindən baxış keçirilərkən nə zəhərlənmə, nə də artıq dərman dozasının bədənə yeridilməsi faktları aşkar edilməyib. Bəlkə də elə həmin komissiya da Maksim Qorkinin ölümü ilə bağlı rəyi Kremlin təzyiqi altında yazıb.

Qeyd edək ki, 1871-ci ildə zəngin bir ailədə anadan olan Pletnyov Xarkovda gimnaziyanı bitirdikdən sonra Moskva Universitetinin tibb fakültəsində ali təhsil alıb. Ailənin maddi zənginliyi onun Avropa ölkələrində də kurslar keçməsinə imkan verib. Pletnyov bir neçə xarici ölkələrdə öz tibbi təhsilini artırıb.

Pletnyov təkcə SSRİ-də deyil, xarici ölkələrdə də tibb sahəsinin savadlı mütəxəssisi kimi tanınıb. O, bir müddət Ulyanovlar ailəsinin, Leninin və Krupuskayanın şəxsi həkimi kimi də çalışıb.

Pletnyov SSRİ yarandıqdan sonra sovet səhiyyəsinin inkişafında bir çox yeniliklərə imza atıb, yeni tibb mərkəzlərinin, tibb sahəsi üzrə kafedraların yaradılmasında onun gərgin əməyi olub.

Təşəbbüskarlığı ilə fərqlənən həkim xarici ölkələrlə SSRİ arasında səhiyyə əlaqələrinin qurulmasında da kifayət qədər böyük işlər görüb. Nikita Xruşşov öz xatirələrində Pletnyovun xidmətlərini yüksək qiymətləndirib:

"Dmitri Pletnyov olduqca bacarıqlı səhiyyə təşkilatçısı idi. O, həm də öz sahəsində yüksək biliyə malik idi. Sovet səhiyyəsinin inkişafında Pletnyovun xidmətləri danılmaz faktdır. Ancaq məlum olduğu kimi Stalin heç vaxt təşəbbüskarları sevməyib. Elə Pletnyovun təşəbbüskarlığı da çox da onun ürəyincə deyildi. Son isə hamıya məlumdur. Məhz Stalinin göstərişi ilə Pletnyovun ayağına neçə-neçə cinayətlər yazıldı. Onun cəzalandırılmasında və sonda güllələnməsində Stalinin şəxsi göstərişi olub..."

Milli.Az


Etiketlər:  Leninin həkiminin utanc əməli Adı qəzetlərə təcavüzkar professor sadist kimi düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ