Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Paşinyanı yenə pərt etdi - İrəvan sülhü seçməzsə...

Putin Paşinyanı yenə pərt etdi -  İrəvan sülhü seçməzsə...

Tarix: 9 Sentyabr 2022 16:33

Ermənistanın hazırkı davranışları daha çox savaşı tətikləyir; deputat: "Əgər yenə səhvə yol verərək təxribatlara davam etsələr, nəticəsi çox ağır olacaq"

Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü xəbər məkanında geniş müzakirə olunmaqdadır. Bir çoxlarını düşündürən suallar bundan ibarətdir ki, bu görüşdən sonra Ermənistan özünü necə aparacaq, Paşinyan hökuməti hansı davranışları sərgiləyəcək?

Artıq hər kəsə elektron mediadan bəlli olduğu kimi, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Putinlə bir araya gəlib. Rəsmi yayılan məlumatlardan belə aydın olur ki, Putin bu görüşə dair dəyərləndirməsində ikitərəfli münasibətlərin səviyyəsindən danışıb. O, eyni zamanda iki ölkə (Azərbaycan-Ermənistan) arasında ən həssas məsələlərdən birinin Qarabağ olduğuna diqqət çəkib. Putin Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, öz səfərindən əvvəl müdafiə nazirini ABŞ-a, xarici işlər nazirini isə Rusiyaya yola salan Nikol Paşinyan Putinlə görüşü səbirsizliklə gözləyirdi. Baxmayaraq ki, təkcə avqustun son həftəsində o, Putinlə iki dəfə telefonla Qarabağ ətrafındakı vəziyyətdən, həmçinin digər mövzulardan bəhs etmişdilər. 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi vurğulanmışdı həmin danışıqlarda. Şübhə etmirik ki, öhdəliklərin icrasının vacibliyi Rusiya lideri tərəfindən səslənib, çünki şərti pozan İrəvandır.

Burada qeyd etmək lazımdır ki, Rusiya prezidenti media qarşısında etdiyi çıxışında "Dağlıq Qarabağ" ifadəsini işlədib. Təbii ki, bu, Azərbaycan üçün məqbul ifadə deyil, çünki ən yüksək səviyyədə Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi quruluşunun olmadığı bəyan edilib. Var Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları! Gərəkdir ki, Rusiya rəhbərliyi də bu kimi məsələlərdə diqqətli olsun və ermənilərin ürəyincə olan ifaddələri dilə gətirməkdən çəkinsin, ən azı ortada Azərbaycanla müttəfiqlik sənədinin ruhuna xələl gəlmiş olar.

Elə bu kimi məqamlardan ruhlanan N.Paşinyan media önündə Putinə Rusiya sülhməramlılarının fəaliyyətinə görə təşəkkür edib, Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsinin vacibliyini vurğulayıb. Baş nazirin təşəkkürü səbəbsiz deyil, sülhməramlıların gözləri qarşısında rusiyalı milyarder Ruben Vardanyan Qarabağa qanunsuz köç edib. Eyni zamanda erməni terrorçularının hələ də bölgədə mövcud olması rus hərbçilərinin sayəsindədir. Amma Putin Paşinyanın çox da "havalanmasına" imkan verməyib və onu ötən görüşlərdə olduğu kimi, bu dəfə də pərt edib, gülünc vəziyyətə salıb. N.Paşinyan gülünc vəziyyətə düşməyə öyrəncəli olduğundan əhvalını pozmayıb.

Forumdakı çıxışında isə o, bir qədər "ağıllanaraq", faktiki olaraq artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlardan kənara çıxa bilməyəcəkləri qənaətini yaradan fikirlər səsləndirib. Düzdür, o, sanki "Zəngəzur dəhlizi" ifadəsini işlətməyə utanıb, yaxud bunu özünə sığışdırmayıb, amma faktiki olaraq deyib: "Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək və bu, beynəlxalq ticarət yolları üçün yeni imkanlar deməkdir... Bu qlobal layihənin həyata keçirilməsi region dövlətləri, eləcə də İran, Türkiyə, Rusiya və Uzaq Şərq ölkələri üçün çox vacibdir. Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik". Eyni zamanda erməni hökumət başçısı Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib: "Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki bütün məsələlər həllini tapmayıb. Regionda kommunikasiyaların açılması Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq".

Paşinyan habelə Türkiyə ilə də hesablaşmaqdan başqa yol qalmadığına işarə edib. Sitat: "Rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır. Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına ümid edir".

Nikol Paşinyanın bu açıqlamasının "tərcüməsi" odur ki, Ermənistan artıq nala-mıxa vurmaq, pozuculuqla məşğul olmaq limitinin də bitdiyinin fərqindədir. İlin sonuna qədər bütün bu məsələləri - həm 10 noyabr üçtərəfli bəyanatı, həm də Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə götürülən öhdəlikləri yerinə yetirməyə məcburdur. Lakin bütün bunlar hər zamankı kimi sözdə qalacaq, yoxsa, gerçəkdən də "Rusiyanın dəstəyi ilə başa çatacaq"? Paşinyanın Brüsseldən sonra Putinlə görüşməsi onun konstruktivizminə təsir edəcəkmi? Addımlarında tərəddüd yaradacaqmı? Rusiyanın Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına maraqları necədir? Belə bir perspektiv sülhməramlıları əhəmiyyətsizləşdirmirmi? Politoloqlar necə düşünür, Ermənistan prosesləri 2023-cü ilə qədər ləngitmək üçün növbəti hiylə və təxribatlara əl atmayacaq ki? Atarsa, nə olar: yeni savaş?!..

Sonxeber.net xəbər verir ki, deputat Ceyhun Məmmədov "Yeni Müsavat"a açıqlamasında hələlik yekun qənaətə gəlməyin mümkünsüz olduğunu vurğuladı: "Əvvəlki dövrdə sərgilədiyi mövqeyə və bu ölkə daxilində cərəyan edən proseslərə baxanda Ermənistanın uzun müddət bir mövqedən çıxış edəcəyini söyləmək mümkün deyil. Görünən odur ki, Ermənistan yekun sülh müqaviləsinin imzalanmasında səmimi deyil və daha çox vaxt uzatmağa çalışır. Ermənistan tərəfinin son davranış və ziddiyyətli bəyanatları bu fikri bir daha təsdiq edir".

Rusiya amilinə gəldikdə isə deputatın fikrincə, rəsmi Moskva çalışır ki, keçmiş münaqişənin tənzimlənməsi yalnız onun moderatorluğu ilə həyata keçirilsin və onun inhisarında qalsın: "Qarabağda ümumi vəziyyətin gərginləşməsində Rusiyanın maraqlı olduğunu düşünmürəm. Rusiya hazırda sülhməramlıların iştirakı və nəzarəti ilə bölgədə sabitliyin qorunmasında maraqlıdır. Azərbaycan isə prosesin həyata keçirilməsində həm Rusiya, həm də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir, dürüst və səmimi siyasət həyata keçirir. Əsas hədəf yekun sülh müqaviləsinin imzalanmasıdır və Azərbaycan zamanla mütləq bu məqsədinə nail olacaq".

C.Məmmədov növbəti hərbi toqquşmaları da istisna etmir: "Əgər Ermənistan yenə səhvə yol verərək təxribatlara davam edərsə, bunun nəticəsi çox ağır olacaq. 44 günlük müharibə və son "Qisas" əməliyyatı Ermənistan üçün ciddi dərs olmalıdır. Ermənistanın bir yolu var: o da yekun sülh müqaviləsini imzalamaq. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Prosesin uzanması ən çox Ermənistan üçün problemlər yaradacaq".

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Tural İsmayılov əmindir ki, Ermənistan sülhə məhkumdur: "Bu prosesi Azərbaycan idarə edir. Ermənistanın diqtə edilən şərtləri qəbul etməmək kimi bir seçimi yoxdur. Azərbaycan tərəfindən regiona önəmli baxış gətirilir, Cənubi Qafqaz mühüm konfiqurasiya mərkəzinə çevrilir. İndiki halda Rusiya iqtisadi imkanlarının genişlənməsi üçün kommunikasiyada maraqlı görünür. Paşinyanın Putinin əmrlərindən kənar çıxmaq kimi bir lyuksu yoxdur. İndi Rusiya öz moderatorluğu altında keçirilən görüşlərdə müsbət irəliləyişlərin olmağından maraqlıdır. Paşinyana isə Rusiyanın imicinin korlanması üçün qulaqburması verilir". T.İsmayılovun əminliyi var ki, Paşinyan nə qədər Qərb və Sorosa bağlı olsa da, Rusiyanın tələblərindən yayınmaq iqtidarında deyil: "Rusiya müəyyən bir mərhələyə qədər sülh prosesində uğurların olmağında maraqlıdır. Eyni zamanda sülh hansısa formada sülhməramlı missiyaya beynəlxalq neqativ dəyər gətirmir. Ermənistan hansısa təxribatlara əl ata bilər. Azərbaycan isə provokasiyalara növbəti antiterror əməliyyatları ilə cavab verə bilər".

Bu arada Ermənistanın "Past" qəzeti yazıb ki, Brüssel görüşündən sonra N.Paşinyan İrəvanda, dar çərçivədə görüş keçirib. Qəzetin mənbəsinin sözlərinə görə, Paşinyan "sülh müqaviləsi"nin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb. "Bu sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır", qəzet yazır. Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, artıq bir aydan çoxdur ki, XİN-də xüsusi qrup fəaliyyət göstərir və bu, bütün diqqəti bu sənəd üzərində cəmləyib.

Bu məlumatın nə dərəcədə doğru olduğunu demək çətindir. Çünki həm Rusiya, həm də Ermənistanın oyunbazlığı da göz önündədir. Məsələn, sentyabrın 8-də Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan bugünlərdə Rusiya vətəndaşlığından imtina edərək, qanunsuz olaraq Azərbaycan ərazisinə köçmüş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb. "Yeni Müsavat" xəbər verir ki, Arutyunyan Ruben Vardanyanın "artsax"a köçmək, "artsax"ın təhlükəsizliyinin və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb və bunun bütün dünya ermənilərinin çoxu üçün nümunə olacağına ümid etdiyini bildirib. Bildirilir ki, görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub. Söhbət Rusiya vətəndaşlığından "imtina edərək" Qarabağda yaşayacağını bəyan edən rusiyalı, erməni iş adamından gedir. Putin-Paşinyan görüşündə bu mövzuya toxunulmaması o deməkdir ki, işin içində iş var, yəni Vardanyan vaqeəsindən hər iki ölkə xəbərdardır. Üstəlik, Kəlbəcər və Laçın istiqamətində hərbi mövqelərimizin və mülki şəxslərimizin, teknikamızın atəşə tutulması halları ötən gün də davam edib. Bu kimi hərəkətlər isə sülhə aparmır, əksinə, gərginliyi tətikləyir...


Etiketlər:  Putin Paşinyanı yenə pərt etdi İrəvan sülhü seçməzsə


RƏYLƏR