Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bufer zona” Azərbaycan üçün niyə mühümdür?

“Bufer zona” Azərbaycan üçün niyə mühümdür?

Tarix: 16 Sentyabr 2022 12:30

Xocalı soyqırımını törətmiş dövlətlə aramızda "bufer zona" vacibdir; Ermənistanda revanşist qüvvələrin səsləndirdiyi mövqelər onlara güvənməyi mümkünsüz edir

Azərbaycanın işğaldan azad olunmuş Ermənistanla qonşu ərazilərinə qayıdan minlərlə insanın təhlükəsiz yaşaması, habelə sərhəddə əsgərlərimizin təhlükəsiz xidmət göstərə bilməsi üçün Azərbaycan Ermənistan ərazisində "bufer zona" yaratmalıdır. Sosial şəbəkələrdə tarixçi Rizvan Hüseynovun Ermənistan ərazisində 2022-ci ilin 13-14 sentyabr hadisələrindən sonra "bufer təhlükəsizlik zonasını" göstərməklə tərtib etdiyi xəritə yayılıb.

Ermənistan KİV-ləri iddia edirlər ki, 12-13 sentyabr 2022-ci il tarixlərində döyüş əməliyyatları nəticəsində Azərbaycan Ordusu sərhədin demarkasiyasının həyata keçirilmədiyi bölgədə 100 kv km-dən çox ərazini ələ keçirib və Ermənistan ərazilərini nəzarəti altına götürüb. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazilərinin ələ keçirilməsi haqqında məlumatı "cəfəngiyyat" adlandırıb.

Eyni zamanda Müdafiə Nazirliyi dəqiqləşdirmə edir: "Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır".

Bu barədə "Turan"da yayılmış şərhdə deyilir. Yerli ekspertlər Ermənistan ərazisində Azərbaycan sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün bufer zona yaradılmasının vacibliyindən danışarkən, Dağlıq Qarabağ ətrafında 28 il mövcud olmuş "təhlükəsizlik zolağını" xatırladırlar.

"Turan" xatırladır ki, Rusiya Gürcüstan ərazisində "bufer zonalar" yaradıb, davam edən Ukraynada müharibəsi də bu məqsədlə aparılır. "İsrail Misirlə sərhəd boyunca və Qəzzə bölgəsində yəhudilərin təhlükəsizliyi üçün "bufer zonalar" yaradıb. Türkiyə qoşunlarının Suriya ərazisinə yeridilməsi ilə Ankara orada kürd terrorçuların Türkiyəyə qarşı hücumlarına qarşı mübarizə üçün 30 km enində bufer zona yaratdı. Türkiyənin Suriyadakı əsas vəzifələrindən biri öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Azərbaycan aralarında Ermənistan da olmaqla, digər ölkələrin sınaqdan keçirdiyi öz sərhədlərinin qorunması üsulunu - bufer zonanı tətbiq edir", - deyə bildirilir.

44 günlük Vətən müharibəsindən sonra "bufer zona" müharibəsində də qalibiyyət Azərbaycan üçün niyə mühümdür? Diplomatik cəbhədə hansı işlər görülməlidir və sairə...

Milli.Az xəbər verir ki, Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev "Yeni Müsavat"a bildirdi ki, Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən sonra sərhədlərin təhlükəsizliyi məsələsi həmişə ön planda olub: "Təmas xətləri bir-birinə çox yaxın olduğundan keçən müddət ərzində əsgər ölümləri və yaralanmaları ilə müşahidə olunan təxribatlar mütəmadi baş verir. Bütün bunların səbəbi isə tərəflər arasında sülh müqaviləsinin bağlanmamasıdır. Bu müqavilə hələ bağlanmayıbsa, o zaman təhlükəli hesab olun sərhəd boyunca tampon zona yaradılması hər iki tərəfin canlı qüvvələrinin təhlükəsizliyi və təxtibatların minimuma endirilməsi baxımından doğru addım olardı. Təbii ki, bu addım işğal faktoru kimi qəbul edilməməlidir. Azərbaycan indiyədək heç vaxt Ermənistana qarşı ərazi iddialarının olduğunu bildirməyib. Əksinə, Ermənistanın həmişə Azərbaycana qarşı ərazi iddiaları olub. O səbəbdən belə bir tampon bölgə yaranarsa, bu, yalnız hər iki tərəfin təhlükəsizliyinə qarant olar, eyni zamanda sülh danışıqlarının tezliklə sona çatdırılması üçün stimula çevrilər. Dünyada belə təcrübələr olub və bu gün də var. Hazırkı vəziyyətə baxanda belə bir variantın olmasının vacibliyini görə bilərik. 10 noyabr üçtərəfli sazişdə, ondan sonra istər Moskvada, istərsə də, Brüsseldə rəsmi olaraq imzalanmış razılaşmalardan sonra heç bir irəliləyiş ortada yoxdur. Yəni erməni silahlı birləşmələri ərazilərimizdə hələ də qalır, sərhədlərin demarkasiya və delimitasiyası getmir, kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşmaya əməl olunmur və s. Əvəzində nə baş verir? Vasitəçilərin iştirakı ilə hansısa məsələ ilə bağlı razılaşma olur və həyata keçməsi üçün qrafik müəyyənləşir. Amma bunun həyata keçirilməsini istəməyən erməni tərəfi sərhəddə hər hansı provokasiyalar yaratmaqla həmin razılaşmanı arxa plana atır və qarşı tərəfə ittihamlar yağdırır. Belə fəaliyyət sonsuza qədər gedə bilər. Amma tampon zona mövcud olarsa, belə təxribatların olması ehtimalları minimuma enər və kiminsə əlində bəhanə qalmaz. O səbəbdən regionda sülhün bərqərar olunması üçün müəyyən ərazilərdə tampon bölgənin olmasının vacibliyini beynəlxalq təşkilatların, eyni zamanda dövlətlərin diqqətinə çatdırmaq lazımdır. Doğrudur, onların bir çoxu qərəzli olaraq bunu işğal faktı kimi qələmə verməyə çalışacaqlar. Amma məhz bizim diplomatlarımızın işi bunun əksini ortaya qoymaqdır. Danışıqlar prosesinin nəticəsi olaraq tərəflərin üzərinə götürdüyü öhdəliklər yerinə yetirilərsə, sərhədlərin hüdudları müəyyənləşərsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bundan sonra tampon zonanın mövcudluğuna da ehtiyac qalmaz".

Politoloq Elçin Mirzəbəyli təhlükəsizlik zonasının yaradılmasının zərurətə çevrilməsindən söz açdı: "Həm 30 ilə yaxın müddətdə ərazilərimizin işğal altında saxlanılması, həm də 44 günlük savaşdan sonrakı dövr sübuta yetirdi ki, Ermənistana hər hansı bir formada etimad göstərmək mümkün deyil. Son hadisələr də mahiyyət etibarı ilə bu ölkədə kimin olmasından asılı olmayaraq, daim revanşist hisslərlə yaşayacağını faktiki olaraq nümayiş etdirdi. Eyni zamanda, erməni cəmiyyətindən revanşist qüvvələrin səsləndirdiyi mövqelər hələ uzun müddət qonşuluğumuzda yerləşən dövlət adlandırdığımız bu subyektə güvənməyin mümkünsüzlüyünü ortaya qoyur. Belə olan təqdirdə daim Azərbaycan xalqına qarşı nifrət toxumunun səpildiyini nəzərə alaraq, şübhəsiz ki, beynəlxalq təcrübədə olduğu kimi təhlükəsizlik zonası yaratmaq artıq zərurətə çevrilib. Çünki biz hər dəfə eyni situasiya ilə qarşılaşa bilərik. İstər Ermənistanın legitim hərbi birləşmələri, istərsə də bu ölkədə fəaliyyət göstərməsi ehtimalı mümkün olan qeyri-legitim, qeyri-qanuni birləşmələr, ayrı-ayrı ölkələrdəki ermənilərin yaratdıqları təsisatlar, eləcə də ASALA və digər terror təşkilatları Azərbaycan ərazilərinə daim təhdid yarada bilərlər. Bu da bizim vətəndaşlarımızın təhlükəsizliyi üçün çox ciddi problemlərin ortaya çıxmasına zəmin yarada bilər. Bu etimadsızlıq mühiti qonşu dövlətə güvənməyin mümkünsüz olduğunu nəzərə alaraq, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atmalıdır. Bu çox vacib şərtlərdən biridir. Hətta Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə qeyri-müəyyən bir zaman kəsiyində, o zaman qədər ki, Ermənistan özünün militarist siyasətindən əl çəkəcək, qonşularına qarşı ərazi iddialarından imtina edəcək, ultramillətçiliyi özünün ideoloji platformasına çevirməyəcək, o zamana qədər bu proses mahiyyət etibarı ilə davam etdirilməlidir. O baxımdan, qənaətimə görə, ən doğru seçim Azərbaycan sərhədlərinin yaxınlığında hələ delimitasiya olmadığı üçün konkret ərazidən danışa bilməsək də, amma mahiyyət etibarı ilə təhlükəsizlik zonası mütləq yaradılmalıdır. Bundan sonra ölkəmizə qarşı yönələ biləcək bütün təhdidlərin qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılovun da fikirləri eynidir: ""Bufer zona" anlayışı bu gün beynəlxalq hüquqda ən çox müzakirə olunan anlayışlardandır. Ümumiyyətlə, politoloji və hüquqi nəzəriyyələr bu mövzuda bir qədər fərqlənirlər. Nəzərə almaq lazımdır ki, dövlətlərin öz əhalisinin təhlükəsizliyi üçün sərhədlərdə təhlükəsiz zona yaratmaq haqları var. Belə ki, Azərbaycan və Ermənistan arasında delimitasiya ilə bağlı konkret əməli işlərə hələ start verilməyib. Azərbaycan və Ermənistanın arasında sərhədlər müəyyən olunmayıb. Üstəlik, 30 illik işğal dövründə Ermənistan qanunsuz şəkildə öz sərhədlərini dəyişdirib. Bu baxımdan bütün Ermənistan havadarlarının nə deməyindən asılı olmayaraq Azərbaycanın bufer zona ilə bağlı addımları əngəllənə bilməz. Ermənistanla sərhədlər dəqiq deyil, belə olan halda təhlükəsiz zonalar yaratmaq bizim tam haqqımızdır. Digər tərəfdən, Ermənistan dayanmadan bizi şantaj edir. Bu şantajlarla effektiv mübarizə aparmaq üçün sərhəd təhlükəsizliyinin bütün komponentlərini nəzərə almalıyıq. Qalib dövlət kimi, daha əvvəl torpaqları işğalda olan ölkə kimi bizim tam haqqımızdır ki, təhlükəsiz zonalar yaradaq. Bizə qarşı qanuni heç bir addım atıla bilməz. Diplomatik səylərimiz də bu yöndə davam edir. Azərbaycan Ermənistana sülh çağırışı edib, ya qəbul edəcəklər, ya da problemlər qalacaq. Xocalı soyqırımını törətmiş bir dövlətlə aramızda "bufer zona" vacibdir. Bu sahədə təbliğatı daha da gücləndirməliyik".

Milli.Az


Etiketlər:  Bufer zona Azərbaycan üçün niyə mühümdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ