Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda şagirdlərə bu məktəbdə dərs keçilir - VİDEO

Azərbaycanda şagirdlərə bu məktəbdə dərs keçilir - VİDEO

Tarix: 26 Sentyabr 2022 16:14

Bərdədə iki məktəb binası barədə xəbərimiz var. İki ayrı kənddə yerləşən bu məktəblərdə şagirdlər tam şəraitsiz bir vəziyyətdə təhsil almağa çalışırlar. Çalışırlar ona görə ki, bu şəraitdə məktəbə getmək doğrudan da böyük cəsarət və fədakarlıq istəyir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, birinin pəncərələri qırıq-tökük, tavanı çökmüş vəziyyətdə, divarları isə hər an uçma təhlükəsi ilə üz-üzə... Digəri də ondan geri qalmır. Pəncərə və döşəməsi yox, pilləkənlər isə dağılıb.

Bu məktəblər Bərdə rayonunda iki fərqli ünvanda yerləşir. Ünvanlar fərqli olsa da, hər ikisinin problemləri bənzərdir.

Rayonun Əyricə kənd orta məktəbi istismar müddətini başa vurduğundan bina qəzalı vəziyyətə düşüb.

50 ildən çoxdur istifadədə olan təhsil ocağı hazırda uçub dağılır.

İkimərtəbəli binanın nə dam örtüyü, nə divarları, nə döşəmə və tavanı, nə də pəncərələri qaydasındadır. Siniflərin qızdırılması isə odunla təmin olunur.

Şorəlli kənd tam orta məktəbinin binası da uzun illərdir təmir edilmədiyindən uçub-dağılmaq üzrədir. 60 ildir istifadədə olan ikimərtəbəli binanın taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb. Məktəbin damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür.

Pəncərə və qapıların qırılmış yerlərinə taxtalar vurulub, pəncərələrin şüşələri yapışqan ilə yapışdırılıb. Sakinlər deyirlər ki, məktəbin kanalizasiya sistemi çöküb, nəinki ayaqyolu, hətta əl yumaq üçün belə su yoxdur.

Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektorundan bildirilib ki, hər iki məktəb binalarının mövcud vəziyyəti ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib. Yeni məktəb binalarının nə vaxt inşa ediləcəyi isə hələ ki bilinmir.

Milli.Az


Etiketlər:  Azərbaycanda şagirdlərə bu məktəbdə dərs keçilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ