Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəqliyyatda gediş haqqını necə tənzimləməli - Türkiyə nümunəsindən çıxan nəticə

Nəqliyyatda gediş haqqını necə tənzimləməli - Türkiyə nümunəsindən çıxan nəticə

Tarix: 1 Oktyabr 2022 17:08

Son günlərin müzakirə mövzularından biri də marşrut avtobuslarında gediş haqqının qaldırılacağı ilə bağlıdır. Artıq ölkədə gediş haqlarının "tənzimlənməsi", yəni artırılması barədə özəl şirkətlər tərəfindən Tarif Şurasına müraciət edilib. Bu isə o deməkdir ki, Bakıda gediş haqlarının artırılacağı gündəmdədir və böyük ehtimalla, baş verəcək.

Ancaq maraqlıdır: Tarif Şurasına müraciət əsaslandırılıbmı? Şirkətlər yalnız öz xərclərini nəzərə alıblar, yoxsa həssas sosial təbəqəni də düşünürlər? Ümumiyyətlə bizdə gediş haqları hansı meyarlara əsaslanır və necə təyin edilir? Nümunə kimi "qardaş ölkəmiz" olaraq qəbul etdiyimiz Türkiyədən öyrənə bilərik.

Birincisi, Türkiyənin böyük şəhərlərində gediş haqları və güzəştlər tam fərqlidir; orda qiymətləri, nəqliyyatın tənzimlənməsini böyükşəhər bələdiyyələri həyata keçirir və dövlət bu məsələlərə qarışmır. İkincisi, Türkiyədə yanacaq Bakıdan 2 dəfə, elektrik enerjisi isə təxminən 2,5 dəfə bahadır. Yəni nəqliyyat xərclərinin özü bahadır və buna görə də Türkiyə şəhərlərində gediş haqları Bakıdan ucuz ola bilməz.

İndi isə Bakıya əhali və bir qədər də yerləşmə baxımından (Egeyin sahilindədir) uyğun olan İzmirlə müqayisələr aparaq. İzmirdə kart sistemidir - İzmir Kart (eynilə Bakı Kart kimi), amma bu kart həm qatarlarda, həm gəmidə (İzmirdə Qarşıyaxaya keçmək üçün gəmi nəqliyyatından istifadə olunur), metroda, trolleybusda - taksidən başqa bütün nəqliyyat vasitələrində keçərlidir. Hava limanından şəhərə qatar, avtobuslar və s. işləyir və istər gəmi, istər qatar və metro, istər trolleybus və marşrut avtobuslarında qiymətlər eynidir. Gediş haqqı 6,5 lirədir (təxminən 60 qəpik edir). Beləliklə, gediş haqları ilə yanacaq və elektrikin tarifini nəzərə alsaq, Bakı ilə eyni qiymətdir. Ancaq Bakıda heç bir güzəşt yoxdur, İzmirdə isə güzəştlər belədir:

60 yaşdan yuxarı şəxslərə gediş tamamilə pulsuzdur;

İlk gediş 6,5 lirədir, ancaq 2 saat ərzində təkrar nəqliyyatdan istifadə edərsənsə, 1,2 lirə (təxminən 10 qəpik), yenə 2 saat ərzində istifadə edilərsə, 0,9 lirə, bunun ardınca 30 dəqiqə ərzində yenidən istifadə isə pulsuzdur.

Tələbələr üçün "İzmir Kart" ayrıcadır, bu kartlar tələbə bileti ilə verilir. Tələbələrə gediş haqqı 2 lirədir (təxminən 18 qəpik) və eyni qayda ilə tələbə gün ərzində nəqliyyatdan daha çox istifadə edəcəyi halda gediş haqqı 5-6 qəpiyə enir və bəzi gedişlər isə pulsuz olur.

Onu da nəzərə alaq ki, Türkiyədə son aylar kəskin bahalıqdan şikayətlənsələr də, Bakı ilə müqayisədə 3-4 dəfə ucuzluqdur - xüsusilə xidmət sahəsində. Üstəlik, Türkiyədə minimum əmək haqqı 5500 lirə (təxminən 500 manat), bizdə isə 300 manatdır. Gediş haqqının artırılması zamanı bu sistemin tətbiqi həssas sosial təbəqənin maraqlarını nəzərə almaq deməkdir - xüsusilə tələbələr və 60 yaşdan yuxarı olanlar üçün (mənbə: Axar.az).

Türkiyə təcrübəsindən Azərbaycanda istifadə mümkünmü?

Milli.Az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov "Yeni Müsavat"a bildirdi ki, Avropa da, Türkiyə də bu sistemə addım-addım gəlib çıxıblar: "Hesab edirəm ki, yerli bələdiyyələr nə qədər güclü olsalar, bir o qədər yaxşı olar çünki onlar birbaşa əhaliyə tabedir. Bizdə isə bələdiyyələr faktiki olaraq yoxdur. Azərbaycanda bələdiyyə institutu çox zəifdir. Heç özlərinə aid funksiyaları belə yerinə yetirmirlər. Yaxşı olardı ki, nəqliyyat problemləri bələdiyyələr tərəfindən tənzimlənsin. Lakin buna çox var. Digər tərəfdən bələdiyyələri böyütmək lazımdır. İctimai nəqliyyata nəzarət bələdiyyələrə verilsə, məsələn, bir məntəqədən digər məntəqəyə gedən avtobusa hansı bələdiyyə nəzarət edəcək? Bunu tənzimləməyə ehtiyac olacaq. Amma buna çox var".

Ekspert hesab edir ki, bu gün nəqliyyatda gediş haqqı xidmət xərclərinə uyğun deyil: "Gediş haqqı maya dəyərindən aşağıdır. Dövlət ictimai nəqliyyata dəstək olur. İctimai nəqliyyat xərcini gəliri hesabına bağlamalıdır. Gediş haqqı artırılacaqsa, əhalinin həssas qrupunun çətinlik çəkməməsi üçün ünvanli sosial yardım edilməlidir".

Milli.Az


Etiketlər:  Nəqliyyatda gediş haqqını necə tənzimləməli Türkiyə nümunəsindən çıxan nəticə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ