Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yarışlara gedəndə bilmirdilər hakiməm, yoxsa oyunçu”

“Yarışlara gedəndə bilmirdilər hakiməm, yoxsa oyunçu”

Tarix: 1 Oktyabr 2019 20:04

Azərbaycanın ilk Beynəlxalq dərəcəli qadın şahmat hakimi, Respublika Şahmat mərkəzinin direktor müavini, əməkdar məşqçi, eyni zamanda şahmat dünyasının ilk ən gənc hakimi Ülkər Umudova Qol.az saytına müsahibə verib. "Ağ at" şahmat məktəbinin yaradıcısı müsahibə zamanı karyerası ilə bağlı bir sıra məqamlara toxunub.

- Şahmat  asan oyun növü olmadığı üçün hər kəsin diqqətini cəlb etməyə bilər. Bəs sizin şahmata gəlişiniz necə olub?

- Şahmata gəlişim təsadüfən olub. Özümdən kiçik bacılarımı evimizin yanındakı  dərnəyə aparıb, gətirirdim. Onlarla birgə dərslərdə iştirak edə-edə məndə də şahmata  maraq yarandı. Uşaqlıqdan şahmatçı ola biləcəyim ağlıma gəlməzdi. Çünki mən 12 yaşında ilk dəfə şahmat oynamağı öyrəndim. Bu isə peşəkar şahmatçı olmaq istəyən şəxs üçün bir qədər gec vaxt sayılır.

- Gənc yaşınızda şahmatçı karyeranızı başa vuraraq hakimliyə keçdiniz.  Bu qərarı verməyinizə  səbəb nə oldu?

- Onuncu sinifə qədər peşəkar şahmatçı olmuşam. Bacım Nərgiz Umudova ilə birgə yerli və beynəlxalq turnirlərdə iştirak edirdik. Bu müddətdə Bakı şəhər birinciliyində və beynəlxalq yarışlarda mükafatçı olmuşam. Lakin 11-ci sinifdə  qərar verməliydim: ya şahmatı seçməli idim, ya da universiteti. Peşəkar şahmatçı olmaq üçün böyük zəhmət və  güc sərf etməlisən. Bütün fikrini bu sahəyə yönəltməlisən. Mən də risk etməmək qərarına gəldim və istədiyim ixtisasa sahib olmaq üçün şahmata 1 illik fasilə verdim. Ondan sonra ali məktəbə daxil oldum, ancaq yenə də şahmat məni özünə çəkdi. Şahmata qayıtmaq istəyirdim, çünki öz dostlarımdan, ətrafımdan ayrıla bilmirdim. Şahmatçıların belə bir sloqanı var - “Biz bir ailəyik”.  Mən də şahmat ailəsindən kənar qalmaq istəmirdim. Lakin iştirak etdiyim 2-3 turnirdən sonra gördüm ki, bu vaxta qədər qazandığım reytinqi sürətlə salıram. Ardınca qərar gəldim ki, oyunu dayandırım. Lakin şahmatdan ayrı qalmamaq üçün hakimliyi seçdim.

- Dünyanın ilk gənc hakimisiniz. Bu barədə nə deyə bilərsiniz?

- 2009-cu ildə beynəlxalq dərəcəli hakim oldum. Azərbaycan tarixində ilk qadın beynəlxalq dərəcəli hakim adını aldım. Mənə qədər beynəlxalq dərəcəli qadın hakimimiz yox idi. Dünyada isə  həmin vaxt ən gənc hakim idim.  Mən yarışlara gedəndə çoxu hakim, yoxsa oyunçu olduğumu bilmirdi. Çünki 2-3 il bundan əvvələ qədər mən hələ də oyunçu idim. Hamı elə bilirdi ki, oyunçuyam, amma mən artıq hakimlik karyerama başlamışdım.

- Azərbaycanda son dövrlər hakimliyə maraq artıb. Xüsusilə, qadın hakimlərimizin sayında artım var. Yeni hakimlərə nələri məsləhət görərdiniz?

- Yeni hakimlərə məsləhət görərdim ki, daim öz üzərlərində işləsinlər. Çünki FİDE qaydaları hər zaman dəyişir və yenilənir. Bunları nəzərə alsınlar və həmişə əsl hakim kimi davransınlar.  Hakim kimi qərar vermək çox çətindir. Bir tərəf üçün müsbət qərar verən zaman digər tərəf  sənə qarşı olur. Ona görə də maksimum daha dəqiq qərar verməyə çalışsınlar və heç bir oyunçunun haqqına girməsinlər.



- Bacınız  Nərgiz Umudova ilə birgə çıxardığınız “Addım-addım” kitabı müəllim və şagirdlər tərəfindən  yetəri qədər  bəyənildi.  Bu ideyanın müəllifi kim oldu və gələcəkdə yeni kitablar planlaşdırılırmı?

- “Addım-addım” kitabının müəllifi əslən hollandır. Bu kitabın əsas versiyasını bacım Nərgiz  xaricdə turnirlərin birində görmüşdü. O, kitabı bəyəndiyi üçün Azərbaycana gətirdi. Kitabın metodikası çox xoşumuza gəldi. Çünki bu vaxta qədər elə bir metodika ilə qarşılaşmamışdıq.  Buna görə də bu kitabı biz öz tələbələrimizə yönləndirmək istədik. Lakin müəllif hüquqları baxımından həmin kitabların Azərbaycanda çap edilməsi üçün icazə alınmalı idi. Biz də  bu kitabların müəllif hüquqlarını aldıq, Azərbaycan dilinə tərcümə etdik. Hazırda məşqçilər böyük məmnuniyyətlə, uşaqlar isə sevə-sevə bu kitabdan istifadə edirlər. Azərbaycan şahmatının inkişafında cüzi də olsa, rolumuzun olmağı bizi çox sevindirir.

- Siz eyni zamanda məşqçiliklə də məşğulsunuz. "Ağ At" şahmat məktəbinin yaradıcısınız. Məşqçilik karyeranız necə başladı?

- Hakim olduğum müddətdə periodik olaraq yarışlara qatıldım. Bir neçə ildən sonra – 2003-cü ildə məşqçiliyə başladım. 2014-cü ildə isə biz artıq “Ağ At”ı yaratdıq. Bu məktəbin yaranmasında  Nərgiz Umudovanın da böyük əməyi olub. Hazırda gənc məktəblər sırasında olsaq da, kifayət qədər yüksək nəticə göstərən şahmatçılarımız var. Çox sevindirici haldır ki, artıq “Ağ At” da Azərbaycanın məktəbləri arasında  tanınır. Biz buna dərnək kimi yox, peşəkar şahmat məktəbi kimi nail olduq.

- Azərbaycanda  son illər özəl şahmat məktəblərinin sayı artmaqdadır. Bəs "Ağ At"ı digərlərindən fərqləndirən nədir?

-  “Ağ At” ona görə fərqlənir ki, biz hər bir uşağa fərdi yanaşırıq. Hər bir uşağın probleminə fərdi baxırıq. Mənim bununla bağlı 2003-cü ildən metodikam var. Azyaşlı uşaqlarla çalışmaq üçün gözəl metodikalar üzərində işləyirəm. Yəqin ki, gələcəkdə bu haqda da bir kitabım çıxacaq. Uşaqlara münasibət, psixoloji, pedoqoji  yanaşma tamamilə fərqlidir. Bunun da nəticəsində gələn hər bir tələbəmiz şahmatı sevə-sevə öyrənir. Bunu bir məcburiyyət kimi yox, sevə-sevə edirlər. Belə də  uşaqlar həm böyük zövqlə, həm də peşəkar şəkildə dərs alırlar.

- Şahmatçı, hakim, yoxsa məşqçi olmaq çətindir?

-  Ümumiyyətlə, bütün peşələrdə yaxşı mütəxəssis olmaq  üçün çox əziyyət çəkmək lazımdır. Hər bir sənətin özünün çətin və maraqlı tərəfləri var. Şahmatçı olmaq bir qədər çətindir. Amma hakim olmaq da asan deyil. Hakimin işi ümumiyyətlə çətindir. Çünki sən bir insanın taleyi haqda qərar verməlisən.  Verilən  səhv qərarla isə öz karyeran təhlükə altında qala bilər. Buna görə hakim vəziyyəti maksimum böyük şərh və analiz etməlidir. Fikrimcə, şahmatçı olmayan bir kəs heç zaman hakim ola bilməz. Amma yenə də hər bir sənətin öz çətinliyi var. Məşqçi, müəllim müqəddəs peşədir. Mən məşqçi olmaqdan  zövq alıram. Ümumiyyətlə, hakimlik sənətini də sevə-sevə görürəm. Çünki bu, mənim özümün sevdiyim bir sənətdir. Bu sahədə istədiyim  zirvəyə nail olmuşam. Beynəlxalq dərəcəli hakiməm.  Məşqçilikdən isə bir başqa cür zövq alıram. Çünki mən hər gün uşaqlara yeni bir şey öyrədəndə onun nəticəsini, bəhrəsini görürəm. Onlar istədiyim kimi oynayırlar, o səhvi etmirlər. Uşaqların  uğurunu görəndə  mənim də zəhmətimin olduğunu düşünürəm və bu, insana başqa zövq verir.

- Son illər Azərbaycanda bir çox peşəkar şahmatçılar özlərinə məxsus şahmat məktəbləri açırlar. Bundan başqa, demək olar ki, bütün özəl kurslarda ayrıca şahmat bölməsi yaradılıb. Sizcə, kəmiyyət artımı keyfiyyətə necə təsir edir?

- Düşünürəm ki, bu, sevindirici bir haldır. Bir tərəfdən məktəblər arasında rəqabət yaranır və bu zaman da keyfiyyət təbii ki, artacaq. Digər tərəfdən isə şahmatın Azərbaycanda inkişafına təkan olacaq.  Şahmat ölkəmizdə daha da populyarlaşacaq. Bu kursların açılmasının səbəbi də budur ki, insanlar arasında hal-hazırda şahmat daha populyardır. Bu isə ölkəmizdə intellektual səviyyəyə çox müsbət təsir edəcək.

Aysel  BƏXTİYARLI

 


Etiketlər:  Yarışlara gedəndə bilmirdilər hakiməm yoxsa oyunçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ