Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2022 20:08
"Oyun heç də asan keçmədi. Yaxşı başladıq. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bu, meydanda görünürdü. İkinci hissədə rəqib topla daha çox oynadı. Amma əks-hücumlarda yaxşı imkanlarımız oldu. Təəssüf ki, əksər matçlardakı kimi şanslardan istifadə edə bilmədik. Komandadan razı qaldım".
Bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 9-cu turunda evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
" Bizi narahat edən məqam futbolçuların zədələnməsidir. Emil Balayevi məcburən əvəzlədik. Ruslan Hacıyevi zədəsinə start heyətdə meydana buraxmamışdıq, amma risk edib oynatdıq, zədəsini yenilədi. Bu gün top rəqibdə daha çox olsa da, müdafiə xəttimiz onlara qol imkan vermədi. Bu qələbə bizə lazım idi. İrəli baxacağıq. Futbolçuları təbrik edirəm" - deyə o bildirib.
M.Qurbanov komandasının ilk dövrədəki çıxışı haqda da danışıb: "Nəticə baxımından yaxşı deyil. Xalımız 8 yox, daha çox olmalı idi. Amma oyun, qol epizodları cəhətdən problem yoxdur. Sadəcə, müdafiədə fərdi səhvlərimiz bizə baha başa gəldi. Buna baxmayaraq, komandadan razıyıq. Futbolçular məşqlərdə və oyunlarda əllərindən gələni edir. Qarşıda 3 dövrə var, hazırlaşacağıq".