Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 09:10
44 günlük Vətən müharibəsinin ildönümünü yaşayırıq. Şəhidlərimizin xatirəsini anırıq, qazilərimiz üçün dua edirik, qəhrəman ordumuzun düşmən tapdağından azad etdiyi ərazilərimizin siyahısını təkrar-təkrar dərc etməkdən zövq alırıq. Necə deyərlər, bir gözümüz gülür, bir gözümüz ağlayır, Vətən torpaqlarımızı igidlərimizin qanı, canı bahasına əldə etdik, yağılardan təmizlədik.
Bu günlər həm də düşmənin xain, alçaq hücumları nəticəsində həlak olan dinc sakinlərimizi xatırlayırıq. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1018 təsərrüfata ziyan dəyib.
İşğalçı Ermənistanın vay-şivəninə uyub, Azərbaycanı günahlandırmaq üçün bəhanələr uyduranlar hələ ki, bu faktlara kor olmaqdadırlar. İlk dəfə deyil ki... Azərbaycanın başına Xocalı, Malıbəyli, Bağanis Ayrım, Başlıbel, Meşəli, Qaradağlı, Kərkicahan...müsibətlərini gətirən erməni faşistlərinin çaldığı haya o qədər oynayıblar ki... Unutmamışıq, 2016-cı ilin aprel döyüşlərindən sonra işğalçının torpaqlarımızda törətdiyi cinayətləri görməzdən gələn beynəlxalq ermənisifətlilər Talış kəndində bəlkə də elə daşnakların öz zavalına gəlmiş qoca ər-arvadın meyitinin şəkillərini başlarının üstündən asmışdılar, Azərbaycanı ittiham etmək üçün.
44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri təkcə Gəncə şəhərini 5 dəfə - 4, 5, 8, 11, 17 oktyabrda raketlərdən və ağır artilleriya qurğularından atəşə tutdular. Bu, alçaq hücumlar nəticəsində 26 nəfər dinc sakin həyatını itirdi, 175 nəfər yaralandı, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Amma bir beynəlxalq təşkilat, bir aparıcı dövlətlərin paytaxtlarından Ermənistana təpki gəlmədi. Erməni terrorçularının "dərhal" (?!) azad olunmasından ötrü Azərbaycana təzyiq edən təşkilatların dili qarnına girdi Gəncənin, həmçinin Bərdənin, Naftalanın, Tərtərin, Yevlaxın raket atəşinə tutulması zamanı...
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, Gəncənin bombardman edilməsinin ikinci ilinin tamamında paytaxt Kiyev və Ukraynanın digər iri şəhərləri raket atəşinə tutulur. Çox təəssüf ki, dinc sakinlər həlak olur, uşaqlar, qadınlar, qocalar, müharibəyə heç bir aidiyyatı olmayan sivillər... Beləcə, müharibə cinayətləri davam edir başqa bir məkanda.
İki il əvvəl, gəncəlilər yatdıqları yerdə raket zərbəsilə qətlə yetirilən zaman erməni faşistlərinin cavabı beynəlxalq aləm tərəfindən verilsəydi, bəlkə də bu gün eyni hadisələr Ukraynada yaşanmazdı. Amma o vaxt Ermənistan rəhbərliyi hər hansı təpki görmədiyi üçün hətta Gəncəyə hər hansı raket atmadığını iddia etdi həyasızcasına. Və başqa bir həyasızlıq oldu: Qarabağdakı terrorçu rejimin başçısı Arayik Arutyunyan Gəncənin raketlə vurulması əmrini şəxsən verdiyini iddia etdi. Sadəcə, diqqəti yayındırmaq üçün. Amma nə onun saxta iddiasına, nə də Ermənistandakı faşist rejimin, qaniçən ordunun müharibə cinayətlərinə beynəlxalq təpki gəlmədi...
Azərbaycan Gəncə və digər şəhərlərimizin bombardman edilməsinə necə reaksiya verdi? Ölkə rəhbərliyinin mövqeyi bundan ibarət oldu ki, Ermənistanın cinayətlərinə adekvat reaksiya verilməyəcək, dinc sakinlər hədəf seçilməyəcək, ancaq hərbi hədəflər vurulacaq. Amma Azərbaycanın bu cür kişiyana mövqeyi də yetərincə dəyərləndirilmədi, gözardı edildi.
Baxın, Rusya prezidenti Putin Ukraynaya bu günkü kütləvi raket zərbələrinin məqsədini açıqlayıb. Təhlüksizlik Şurasının iclasında deyib ki, Ukraynanın energetika obyektlərnə və hərbi idarələrinə dəniz və yerüstü bazalardakı dəqiq zərbəli uzaq məsafəli silahlardan kütləvi zərbə Rusiya Müdafiə Nazirliyinin təklifi və Baş Qərargahın planı üzrə endirilib. Putin deyib ki, Rusiya ərazisində terror aktlarına cəhd davam edəcəyi təqdirdə cavab sərt və təhlükəyə bərabər səviyyədə olacaq.
Krım körpüsünün partladılmasının qarşılığında Ukraynanın iri və neçə müddətdir stabil həyatını yaşayan şəhərlərini cəhənnəmə döndərən Rusiya lideri nə həlak olan, nə yaralanan çoxsaylı mülkilərin faciəsinə məhəl qoymayıb çox təəssüf ki... Axı, uşaqların, qadınların, qocaların nə günahı? Bu sual kimlər üçünsə yersiz görünə bilər. Amma...
Ermənistan 13 sentyabr gecəsi Kəlbəcər-Laçın istiqamətində təxribatçı hücuma keçdi və ordumuzun cavab zərbəsi ilə burnu ovuldu. Amma bundan sonra yenə də Ermənistanın şivəninə səs verən dairələr sərhəd bölgəsinə müşahidəçi göndərmək üçün növbəyə düzüldülər. KTMT müşahidəçiləri gəldi, baxdı, getdi. Sonra "Rus NATO"-sununun baş katibi Zas şəxsən bölgəyə gəldi, ermənilərin guya dağılmış, güllə izləri olan evlərini monitorinq elədi. Praqa görüşünün də yekununda Avropa Birliyi özünün iki aylıq müşahidə missiyasını göndərməyə qərar verdi. Hələ ondan başqa Ermənistanda olan diplomatik korpusun da səsi Basarkeçərdən gəldi. Nə olub, nə hay-həşirdir? Ermənistan öldüyü yerdə ölsün, 2020-ci ilin 10 noyabr anlaşmasına əməl etsin, Naxçıvana yolumuzu açsın, Qarabağdakı terrorçularını rədd eləsin, eyni zamanda hələ dəqiqləşdirilməyən sərhəd bölgəsində əlini tətikdən çəksin, Azərbaycan da cavabını verməsin!
Bunu deyən yoxdur, bir qayda olaraq cavab zərbəsi endirən Azərbaycana təzyiq bəhanəsi axtarırlar. Bir anlıq düşünmürlər ki, axı, Azərbaycan əsgərinin Zərkənd, yaxud Zod kəndinin sakinlərini niyə hədəf seçsin? Azərbaycan ordusu dinc sakinləri hədəfə alsaydı, elə Gəncədə körpələr yatdığı yerdə qətlə yetiriləndə Ermənistanın Qafan, Qarakilsə, Gorus, Mehridəki...yaşayış məntəqələrini yer üzündən silərdi, özü də təkcə Qərb bölgəsindən yox, həm də İrəvanın 50 km-liyindəki Naxçıvandan!!! Lakin qeyd etdiyimiz kimi, Azərbaycan kişi dövlətdir, arvad-uşaqdan qisas almır, qadını, qocanı yatdığı yerdə öldürmək onun işi deyil, Azərbaycan əsgəri qisası döyüş meydanında alır, özü də düşmən silahı yerə qoyana qədər!
İri dövlətlərin, dünyaya ağalıq etmək iddiasında olan lider(lər)in dinc sakinləri hədəfə almaqdan zövq almasını izləmək çox üzücüdür...Azərbaycan savaşın ən qanlı çağında Qarabağda yaşayan mülki ermənilərə silah çevirmədi, hədəf seçmədi, evlərini dağıtmadı. Hətta ovcunun içərisində olan xankəndidəkilərə də...
Böyüklük ərazi və say çoxluğu ilə bağlı deyil...