Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Get “c”, “ç” hərflərini deməyi öyrən, sonra gəl sənə mahnı öyrədim...” - ATMACA

“Get “c”, “ç” hərflərini deməyi öyrən, sonra gəl sənə mahnı öyrədim...” - ATMACA

Tarix: 13 Oktyabr 2022 12:35

"Bu saat efirlərdə səviyyəli musiqilər, mahnılar üçün mübarizə aparırıq. Biz o dövrün müğənniləriyik, o vaxt sənətə qiymət verilirdi. Zay, elə-belə oxuyanları efirə buraxmırdılar. Səsimiz də var, canlı da oxuyuruq. "Gecikmiş məhəbbət" mahnısını 17 yaşımda oxumuşam, indi də sevilir. O zaman bu mahnı ilə qol vurmuşdum. Xalq artistləri var ki, fonoqramı bir-birinə calayıb oxuyurlar. Bu gün uşaqlar yanıma gəlir ki, mahnı oxumaq istəyirik. Deyirəm ki, get "c", "ç" hərflərini deməyi öyrən, sonra gəl sənə mahnı öyrədim. Nə yaxşı idmanla məşğul ola bilirsiz, bunu məşq edə bilmirsiz?! Trenajoru dilinizdə işlədin, dilinizdə nöqsan var. Müğənninin oxuyan yeri onun səsidir".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Şəbnəm Tapdıq deyib. O daha sonra əlavə edib.

"Sənətdə kimisə təkrarlamaq olmaz. Səhnəyə gəlirsənsə sənin öz yolun olmalıdır. Kimisə təkrar edirsənsə demək ki, öz yolun yoxdur. Bəzən görürəm ki, kimisə təqlid edirlər, kiminsə səsi ilə oxuyurlar. Çinarə Məlikzadəni, Aygün Şükürovanı çox bəyənirəm. Onların öz dəst-xətti var. Rəşid Behbudov o vaxt məni Mahnı Teatrına dəvət etmişdi Məndən soruşdu ki, hansı mahnıları ifa edə bilərsən? Həm rusca, həm farsca, həm fransızca mahnılar oxudum. Dedi ki, sən mənim davamçımsan. O mənada ki, o da müxtəlif dillərdə oxuyurdu" deyə sənətçi bildirib.

Şəbnəm Tapdıq bildirib ki, 4 il Türkiyədə yaşayıb.

"İfa etdiyim mahnılar Atatürkün dinlədiyi mahnılardır. Mən onları məxsusi seçirəm. Türk sənət musiqisini dərindən bilirəm. Türk mahnılarına müraciət etməyim əbəs yerə deyil. 4 il Türkiyədə yaşamışam. O vaxt konsertdən sonra məni buraxmadılar, dedilər ki, burada qalıb, bizimlə işləyin. Atam da mənə görə 4 il orada qaldı. Anam zəng edirdi ki, "darıxıram, gəlin daha" deyə müğənni bildirib.

Müğənni  formada qalması ilə bağlı suala da cavab verib.

"İnsanı bağa bənzədirəm. Atalar deyib ki, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. İnsan özünə baxmalıdır. İndiki yaşıma görə kök, artıq çəkili ola bilərdim, amma özümə baxdığım üçün hər zaman formadayam. Amma illər keçib, köhnə şəkillərə baxanda qocaldığımı hiss edirəm. Yenə də çalışıram ki, özümü formada saxlayım" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Get c ç hərflərini deməyi öyrən sonra gəl sənə mahnı öyrədim ATMACA


RƏYLƏR