Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 12:52
Avropa İttifaqının Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına texniki heyət göndərmək qərarı gözlənildiyi kimi Rusiyada narazılıqla qarşılanıb. Bu ölkənin mediası yazır ki, Aİ-yə daxil olan ölkələrin XİN rəhbərlərinin Lüksemburqda görüşdən dərhal sonra problemlərin monitorinqi üçün Cənubi Qafqaza heyət göndərməsi suallar doğurur.
"Nezavisimaya qazeta" belə operativliyin arxasında müəyyən maraqların durduğunu, ümumiyyətlə missiyanın real effekt verə biləcəyinə inanmır. Qəzet yazır ki, Aİ tərəfindən missiyaya "yaşıl işıq" yandırıldıqdan dərhal sonra operativ şəkildə heyətin göndərilməsi anlaşılan deyil: "Nə qədər qəribə də olsa, Aİ Ermənistana Gürcüstan ərazisindəki missiyasından heyət daxil edib. İndiki şəraitdə onun heyətinin yerləşdirilməsi xoşagəlməz analogiyaya gətirib çıxarıb".
Əlavə edilir ki, "missiyanın Ermənistanda yerləşdirilməsi Fransa prezidenti Emmanuel Makronun qalmaqallı bəyanatları ilə müşayiət olunub və o, Bakı ilə İrəvan arasında mövcud çəkişmələrə "Rusiya amili"ni də əlavə edib: "Onun bəyanatları qeyri-adi görünürdü və Avropa müşahidəçi missiyasının nəyə deyil, kimə qarşı yönəldiyi sualını doğurdu. MDB sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin Fransa prezidentinin fikirlərini yanlış və qəbuledilməz adlandırıb".
Kremlə yaxınlığı ilə seçilən nəşr Ermənistanı da hədəfə alıb. Qeyd olunur ki, "İrəvan əvvəllər də müxtəlif səviyyələrdə Qərbin fəal dəstəyinə müraciət etmək və Moskva ilə birlikdə mənsub olduğu KTMT-nin effektivliyini şübhə altına almaq üçün birmənalı cəhdlər edib. Ancaq bu dəfə səylər xüsusilə bəlağətli oldu. Nikol Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi, görünür, Rusiya və müttəfiq strukturların bütün qiymətləndirmələrinə məhəl qoymamaq qərarına gəlib".
Azər Nuriyev