Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 10:58
İki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. O bildirib ki, rayonun Xolmilli kəndindən olan M.Bağırov ilkin ehtimallara görə, məktubu ölümündən bir neçə dəqiqə əvvəl yazıb və sonra yarımtikiliyə gedərək özünü asıb. Üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyət də edən həkim ölümündə tanışını günahlandıraraq onu intihara vadar etdiyini iddia edib: "Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980 000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pulları mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Axırda məni "Bandotdel" ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi".
Məlumata görə, M.Bağırov məktubda ailə üzvlərinə vəsiyyət edəndən sonra intiharına görə anasından üzr istəyib.
Qeyd edək ki, bir müddət əvvəl M.Bağırovun ailəsi "Qafqazinfo"ya açıqlama verərək onun təhdid edildiyini bildirmişdi. Ailəsi Müşfiqin boynuna külli miqdarda pul qoyulduğunu və həmin vəsaiti ödəməyə məcbur edildiyini bildirib.
Digər məlumatlarda isə M.Bağırovun biznes fəaliyyəti də göstərdiyi və Rusiyaya xeyli miqdarda mal göndərdiyi, lakin malın pulunu geri ala bilmədiyi qeyd edilir.
Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə (Cinayət Məcəlləsinin 125-ci maddəsi - Özünü öldürmə həddinə çatdırma) istintaq davam edir.