Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 20:40
Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısında ilk "üçlük"də yer alan güləşçilərə veriləcək pul mükafatının məbləğini açıqlayıb.
Dünya sıralamasındakı mövqelərinə əsasən, Azərbaycanın 10 güləşçisi də mükafat əldə edib.
İli lider kimi tamamlayan yunan-Roma güləşçilərindən son dünya çempionu Eldəniz Əzizli (55 kq), mundialın bürünc mükafatçıları Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və gümüş mükafatçı Ülvi Qənizadə (72 kq) 5 000 dollar qazanıblar.
Digər "klassiklər"dən Rafiq Hüseynov (82 kq) 3 000 dollara yiyələnib. Murad Məmmədov (60 kq) və son mundialın daha bir bürünc mükafatçısı Arif Niftullayev (97 kq) isə üçüncü olub və hərəyə 2 000 dollara sahib çıxıblar.
Sərbəst güləşçilərdən son DÇ-nin bürünc mükafatçıları Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) 3-cü olaraq müvafiq məbləğə yiyələniblər.
Qadın güləşçilərdən isə yalnız Elis Manolova (65 kq) fərqlənib. O, ikinci yerdə qərarlaşıb və 3 000 dollara sahib çıxıb.
Beləliklə, Azərbaycan güləşçiləri toplam 34 000 dollar qazanıblar.
Qeyd edək ki, xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən verilir.