Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da "topal ördək" dövrü başlayır: Tramp Baydeni intiqam və impiçmentlə hədələyir

ABŞ-da

Tarix: 10 Noyabr 2022 08:52

ABŞ-da keçirilmiş parlament seçkilərinin ilkin nəticələri Bayden administrasiyası üçün "yarımçıq və ya natamam hakimiyyət" statusu vəd edir... ABŞ-ın siyasi-iqtisadi sistemində yaşanan kəskin qarşıdurma ucbatından, bu superdövlətin siyasi elitası Ukraynanı da daxili mübarizəyə qurban verə bilər...

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-da keçirilən parlament seçkiləri beynəlxalq gündəmin əsas mövzusudur. Çünki, bu seçkilərin yekun nəticələri dünyada cərəyan edən bir çox önəmli proseslərə birbaşa təsir göstərə bilər. Və xüsusilə də, ABŞ-ın xarici siyasət prioritetlərinə, prinsipial hədəflərinə müəyyən düzəlişlərə səbəb ola biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, hazırda ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyası Konqresdə mütləq üstünlüyə sahibdir. Ona görə də, Bayden administrasiyası xarici siyasət prioritetlərini müəyyən edərkən, ABŞ Konqresində elə bir ciddi müqavimətlə üzləşmir. Yəni, Bayden administrasiyasının ABŞ Konqresinə göndərdiyi əksər qanun layihələri dəstək qazanır, təsdiqlənir.

Ancaq ABŞ Konqresində qüvvələr nisbəti Respublikaçılar Partiyasının xeyrinə dəyişərsə, Bayden administrasiyasının olduqca ciddi problemlərlə üzləşəcəyi elə indidən məlumdur. Son məlumatlara görə, demokratlar parlament seçkilərini uduzublar. Respublikaçılar demokratların mütləq hakimiyyətinə ortaq olmağı bacarıblar. Parlament seçkilərinin yekun nəticələri dəqiqləşdikdən sonra ABŞ-da ümumi siyasi mənzərə də aydınlaşmış olacaq.

Hələlik isə ilkin nəticələrə görə, Respublikaçılar ABŞ Konqresinin Nümayəndələr Palatasında təxminən 200 deputat yeri qazanmış kimi görünürlər. Senatdasa, Respublikaçılar yerlərin təxminən yarısını ələ keçirtmək üzrədirlər. Və bu nəticələr səslərin hamısı sayıldıqdan sonra dəyişə bilər.

Bütün bunlara baxmayaraq, ABŞ-da ermənipərəst demokratların mütləq hakimiyyətinə son qoyulacağı qətiyyən şübhə doğurmur. Hazırda ABŞ cəmiyyətində demokratların, o cümlədən, prezident Co Baydenin reytinqi ciddi şəkildə aşağı düşməkdə davam edir. ABŞ seçiciləri Bayden administrasiyasının dünyada münaqişə ocaqlarının artırılmasına indeksləşən, sosial-iqtisadi vəziyyəti ağırlaşdıran, "böhranlar zənciri" yaradan daxili və xarici siyasət kursundan narazıdırlar. Və respublikaçılar bu narazılıqdan məharətlə istifadə edə biliblər.

Məsələ ondadır ki, respublikaçılar Bayden administrasiyasını Ukrayna savaşını törətməkdə, ABŞ-ın maliyyə-iqtisadi resurslarını Rusiya ilə müharibəyə sərf edərək, vətəndaşların sosial vəziyyətini ağırlaşdırmaqda suçlayırlar. Hətta bəzi ehtimallara görə, parlament seçkilərinin nəticələri rəsmiləşdikdən sonra ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyinin zəifləyəcəyi gözlənilir. Və bu baxımdan, Bayden administrasiyasının daha sürətlə, tez-tələsik bəzi addımlar atmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, ABŞ-da Konqresin və Senatın yeni üzvləri yanvar ayından fəaliyyətə başlayacaqlar. Bayden administrasiyası həmin vaxta qədər səlahiyyətli olan indiki parlamentdə Ukraynaya ayrılacaq maliyyə və hərbi yardımları təsdiqlətmək məcburiyyətindədir. Əks halda, yeni parlamentdə Bayden administrasiyasının bu barədə müraciətinin geri qaytarılma ehtimalı da mövcuddur.

Belə anlaşılır ki, keçmiş prezident Donald Tramp indiki Ağ Ev sahibi Co Baydendən "siyasi intiqam" almaq, hətta revanş şansı qazanmaq üzrədir. Əslində, prezident Co Baydenin hakimiyyəti dönəmində Donald Tramp Ağ Ev sahibinə qarşı ən sərt ittihamlar səsləndirən əsas rəqib statusunu qoruyub, saxlamışdı. Və bu, Donald Trampın hakimiyyətdə olduğu dönəmdə demokratların, o cümlədən də, prezident Co Baydenin davranışlarına adekvat cavab reaksiyası kimi dəyərləndirilir.

Məsələ ondadır ki, D.Tramp hakimiyyətdə olduğu bütün dövr ərzində demokratlar tərəfindən Rusiyanın "seçdirdiyi prezident" suçlamasından heç cür xilas ola bilməmişdi. Onun haqqında ABŞ Konqresində xüsusi araşdırma komissiyası yaradılmışdı. Demokratlar öz ittihamlarını sübuta yetirə bilməsələr də, hər halda, prezident postundakı D.Trampa qarşı bir neçə dəfə uğursuz impiçment cəhdi göstərmişdilər.

Nə qədər qəribə də olsa, Bayden administrasiyası indi analoji situasiya ilə üzləşmək təhlükəsinə yaxınlaşırlar. Belə ki, D.Tramp və tərəfdarları hələ də prezident Co Baydeni "saxta seçkilər" sayəsində hakimiyyəti ələ keçirtməkdə suçlamaqda davam edirlər. Eyni zamanda, respublikaçılar hesab edirlər ki, Bayden administrasiyasının daxili və xarici siyasət kursu ABŞ-ın mövcudluğunu təhdid edir. Və bu səbəbdən də respublikaçılar ABŞ Konqresində üstünlük qazanacaqları təqdirdə, prezident Co Baydenə qarşı impiçmentin tətbiqini vəd edirlər.

Göründüyü kimi, Bayden administrasiyasını müəyyən mənada, çətin dövr gözləyir. Hazırda ABŞ cəmiyyətində parçalanma və ziddiyyətlər ən böhranlı həddə çatıb. ABŞ-ın siyasi-iqtisadi sistemində yaşanan bu qarşıdurma Ukrayna savaşına da birbaşa təsir göstərə bilər. Yəni, ABŞ-ın siyasi elitası daxili mübarizə ucbatından Ukraynanı da qurban verə bilər. Və bu məsələ ilə bağlı vəziyyət böyük ehtimalla yaxın bir neçə ay ərzində aydınlaşmağa başlayacaq.

Ümumiyyətlə, belə anlaşılır ki, Bayden administrasiyası ABŞ Konqresinə nəzarəti itirmək üzrədir. Əgər, bu, baş verərsə, onda prezident Co Baydenin "topal ördək" durumuna düşə biləcəyi qətiyyən şübhə doğurmur. Belə ki, Bayden administrasiyası ABŞ-ın daxili və xarici siyasət prioritetlərindən qaynaqlanan müxtəlif qərarlar qəbul edəcək. Ancaq həmin qərarlar ABŞ Konqresində təsdiqlənməyəcək. Nəticədə Bayden administrasiyası ciddi problemlərlə üzləşəcək.

Təbii ki, bu, Bayden administrasiyası üçün "yarımçıq və ya natamam hakimiyyət" statusu vəd edir. ABŞ siyasi dairələrində belə situasiyanı adətən, "topal ördək" statusu adlandırırlar. Belə anlaşılır ki, prezident Co Bayden əgər, impiçment ucbatından Ağ Evi tərk etmək məcburiyyətində qalmazsa, istənilən halda, hakimiyyətinin geri qalan dövrünü "topal ördək" statusunda yekunlaşdırmalı olacaq.

Milli.Az


Etiketlər:  ABŞ da topal ördək dövrü başlayır Tramp Baydeni intiqam impiçmentlə hədələyir


RƏYLƏR