Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atam aktrisa olmağıma qarşı çıxdı, anam isə..."

Tarix: 16 Noyabr 2022 19:15

"Vaxtilə yaradıcılığımda elə seriallar olub ki, mən çəkilməməli idim, amma mən də əksəriyyət kimi maddiyat arxasınca qaçmışam, çəkilmişəm. Bütün bunların kökündə yenə də maddiyat dayanır. Bu gün artıq o seriallarda çəkilmərəm. Bilmirəm ki, niyə mənə bir qədər qərəzli, mürəkkəb, sərt obrazlar verirlər. Teatrda da bu cür obrazlarım olub. Sərt obrazları oynamaq maraqlıdır. Mən ümumiyyətlə özüm-özümə kənardan baxıb, gülməyi sevən insanam"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Zemfira Əbdülsəmədova deyib. O daha sonra əlavə edib.

"Biz elə tərbiyə olunmuşuq ki, hər zaman "olmaz", "nə deyərlər?" sözlərini önəmsəmişik. Bu yaxşı hal deyil. İnsanın təmizliyi qəlbində, içində olsun. Əgər filmlərdə istifadə olunan söyüşlər qulağı deşmirsə, açıq-saçıq səhnələr insanlarda ikrah hissi yaratmırsa buna pis baxmaram. Amma özüm heç vaxt çəkilmərəm. Bizim tamaşaçıların açıq-saçıq səhnələri həzm etməsi üçün uzun illər lazımdır. Texniki baxımdan alınmamasının kökündə də bu dayanır. Çünki aktyor və aktrisalar utana-utana, çəkinə-çəkinə oynayırlar. Sabah tənqid olunacaqlarından qorxurlar. Ona görə də bu cür səhnələri oynamaq üçün xaricdən aktrisalar dəvət edirlər" deyə aktrisa bildirib.

Zemfira Əbdülsəmədova atasının vaxtilə ona narazılıq etməsindən də  danışıb.

"Atam qətiyyən aktrisa olmağıma razı deyildi. Baxmayaraq ki, kinoya məndə məhəbbəti o yaratmışdı. Anam mənə kömək etdi, arxamda durdu. Onun sayəsində aktrisa oldum" deyə o bildirib.

Aktrisa vaxtilə Musiqili Teatrda çalışdığı Nəsibə Zeynalova və Hacıbaba Bağırovdan da danışıb.

"Vaxtilə onlarla çalışmaq mənə indi teatr və kinoda obrazları daha yaxından hiss etməyə kömək etdi. İlk növbədə onların davranışı, səhnəyə olan sayğısı, hörməti, münasibəti... O qədər böyük aktyorlar idi ki, amma səhnəyə bilirsiniz necə baxırdılar? Çox təmiz bir yer kimi. Orada heç bir səhv etmək olmaz. Özlərinə heç bir səhvi bağışlamazdılar. Mən də onlardan bunları götürdüm" deyə aktrisa bildirib.

Aktrisa gənclərə tövsiyyələrini də verib.

"Əgər sənin yaşam tərzin səni qane edirsə, bundan çətinlik çəkmirsənsə, özünə güvənirsənsə artıq uğurun var. Birinci növbədə güvəndir. Mən bunu edə bilərəm. İşə də, ailəyə də ağılla yanaşmaq lazımdır. Hisslərə qapılmaq olmaz. Elə obrazlarım var ki, övladlarım mənə pərəstiş də edirlər. Onlar məni ana kimi sevirlər, amma aktrisa kimi də başqa bir sevgi göstərirlər. Sənət xanımı olmaq fədakarlıq istəyir. Bunu da hər insan bacarmır" deyə sənətçi bildirib.

Milli.Az


Etiketlər:  Atam aktrisa olmağıma qarşı çıxdı anam isə


RƏYLƏR