Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 21:03
Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normal halda qadınlarda 20 kub sm həcmində olur və gözlə görünmür, kişilərdə isə 25 kub sm həcmində olaraq xirtdək şəklində seçilir.
Qalxanvari vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir - maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanvari vəzi ümumi hormonal sistemin "dirijoru" adlandırırlar.
Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir - sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi və s. zərər çəkir.
Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam "zob" adlandırır. Bu söz isə rus dilində "çinədan" mənasını verir - boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin əlamətidir.
Boğaz urunun növləri
Qalxanvari vəzin böyüməsi fonunda onun funksiyası və müvafiq olaraq qanda tireoid hormonların miqdarı həm arta, həm azala, həm də normal səviyyədə qala bilər.
Buna əsasən boğaz urunun aşağıdakı növləri mövcuddur:
1. Diffuz endemik ur zamanı qalxanvari vəzin böyüməsi və hipotireoz, yəni tireoid hormonların çatışmazlığı qeyd olunur. Boğaz urunun bu növü başqalarına nisbətən daha çox rast gəlinəndir və əsas səbəbi də qida və suda yod çatışmazlığıdır. Həmin çatışmazlıq adətən müəyyən yerli amillərlə, xüsusən də istifadə olunan su ilə əlaqəli olduğu üçün xəstəlik də "endemik", yəni müəyyən ərazidə yayılmış adlanır. Diffuz endemik zob Azərbaycanın bəzi rayonlarına da xasdır.
2. Diffuz toksik ur zamanı isə həm qalxanvari vəzin ölçülərinin, həm də tireoid hormonların artması qeyd olunur. Bu vəziyyət hipertireoz və ya tireotoksikoz adlanır.
3. Düyünlü toksiki ura da hipertireoz xasdır, lakin bu xəstəliyin diffuz növündən fərqli olaraq qalxanvari vəzin bütün ölçüləri artmır - bəzi hissələr böyüyərək qalınlaşır və bu hissələrə də düyünlər deyilir. Onların sayından asılı olaraq birdüyünlü və ya çoxdüyünlü ur mövcuddur.
4. Qalxanvari vəzin həcminin artması fonunda fəaliyyətinin və müvafiq olaraq tireoid hormonların səviyyəsinin norma daxilində olması eutireoz adlanır. Belə hal hamiləliyə və ya qalxanvari vəzin iltihabına xasdır.
5. Qalxanvari vəzin böyüməsi onda əmələ gələn kistalar, yəni içi özlü maye ilə dolu kiçik qabarcıqlar hesabına da ola bilər. Bu hal kistalı ur adlanır. Kiçik kistalar adətən heç bir narahatlığa səbəb olmur, lakin kistanın iltihablaşması və ya irinlənməsi hərarət və boğazın ön səthində ağrılara səbəb olur ki, bu hala da olduqca ciddi yanaşılmalıdır.
Boğaz urunun səbəbləri
Bu xəstəliyin müxtəlif növlərinin səbəbləri də müxtəlifdir.
Ən çox yayılmış olan endemik diffuz urun əsas səbəbi qəbul edilən qida və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur - yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur. Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod almaq üçün qalxanvari vəzin həcmi artır. Azərbaycanda bu xəstəliyin aktuallığı da bəzi ərazilərimizə xas olan yod qıtlığı ilə bağlıdır.
Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqəlidir.
Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi rəqəmlərə əsasən yoda gündəlik tələbat aşağıdakı kimidir:
- 5 yaşına qədər uşaqlar - 80-100 mkq dək;
- 12 yaşına qədər uşaqlar - 130 mkq dək;
- böyüklər və 12 yaşından sonra uşaqlar - 160 mkq dək;
- hamilə və uşaq əmizdirən qadınlar - təqribən 200 mkq.
Diffuz endemik urun digər səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:
- qeyri-qənaətbəxş ekoloji vəziyyət - məsələn, organizmə daxil olan toksiki maddələr qalxanvari vəzin fəalığını azaldır;
- tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması (balıq, süd, yumurta, yağ, mal əti, portağal, lumu, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma, sarımsaq, turp, çuğundur, kartof, kök, pomidor);
- irsiyyət.
Diffuz toksiki urun əsas səbəblərindən orqanizmdə xüsusi anticismlərin əmələ gəlməsidir. Bu xəstəliyin digər adı Bazed xəstəliyidir. Müəyyən olunmamış səbəbdən immun sistemi tərəfindən hasil olunan bu anticismlər qalxanvari vəzin fəaliyyətini artırır. Yuxarıda qeyd edildiyi kimi, tireoid hormonların səviyyəsinin normadan artıq olması "hipertireoz" və ya "tireotoksikoz" adlanır. Diffuz toksiki urun digər səbəbləri tireoid hormon tərkibli dərman preparatlarının artıq dozada qəbulu, irsiyyət, mənfi ekoloji vəziyyətdir.
Düyünlü urun səbəbi dəqiq bilinməsə də, irsiyyət, radiasiya, toksiki maddələrin mənfi təsiri təxmin edilir. Xəstəliyin bu növünün əsas təhlükəsi isə qalxanvari vəzdə əmələ gələn düyünün bədxassəli şişə çevrilmə ehtimalıdır.
Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Qazanılmış kistaların səbəblərindən iltihabi proses, onkoloji, yəni şiş xəstəliyini və s. göstərmək olar.