Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 17:33
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 629-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 629-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 211-ci maddəsinin birinci hissəsinin beşinci abzasına uyğun olaraq, hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin və həmin hissənin altıncı abzasına uyğun olaraq, hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahılarını və onların tətbiqi qaydalarını üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 629-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
- "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasından "241-ci maddəsinin altıncı hissəsində," sözləri çıxarılsın.