Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaş senzi tamamilə ləğv olunmalıdır, təhsilimiz, səhiyyəmiz görün nə günə düşdü...''

''Yaş senzi tamamilə ləğv olunmalıdır, təhsilimiz, səhiyyəmiz görün nə günə düşdü...''

Tarix: 10 Dekabr 2022 14:35

Günlərdir mətbuatda müzakirə olunan məsələlərdən biri də aktyorların yaş senzi mövzusudur. Ötən gün isə mətbuatda xalq artistləri Səidə Quliyeva, Ramiz Məlik və Hacı İsmayılovun çalışdıqları AZDRAMA-dan çıxarıldığı xəbəri yayılıb.

Milli.Az xəbər verir ki, moderator.az-a açıqlama verən xalq artisti Ramiz Məlik yayılan xəbərləri kökündən yalanlayıb.

"Bu xəbərləri bilmirəm kimlər, hardan çıxarır? Bizi heç kim teatrdan çıxarmayıb. Teatrda yaradıcılıqla məşğuluq. Bu xəbərləri yalandan yazan insanlar yaxşı olar ki, gəlib tamaşalarımıza baxsınlar. Görsünlər ki, yaşlı nəslin nümayəndələri səhnədə necə oynayırlar?! Mətbuat katibimiz də bu xəbərlərin yalan olduğunu bildirib. Bir sayt yazır, digərləri bu yalan xəbəri tirajlayır. Yaşlı nəsil, orta nəsil və gənc nəsil teatrda əsas sütundurlar. Bunu ləğv etmək olmaz. Biz də vaxtilə korifey aktyorlarla tərəf müqabili olmuşuq. Teatrda hər zaman üç nəsil olub. Bu olmasa sənət ocağı inkişaf edə bilməz", - deyə sənətkar bildirib.
 
Xalq artisti sənətkarların yaş senzinə görə teatrlardan uzaqlaşdırılmasını dəstəkləmədiyini bildirib.
 
"Yaş senzi bizdən başqa heç bir dövlətdə yoxdur. Bu düşünülməmiş bir addımdır. Təhsildir, səhiyyədir, mədəniyyətdir. Mədəniyyət çalıb oynamaq, teatr və kinodan ibarət deyil. Mədəniyyət qlobal bir məvhumdur. Mədəniyyətin içərisində incəsənət qolu var. O qolun da teatrı, kinosu, musiqisi var. Siyasətdə, iqtisadiyyatda, hərbidə-bir sözlə hər bir sahədə mədəniyyət olmalıdır. Mədəniyyət olmasaydı biz inkişaf edə bilərdik? 44 günlük müharibədə qalib ola bilərdik? Yaş senzi tamamilə ləğv olunmalıdır. Təhsilimiz, səhiyyəmiz görün nə günə düşdü! Normal, sağlam həkimlər, müəllimlər var idi, 65 yaşları tamam olan kimi çıxarıb atdılar çölə. İndi onların yerinə kim gəlib?! Diaqnozu qoya bilməyən necə həkim ola bilər?! Müəllim necə əlifbanı bilməyə bilər? Tarixini, ədəbiyyatını bilməyən müəllim necə müəllimlik edə bilər?!", - deyə xalq artisti bildirib.
 
Ramiz Məlik bildirib ki, hazırda da tamaşalarda çıxış edir.
 
"Dekabr ayının 17-də "Qürbətdən gələn məktublar" tamaşasında Mirzə Fətəli Axundzadənin obrazını oynayacam. Bu gün axşam isə teatrımızda "Xurşudbanu Natəvan" tamaşası nümayiş etdiriləcək. Həmin tamaşada teatrımızın 6 yaşlı aktyoru rol alıb. Gəlin teatrda tamaşalara baxın. Səidə xanım Quliyevanın da "Xanuma" tamaşasında rolu var. Hər dəfə gəlib oynayıb, gedir. O demək deyil ki, aktyor hər gün səhnədə olmalıdır?! Tamaşa repertuara salınır, aktyor oynayır və ola bilsin ki, 10 gündən bir, ayda bir dəfə tamaşa göstərilsin. Bizim teatrda yaşlı nəsil aktyorlara olan hörmət heç bir teatrda yoxdur", - deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Yaş senzi tamamilə ləğv olunmalıdır təhsilimiz səhiyyəmiz görün günə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ