Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 19:36
Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 13-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında söyləyib.
Nazir qeyd edib ki, Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir.
"Bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır.
Ümid edirik ki, tərəfimizdən sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaqdır. Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir".