Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda quşlar ''nyukasl''a qarşı peyvəndləndi (FOTO)

Cəlilabadda quşlar ''nyukasl''a qarşı peyvəndləndi (FOTO)

Tarix: 2 May 2019 18:45

Bakı. Trend:

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Cəlilabad rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Cəlilabad Rayon Baytarlıq İdarəsinin 21 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 qəsəbə və 144 kəndində saxlanılan vətəndaşların xüsusi mülkiyyətində olan 98 477 baş iribuynuzlu, 122 461 baş xırdabuynuzlu və 897 000 başdan artıq ev quşuna baytarlıq xidməti göstərir.

Cəlilabad Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 93122 baş iribuynuzlu, 4449 baş təkdırnaqlı (3969 başı at, 480 başı isə uzunqulaq) heyvanda qarayara, 1921 baş sahibli itdə quduzluq, 1 035 508 baş cücədə (“La-sota” ştammı ilə) və 2 555 065 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından Cəlilabad rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 92 925 baş iribuynuzlu və 117 594 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Cəlilabad Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 104 162 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 253 832 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, rayonda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Cəlilabad rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cəlilabadda quşlar nyukasla qarşı peyvəndləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ