Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2023 16:48
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğu bildirir. İndiki halda ABŞ digər moderatorları qabaqlamaqla nəyə nail olmaq niyyətindəndir?
- Əslində bu, müsbət yanaşmadır. Ümumi strategiyanı nəzərə alaraq hansısa gücün bu məsələdə tam şəkildə dominant olması bizim xeyrimizə deyil. Artıq bu məsələdə Fransanın təmsilçilik cəhdləri effektiv olmadı. Azərbaycan bu məsələləri qəbul etmədi. Hazırkı vəziyyətdə isə Qərb düşərgəsini ABŞ təmsil etmək istəyir. Azərbaycan tərəfi burada heç kəsin müsbət roluna qarşı deyil. Əsas məqsəd odur ki, bu, ədalətli bir yanaşma olsun. Azərbaycan da öz növbəsində bu prosesdə iştirakçıdır. Bu mənada xarici işlər nazirləri arasında görüşlər baş tutur. Görünən odur ki, ABŞ bu məsələdə daha fəal olmaq niyyətindədir.
- BMT-də Fransa və Ermənistanın Azərbaycan qarşı siyasi-diplomatik hücumunun qarşısı alındı. Amma görünən odur ki, onlar dayanmaq istəmir. Növbəti həmlə ola bilərmi?
- Əslində, BMT-də hansısa məsələlərin müzakirəsinə cəhd edilib. Amma nəticədə nə sənəd qəbul olunub, nə də orada hansısa bir mövqe ortaya çıxıb. Amma bu cür müzakirələr daim baş verir. Onların hüquqi nəticələri yoxdur, ola da bilməz. Çünki bu məsələdə birtərəfli mövqe sərgiləyən Fransa heç nəyə nail olmadı. Bu da bəlli idi.
- Sizcə, bu cəhdin arxasında Azərbaycana qarşı başqa hansı niyyətlər olub?
- Burada onların ikinci məqsədləri hansısa bir sənəd əldə etmək idi. Amma buna nail olmadılar. Bu baxımdan da qarşı tərəflərin səhərdən-axşamadək BMT-ni yada salması əsassızdır. Hətta erməni tərəfi utanmadan iddia edir ki, guya BMT hansısa bir qərar qəbul edib və s. Erməni mediası da bu cəfəngiyyatı təbliğ edir. Azərbaycan tərəfi olaraq da biz buna adekvat münasibət sərgiləməliyik. Birmənalı olaraq göstərməliyik ki, onların cəhdləri heç bir nəticə verməyib.
- Rəsmi İrəvanın Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq niyyəti ilə yanaşı Rusiyanı da oyundan kənar saxlamaq planı var. Sizcə, Ermənistan bu davranışları nəyə nail olmaq istəyir?
- Fakt odur ki, Ermənistanın vəziyyəti bu dəqiqə çox ağırdır. Onların ümid yerləri Rusiyadır. Bu, təhlükəsizliklə bağlı olan məsələdir. 30 il onlara Rusiya havadarlıq etmişdi. İndi isə erməni tərəfi görür ki, Rusiya onların istəklərinə cavab vermir. Ona görə də, özlərinə yeni bir dəstəkçi axtarırlar. Bu da nəticəsiz bir məsələdir. Onların əsas siyasəti əslində qonşularla dil tapmağa yönəlməlidir.
- Şuşa-Xankəndi yolunda aksiya artıq bir aya yaxındır ki davam edir. Xankəndidə qüvvələr arasında parçalanma ilə bağlı xəbərlər gəlir. Bölgənin bütövlükdə Azərbaycana intqerasiyası üçün daha hansı effektiv tədbirlər görülməlidir?
- Əslində "yumşaq təzyiq və gücdən" istifadə davamlı olmalıdır. Bunun nəticəsi olacaq. Amma burada da müxtəlif məsələlər var ki, onlar da ardıcıllıqla həll edilməlidir. Misal olaraq, orada yaşayan ermənilərin mülkiyyətini Azərbaycan qanunlarına uyğun olaraq onlayn şəkildə qeydiyyatdan keçmək lazımdır. Daha sonra onlayn şəkildə orada olan mülkiyyətlərin alqı-satqısı həyata keçirilməlidir. Eyni zamanda burada sərhəd buraxılış məntəqələri və gömrük postları, konvoyların xüsusi müşayiət altında hərəkətinə imkan yaradılmalıdır. Sülhməramlılar müvəqqəti yerləşdiyi bölgədə Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə yüklərin daşınması üzrə ixtisaslaşmış nəqliyyat şirkətlərinin işinə də şərait yaratmaq olar. Hətta burada xidmətlərin göstərilməsi üçün xüsusi bank mexanizmlərini də yaratmaq mümkündür.