Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Reallaşdırılan hər bir layihə Azərbaycan dövlətinin gücünün artırılmasına hesablanıb - Sahil Kərimli

Reallaşdırılan hər bir layihə Azərbaycan dövlətinin gücünün artırılmasına hesablanıb - Sahil Kərimli

Tarix: 11 Yanvar 2023 16:45

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlər cari il üçün qarşıya qoyulan vəzifələrin reallaşdırılması istiqamətində konkret və mükəmməl yol xəritəsi idi. Ölkə Prezidenti qətiyyətli bəyanatlarla, müxtəlif dairələrə ünvanladığı mesajlarla və digər önəmli məqamlara toxunmaqla Azərbaycan dövlətinin gücünü və qüdrətini, dünyadakı özünəməxsus mövqeyini bir daha ortaya qoymuş oldu. Hər birimiz növbəti dəfə şahidi olduq ki, Azərbaycan güclü dövlətdir, bizim beynəlxalq aləmdə böyük hörmət və ehtiramla qəbul edilən güclü liderimiz var. Prezident İlham Əliyev, ilk növbədə, iqtisadi uğurlardan danışdı, əsas prioritet kimi Azərbaycan vətəndaşlarının sosial müdafiəsi ilə bağlı prioritetləri açıqladı. Əlbəttə ki, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi dövlətimizin başçısının siyasətində həmişə mühüm yer tutub. Bu siyasətin davamı olaraq biz qarşıdakı aylarda da cəmiyyətin bütün təbəqələrinin sosial təminatının yaxşılaşdırılmasının şahidi olacağıq. Ən əsas məqamlardan biri də hərbi potensialın gücləndirilməsi, hərbi sənayenin inkişafı məsələləridir ki, biz Prezident İlham Əliyevin çıxışında bu istiqamətdə də aydın hədəfləri gördük. Hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz Azərbaycan Ordusunun gücünü dünyaya göstərdi, ölkəmizin nüfuzunu dünyanın dörd bir yanında nümayiş etdirdi.

Milli.Az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Sahil Kərimli AZƏRTAC-a açıqlamasında söyləyib.

O qeyd edib ki, Azərbaycan dövləti postmüharibə dövründə yaranan yeni reallıqları, meydana gələn təhdidləri nəzərə alaraq ordusunu daha da gücləndirir. Müasir silah-sursatla təchizat, hərbi sənayenin inkişafı və digər məsələlərə ciddi önəm verilir. Xüsusilə də dünyada silah bazarında yaranan boşluqdan istifadə edərək Azərbaycan bu sahədə də önə çıxa bilər və istehsal etdiyimiz müasir silahlar ölkəmizə xeyli gəlir gətirə bilər. Prezidentin bu sahəyə verdiyi önəm böyük məmnunluq doğurur, çünki atılan hər bir addım, reallaşdırılan hər bir layihə Azərbaycan dövlətinin gücünün artırılmasına, dayaqlarımızın möhkəmləndirilməsinə hesablanıb. Bu gün Azərbaycan enerji resurslarından, qeyri-neft sektorundan, nəhəng layihələrdən əldə etdiyi gəlirlərin böyük hissəsini paralel olaraq işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldir. Biz onu da görürük ki, Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına necə böyük həssaslıqla yanaşır, əzm və iradə nümayiş etdirir. Əlbəttə ki, bu da çox əhəmiyyətli məsələdir. Çünki, ilk növbədə, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdıb yaşamalıdır, digər tərəfdən də biz dünyaya qurucu, yaradıcı xalq olduğumuzu, tarixi torpaqlarımıza sahib çıxdığımızı göstərməliyik.

"Biz Azərbaycan Prezidentinin bütün istiqamətlərlə bağlı konkret planlarının, qətiyyətli siyasi iradəsinin hədəflərinin, dövlətimizin əsas strategiyasının nələrdən ibarət olduğunun bir daha şahidi olduq. Bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyətimizdə məxsusi məmnunluq yaradır. Dünyada baş verən təhlükəli proseslər, müharibələr, ziddiyyətli hadisələr, dünyanın qütbləşməsi və digər təhdidlər fonunda Azərbaycan dövləti özünü qoruyur, inkişaf edir və öz ayaqları üstündə sağlam dayanmağı bacarır. Şübhəsiz ki, biz Prezident İlham Əliyevin yaratdığı bu reallıqlarla fəxr edir, qürur duyuruq. Azərbaycanın milli maraqları, ərazi bütövlüyümüzün qorunması, Qarabağda məskunlaşan silahlı erməni terror dəstələrinin ləğvi, separatizmlə mübarizə, Ermənistanla danışıqlar və sülh müqaviləsinin imzalanması istiqamətində dövlətimizin başçısının qətiyyətli mövqeyi də hamımıza məlumdur. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil siyasəti nəticəsində 2023-cü ildə də ölkəmizin beynəlxalq arenadakı mövqeləri qorunub saxlanılacaq və Azərbaycan öz istədiklərinə nail olacaq", - deyə siyasi şərhçi Sahil Kərimli əlavə edib.

Milli.Az


Etiketlər:  Reallaşdırılan hər bir layihə Azərbaycan dövlətinin gücünün artırılmasına hesablanıb Sahil Kərimli


RƏYLƏR