Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 21:12
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Qarabağ ermənilərinin "hüquqları" ilə bağlı məsələlər fonunda Ermənistan 2022-ci ildə sülhdən necə yayına bildi? Bu il də məhz bu mövzuların gündəmə gətirilməsi ehtimallarını necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bu məsələyə toxundu. Dövlət başçısı vurğuladı ki, Ermənistan geopolitik vəziyyətin dəyişməsinə ümid bəsləyir. Məhz bu halda guya ermənilərin nəyəsə nail olması kimi düşüncələri, gözləntiləri var. Amma mövcud vəziyyəti izləyərkən məhz bu qənaətə gəlinir ki, ermənilərin "taktiki üsulu" mümkün qədər vaxtı uzatmaqdan ibarətdir. Məhz verilən ziddiyyətli bəyanatlar da buna hesablanıb. Eyni zamanda bu və ya digər şəkildə görüşlərdən imtina da bu prosesin tərkib hissəsidir. Bütün bunlar məhz onu göstərir ki, ermənilər sülhdənyayınma taktikasını geniş şəkildə tətbiq ediblər.
- Bu günlərdə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da Ermənistanın mümkün qədər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edən sənədə imza atmaqdan imtinaya səsləməsini prosesin görünən tərəfi kimi başa düşmək olarmı?
- Oskanyanın siyasi imici əslində Ermənistan üçün birmənalı deyil. Çünki o, vaxtilə Ermənistanda vəzifəyə gələndə sabiq prezident Levon Ter-Petrosyana dəstək göstərib. Həmçinin Ter-Petrosyanın müşaviri Jirard Libardyanla bir komandada işləyib. Amma Robert Köçəryan hakimiyyətə gəldikdən sonra Oskanyan ona sadiq şəkildə xidmət etməyə başladı. Bu baxımdan da onun Ermənistanda imici o qədər də yüksək deyil. Çünki Ermənistanda hamı onu Robert Köçəryanın adamı kimi tanıyır. Hətta o, Serj Sərkisyanla da işləməyib. Ona görə də, indi Oskanyanın dediyi sözlər qismən də olsa erməni müxalifətinin mövqeyini əks etdirir. Amma Oskanyanın da Rusiyapərəst olmasını hamı bilir.
- Nikol Paşinyan Rusiyanın təklif etdiyi sülh variantı üzərində işləməyə hazır olduğunu deyir. Soçi razılaşmasından söhbət gedirsə, burada Ermənistanı və Azərbaycanı qane edən məsələlər nədən ibarətdir?
- Paşinyanın Qarabağa aid fikirləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki bu, tam Azərbaycanın hüquqları çərçivəsində olan məsələdir. Paşinyan bu və ya digər mövzulara aid fikir söyləməklə əslində onu göstərmək istəyir ki, o, proseslərin içərisindədir. Burada onun razılıq verməsi və yaxud verməməsi o qədər də vacib deyil. O, sadəcə olaraq öz yerini göstərmək üçün bu cür cəhdlər edir.
- Sizcə, bu il Ermənistanın manipulyasiyaları fonunda sülhün olacağına ümidlər qalırmı?
- Əslində Paşinyanın bu günlərdə verdiyi açıqlaması bundan öncə verdiyi bəyanatları ziddiyət təşkil edir. Əgər orada Ermənistan üçün hansısa bir məsələ yoxdursa, bu cür bəyanatların nədən qaynaqlandığı aydınlaşmalıdır. Amma istənilən "taktiki" gediş üçün N.Paşinyanın bəyanatları var. Burada fakt söhbət başqa mövzudan gedir. Azərbaycan 2022-ci ildə addım-addım Ermənistanı sülhə məcburetmə siyasəti həyata keçirib. Dövlət başçısının da vurğuladığı kimi burada Ermənistanın təxribatlarına cavab olaraq hərbi gücdən istifadə və siyasi təzyiq əsas olub. Danışıqlar yolu ilə da təsir elementlərindən maksimum yararlanmağa çalışılıb. Bu il də həmin siyasi xəttin davam etdiriləcəyi gözlənilir. Çünki səslənən bəyanatlardan görünən odur ki, Azərbaycan hər bir ssenariyə hazırdır. Azərbaycan da bu məqsədlərinə nail olur və olacaq.