Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlarla birgə sənin də doğum günün şəhid olub''

''Onlarla birgə sənin də doğum günün şəhid olub''

Tarix: 20 Yanvar 2023 18:30

Əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar, Əməkdar mədəniyyət işçisi Tahir Əkbərlə bağlı paylaşım edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Aybəniz mərhum bəstəkarın yanvarın 20-də ad günü olduğunu xatırladaraq bu sözləri yazıb:

"İndi sizə baxmaqdan savayı heç nə qalmır. Səssiz, lal olmuş şəkillər... O şəkillər ki, tarixə, keçmişə dönsə də, musiqiləri ilə dil açıb danışırlar. Görəsən, yaradıcılıqları, dəyərləri olmasaydı, bu şəkillər nə deyərdi? Kimlər idi bu susmuş şəkillərdən baxan insanlar?

Musiqi mədəniyyətimizdə öz ruhunu, beynini, varlığını, son ümidini belə musiqimizə düşünmədən xərcləyən, balasının ondan sonra hansı çətinliklərlə üzləşəcəyini belə düşünmədən ona bütün varlığı ilə fəda olanlarım, Tahir Əkbər, indi göylərdən baxıb yer üzünə nə düşünürsünüz, görəsən? Deyirsinizmi, heyf mənim əməyimdən? Yoxsa, bir də bu dünyaya gəlsəydim, yenə belə yaşardım deyirsiniz?

Bu gün şəhidlərlə birgə sənin də doğum günün şəhid olub. Yaxşı xatırlayıram, heç vaxt, bir də "doğum günümü qeyd etməyəcəm" dedin, Tahir Əkbər. Etmədin də! Bu gün isə sənin dünyamıza musiqilərinlə, böyük istedadınla doğulduğun gündür, ustad! Sənin üçün çox darıxıram, dostum, qardaşım. Darıxıram sənə Şuşa müjdəsini vermək üçün. Axı sən şuşalı idin, vətəni canın qədər sevən idin.

Yenə səninlə görüşəcəyik, inanıram. Onda sənə o qədər söyləyəcəklərim var ki, bilirsən?! Əsas da sənə Şuşadan torpaq gətirəcəyəm. Dünyadan gedəndə Şuşadan gətirdiyim torpağı vəsiyyət edəcəyəm ki, ovucuma bağlasınlar, canım qardaşım. O torpağı gördüyündə sənin baxışlarını təsəvvür edirəm. Həsrətə dönmüş baxışlarının sevinc göz yaşları ilə dolmasını. Eh, bəlkə də bu ovutmalar da mənim səbrim, özümə təskinliklərimdir. Bəlkə də, səni heç görməyəcəyəm, özüm də yavaş-yavaş yer üzündən silinəcəyəm. Dünyanın özü də bizə bənzəyir, ya biz dünyaya, bilmirəm?! Amma onu bilirəm ki, nə mən, nə də sənin musiqilərini sevən tamaşaçılar heç biri vəfasız deyil. Səni unutmadıq, unutmayacağıq da! Allah sənə, cəmi şəhidlərə rəhmət etsin".


Etiketlər:  Onlarla birgə sənin doğum günün şəhid olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ