Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 21:36
Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu məsələ barədə Ermənistan siyasi kəsimi arasında bəzi "anlaşılmazlıqların" olduğunu bildirib və buna aydınlıq gətirməyə çalışıb.
Paşinyan deyib ki, biz KTMT-yə ən mühüm fundamental məqamlardan biri - Ermənistanda KTMT-nin məsuliyyət zonasının dəqiqləşdirilməsi ilə bağlı müraciət etmişik:
"Yəni Ermənistan Respublikasının nə olduğu barədə öz anlayışınızı bizə təqdim edin! Buna cavab almamışıq.
Bəs AB-nin Ermənistandakı mülki missiyası niyə mümkün oldu? Çünki Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən, AB Ermənistan Respublikasının nə olduğunu dəqiq müəyyən etdi. Yəni, dedilər, bu, Ermənistanın xəritəsidir, ya da biz dedik, onlar da təsdiq etdilər. Onlar ərazini müşahidə və nəzarət etmək üçün gəlirlər. Ərazini dərk etmədən müşahidə missiyası ən azı qəribə olacaq, çünki bu halda onların nəyə nəzarət etdikləri bəlli deyil".
O əlavə edib ki, əgər hər hansı missiya "Ermənistanın ərazisinin nə olduğunu" bilmirsə, Ermənistanın işğal olunub-olunmamasını necə qiymətləndirəcək?
Nikol Paşinyan öz "arqumentini" daha bir gülünc iddia ilə də əsaslandırmağa çalışıb. O bildirib ki, AB missiyasına qədər Azərbaycan torpaqlarının erməni-rus birləşmələri tərəfindən işğal edilə biləcəyini Qərb dairələrində deyirdi. Bunun səbəbi isə Ermənistanda rus bazalarının yerləşdirilməsi ilə bağlıdır.
"Rusiyalı tərəfdaşların yerlərdə nümayəndələri olduğu üçün Qərb tərəfdaşlarımız artıq bizə şübhə ilə baxmağa başladılar ki, siz aqressiv hərəkətlər edəcəksiniz, çünki orada çoxlu erməni və rus qoşunları cəmləşib, Azərbaycana hücuma keçirsiniz. Yazıq azərbaycanlılar yüksəklikləri ələ keçirmək istəyirlər ki, tarazlıq olsun. Buna görə dedik: yaxşı, sən özün gəlib yerində hər şeyi müşahidə et, gör bütün bunlar doğrudur, ya yox?"
Qeyd edək ki, bu, Nikol Paşinyanın sərhədin delimitasiya və demarkasiyasından yayındığının, sərhədlərin dəqiqləşməsi və Azərbaycanın anklavlarının geri qaytarılmasını uzatmasının, eyni zamanda, 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü Zəngəzur dəhlizini vermək istəməməsinin sübutudur. Belə ki, rəsmi İrəvanın tələbinə cavab olaraq KTMT Ermənistandan sərhədin demarkasiya və delimitasiyasına başlanması, Ermənistan sərhədinin dəqiqləşməsini istəmişdi - eyni tələbi Azərbaycan da irəli sürür. Ermənistan isə sərhədin dəqiqləşməsindən yayınmaqla öhdəliklərini də icra etmir və Avropada havadar axtarır...