Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 20:28
Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına "Ali təhsil haqqında" qanun layihəsi daxil edilib. Layihə artıq 3-cü sessiyadır işlər planına salınsa da, müzakirəsi və qəbulu ən çox gecikən layihələrdən birinə çevrilib. Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb, işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib.
Bəs maraqlıdır, qanun layihəsinin müzakirəsini gecikdirən səbəb nədir?
Bu barədə Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsini və qəbulunu gecikdirən tərəf Milli Məclis deyil. Deputat aidiyyəti qurumlara, o cümlədən Elm və Təhsil Nazirliyinə müraciət edərək, prosesi tezləşdirməyə çağırıb:
"Ali təhsil haqqında" qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb, müvafiq qurumların, universitetlərin, təşkilatların da rəyləri alınıb. Qanun layihəsi tam hazırdır və qaydasındadır. Hesab edirəm ki, artıq plenar iclaslarda müzakirəyə çıxarıla bilər. Sənədin qəbulunun gecikməsində məsuliyyət aidiyyəti qurumların üzərinə düşür. "Ali təhsil haqqında" qanun layihəsinin qəbul edilməsində Elm və Təhsil Nazirliyi də maraqlı olmalıdır. Bu sessiyada mütləq şəkildə layihənin Milli Məclisin plenar iclasına çıxarılması, müzakirəsi və qəbuluna nail olmalıyıq. Hesab edirəm ki, Milli Məclis üzərinə düşən işləri görüb və yerinə yetirib. Digər qurumlar sənədə baxıb, rəylərini verib, prosesi tezləşdirməlidirlər".
Ceyhun Məmmədov qeyd edib ki, "Ali təhsil haqqında" qanun layihəsində universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplomlar, doktorantura səviyyəsinin birmərhələli olması, tələbələrin köçürülməsinin yeni qaydaları və s. haqqında vacib məsələlər yer alıb:
"Qanunun qəbulu da təhsilimizin inkişafına, daha da güclənməsinə töhfəsini verəcək, təhsilimizi daha da inkişaf etdirəcək. Azərbaycan universitetlərində bir çox məsələlər var ki, həllini gözləyir, buna nail olmalıyıq"