Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 09:42
Moskvada Rusiya Dövlət Dumasında sədr Vyaçeslav Volodinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü keçirilib. Görüşdə tərəflər bir sıra məsələləri müzakirə edib.
Bununla yanaşı, görüşdə V.Volodin erməniləri Avropa institutlarından uzaq durmağa çağırıb. Qeyd edib ki, Avropa strukturlarını bölgəyə dartıb gətirməyin, əldə olunan razılaşmanı icra edin: "Gəlin, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları səviyyəsində qəbul edilmiş həllə əsaslanaq. Bunu rəhbər tutaq və öz tərəfimizdən bu razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edək. Avropa institutları istiqamətində bəyanat verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər. Buna görə, Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyərkən 10 dəfə düşünməli və elə Ukraynanın, Yuqoslaviyanın və digər ölkələrin nümunəsində bunun nə ilə başa çata biləcəyini ölçüb-biçməlidirlər".
"Volodinin səsləndirdiyi fikirlər erməni tərəfinə xəbərdarlıqdır"
Bakı Xəbər-ə açıqlama verən siyasi ekspert Elşad Həsənovun fikrincə, Duma sədrinin fikirləri reallığa söykənir: "Ermənistan son dövrlər, xüsusən də ötən ilin yayından sonra anti-Rusiya təbliğatı aparmağa başlayıb. O cümlədən, öz siyasətində Qərbə yönəlik addımlar atmağa başlayıblar. Ötən ilin noyabrında İrəvanda keçirilən KTMT-nin sammitində Paşinyan yekun sənədi imzalamaqdan imtina etdi. Bundan başqa, bu ilin yanvarında Ermənistanda KTMT təlimləri keçirilməli idi. Paşinyan buna icazə vermədi. Bütün bunların fonunda Ermənistan açıq şəkildə Qərbpərəst mövqe sərgiləməyə başladı. Nəticədə Avropa İttifaqı missiyasının Ermənistana gəlməsinə və 2 il burada fəaliyyət göstərməsinə nail oldu. Bu da məhz Fransanın xüsusi dəstəyi hesabına mümkün oldu. Hətta 70 nəfərlik Fransa jandarmeriyasının bu bölgəyə cəlb olunmasına nail oldular. Bütün bunlar Rusiya sülhməramlılarının sıxışdırılıb çıxarılmasına, Gümrüdəki 102-ci bazanın ləğvinə hesablanıb. Qərbin Paşinyan hakimiyyətindən əsas tələbləri bundan ibarətdir. Halbuki, Ermənistanın dövlət olaraq var olmasında Rusiya əlindən gələni edib. Məhz Rusiyanın layihəsi olaraq tarixi Azərbaycan ərazilərində Ermənistan dövləti yaradılıb. Ermənistan dövlət olaraq öz sərhədlərini qorumaq gücündə deyil. Bu ölkənin sərhədlərini Rusiya qoruyur. Ona görə də Ermənistanın Rusiyanının asılılığından çıxması heç də asan deyil, amma Paşinyan hakimiyyəti bu istiqamətdə sistematik olaraq addımlar atır. 102-ci bazanın qarşısında mitinqlər keçirilir, Rusiyaya qarşı şüarlar səsləndirilir. Ən başlıcası, rəsmi İrəvan Rasiyanın moderatorluğu ilə imzalanan üçtərəfli razılaşmaları sabotaj edir. Əvəzində Qərbi bura dəvət edir və bununla bağlı konkret addımlar ortadadır. Bu da Rusiya hakimiyyətini çox narahat edir. Ona görə də Duma sədri Volodinin səsləndirdiyi fikirlər erməni tərəfinə bir növ xəbərdarlıqdır. Baxmayaraq ki, bundan əvvəl XİN sözçüsü Mariya Zaxarovanın timsalında onlara bir neçə dəfə xəbərdarlıq olub, amma onlar buna əhəmiyyət verməyiblər. Hətta atası erməni olan xarici işlər naziri Sergey Lavrov da Rusiyanın siyasi xəttini dilə gətirdi. Açıq dedi ki, Ermənistan Azərbaycanın 7 rayonunu işğal edib. Hesab edirəm ki, Duma sədri Volodinin arqumentləri tamamilə əsaslıdır. Azərbaycan 10 noyabr razılaşmasının bütün müddəalarını yerinə yetirdiyi halda, Ermənistan əsas müddəaları icra etmir. Silahlı qüvvələrini Qarabağdan çıxarmır, Naxçıvana sərbəst gediş-gəlişə dəhliz vermir. Volodin demək istəyir ki, Rusiya olmadan Aİ missiyası heç nə edə bilməz".