Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səfirliyimizə qarşı terroru Tehran hakimiyyətinin bəlli bir qolu törədib...

Səfirliyimizə qarşı terroru Tehran hakimiyyətinin bəlli bir qolu törədib...

Tarix: 21 Fevral 2023 10:48

Elşad Həsənov: "Fikrimcə, bu terrorun arxasında SEPAH dayanır"

"Terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir". Bunu Prezident İlham Əliyev Münhendə telekanallara müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi: "Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır".

Maraqlısır, burada hansı qoldan söhbət  gedir? İran isteblişmentinin hansı qolu bu terrorun arxasında dayanır?

"Bu onu göstərir ki, prezidentimizdə bununla bağlı daha dolğun məlumatlar var"

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənovun fikrincə, İranda bəzi radikal dairələrin bunun arxasında dayanması ehtimalı böyükdür: "Bu onu göstərir ki, Prezident İlham Əliyevdə bununla bağlı daha dolğun məlumatlar var. Yəni bu o deməkdir ki, hakimiyyətin hansısa qolunun dəstəyi olmadan belə terror aktını həyata keçirmək mümkünsüzdür. Onların yardımı olmadan bunu həyata keçirmək o qədər də asan olmayacaqdı. Çünki diplomatik korpusa bu formada hücum çox nadir hadisələrdəndir. Fikrimcə, bu terrorun arxasında SEPAH dayanır. Bu qənaətə gəlmək üçün bir sıra faktorlar var. Hadisədən sonra həmin qatilin televiziyalarda müsahibələri təşkil olundu. Aydın məsələdir ki, bu, qabaqcadan sistemli şəkildə hazırlanmış bir planın tərkib hissəsi idi. Əgər belə olmasaydı, o zaman terrorun əsas motivini ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atmazdılar. Ona görə də aydın məsələdir ki, bu terrorun arxasında İranın xüsusi xidmət orqanları dayanır. Eyni zamanda, indiyə qədər aparılan istintaq işləri ilə bağlı heç bir məlumat verilmir. O cümlədən, Azərbaycanın müvafiq orqanlarının istintaqda iştirakına şərait yaradılmır. Ona görə də tam əminliklə deyirik ki, bu, dövlət terrorudur. Biz nəzərə almalıyıq ki, İran siyasi rəhbərliyində parçalanmalar var. Orada bəzi dairələr Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir. SEPAH-a bağlı olan dairələr isə, əksinə, münasibətləri kəskinləşdirmək yolunu tutublar. Onlar Azərbaycana təzyiq göstərmək yolunu daha məqsədəuyğun hesab edirlər. Guya ki, bununla Azərbaycanı nəyəsə məcbur etmək mümkün olacaq. Bu isə real deyil. Ən azından ona görə ki, Azərbaycanın lider ölkəsidir. Bu gün dünya siyasi arenasında Azərbaycanın öz sözü var. Bununla belə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Bu baxımdan hesab edirəm ki, İranın məkrli siyasəti hansısa nəticə verməyəcək".

Milli.Az


Etiketlər:  Səfirliyimizə qarşı terroru Tehran hakimiyyətinin bəlli bir qolu törədib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ