Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 07:02
"Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyatdan doymamış gedilən nakam ölüm deyərəm. Yerinə yetməmiş arzumuz var idi. Artıq həyatda yoxdur. Üstüörtülü deyəcəyəm, çünki yerinə yetməmiş arzudan danışmağa dəyməz və onu həyata keçirməyə gücüm yoxdur. İki arzumuz vardı, biri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılmaq idi. O yerinə yetdi, digəri isə yox, çox təəssüf".
Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində dünən vəfat edən Hacı Şahin Həsənli ilə bağlı danışarkən deyib. O, ilahiyyatçı haqda xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib:
"Bu gün Hacıyla vidalaşmağa getmişdim, insan axını var idi. Onunla xudahafizləşəndə qulağına dedim ki, bizim ikinci arzumuz yerinə yetmədi, təəssüf. Sağ olsaydı, inanıram ki, "Heç üzülmə, Allah belə məsləhət görüb" deyərdi. İmkanım olsaydı, bircə kəlmə soruşardım. Hansı hissləri keçirdin ki, vatsapda bu sözləri yazdın?"
Qeyd edək ki, ilahiyyatçı ölümündən bir neçə saat əvvəl vatsap statusunda Xalq şairi Ramiz Rövşənin şeirindən "Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim" misralarını yazıb. (sfera.az)