Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çürük pomidor niyə 4 manatdan baha satılır?

Çürük pomidor niyə 4 manatdan baha satılır?

Tarix: 3 Mart 2023 18:28

Hazırda bir çox meyvə-tərəvəz məhsulu, o cümlədən pomidor çeşidləri olduqca yüksək qiymətə istehlakçıya təqdim olunur. Belə ki, mağazalarda pomidorun qiyməti 4 manatdan yuxarıdır. Hətta məhsulun vitrində xarab olması belə qiymətin ucuzlaşmasına təsir etmir.

Məsələ ilə bağlı axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə, hazırda tərəvəz biznesi getdikcə böyük istixanalarda inhisarlaşır:

"Buna görə də kiçik təsərrüfatlar demək olar ki, bazara çıxa bilmir. Çünki kiçik kənd təsərrüfatlarının suvarma imkanlarının əlçatanlığı olduqca zəifdir, zərərvericilərlə mübarizə imkanları isə məhduddur. Nə qədər ki, kənd təsərrüfatı kooperasiyası haqqında qanun həyata keçirilmir və kəndlilər kooperasiyalarda birləşmir, vəziyyət belə də davam edəcək. Bu sahə inhisarlaşdıqca, yəni bir əldə cəmləşdikcə karter sövdələşmələri həyata keçirilir. Böyük istehsalçılar məhsullarını "Meyvəli" bazarına gətirirlər. Burada artıq bazarın ikinci bir aralıq subyekti - alverçilər meydana çıxır. Onlar Bakı bazarına meyvə-tərəvəzləri göndərirlər. Alqoritm belə də davam edir. Əslində onlar da, alverçilər də bazarın bir subyektidir. Lakin onlar qiymətə təsir göstərirlər".

E.Hüseynov meyvə-tərəvəz məhsullarının piştaxtada satılmadıqca və xarab olmağa doğru getdikcə qiymətinin aşağı endirilməməsinə münasibət bildirərkən deyib ki, bu, satıcının öz qərarından asılıdır:

"Onu heç bir dövlət orqanı müəyyən qiymətə satmağa məcbur edə bilməz. Dövlətin vəzifəsi bolluq üçün azad bazar şəraiti yaratmaq və rəqabət mühitini yaxşılaşdırmaqdır. Bu mühit gücləndikcə, qiymət aşağı düşəcək keyfiyyət isə artacaq.

Üstəlik, pomidor Azərbaycanın xaricə ixrac olunan məhsullarından biridir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi uğurlu iş aparıb və bu il Rusiya bazarına külli miqdarda pomidor çıxarılmasına nail olub. Təəssüf ki, Avropa bazarına çıxa bilmirik. Ona görə yerli bazarda mallarda qiymətin yuxarı olması müşahidə olunur".

Milli.Az


Etiketlər:  Çürük pomidor niyə 4 manatdan baha satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ