Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 14:20
"Mənim bir dənə zəif nöqtəm var. O qədər mahnılarım, çəkdirdiyim kliplər var ki, hamısı sandıqda yatır. Mən yaradıcı olmuşam, amma o yaradıcılığımı göstərməmişəm. Bu bilirsiniz nəyə oxşayır? Yaxşı yeməklər bişirmişəm, amma heç kimə yeməyə verməmişəm. Təqdim etməmişəm. İlk dəfə repi bir müğənni kimi mən demişəm. Müğənni kimi seriala ilk mən çəkilmişəm. Bu "Yanmış körpülər" serialı idi. Nəsibə Zeynalovanın iştirakı ilə "Qaynana əməliyyatı" televiziya tamaşasında iştirak etmişəm. Sadəcə olaraq özümü reklamla məşğul olmamışam".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib.
"Elə savadlı müğənnilər var ki, gözəl mahnıları var, gözəl sənətkardır, amma tanına bilmirlər. Halbuki sənəti olmayan amma açıq-saçıqlıqla gündəmə gələn müğənnilər onlardan çox tanınır. Çox təəssüf ki, indi tanınmaq da qalmaqalla, geyimlə ölçülür. Bizim dövrümüz tamam başqa idi. Bir televiziyaya çıxıb, özümüzü göstərirdik. Yaxşı oxuyan da görür ki, ondan pis oxuyan qabaqdadır, istər-istəməz onun yolu ilə getməyə başlayır" deyə müğənni bildirib.
Nüşabə Ələsgərli vaxt azlığından da şikayətlənib.
"Ömür boyu vaxtdan şikayət etmişəm. Heç vaxt hər bir şeyə vaxtım çatmır. Vaxtım az olduğuna görə həmişə tələsirəm. Toylarda da tələsirəm, gəlib tez söz istəyib, oxuyub gedirəm. Belə hallar olub məndə. Bəzən görürsən ki, kiminsə tərs damarına düşə bilərəm. Bəzi sənət yoldaşlarımla ola bilər ki, aramızda buna görə kiçik problemlər yarana bilər. Yaranıb da. Amma həmin problemləri o andaca aradan qaldırmışıq, yerinə qoymuşuq" deyə müğənni bildirib. Əməkdar artist bu günki mahnıların səviyyəsindən də danışıb.
"İlhamə Quliyevanın özü kimi, mahnıları da ölməzdir. Görün o kimlərin, hansı bəstəkarların əsərlərini oxuyub? Fikrət Əmirovun, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun. Bu bəstəkarlar ölməzdir. Hər mahnıdan, hər bəstədən səviyyə, klassika, savad süzülür. Hərdən deyirəm ki, 50, 60, 70-ci illərin bəstəkarları hamısı birdən gəlib, qəfildən getdilər. O səviyyədə olan bəstəkarlara ehtiyacımız var. Biz o mahnıları oxumuşuq, görmüşük, axı yeni mahnılar da istəyirik. İnkişaf yoxdur. Tələbat ola bilər ki, aşağı səviyyəli mahnılaradır, amma səviyyəni də, plankanı da saxlamaq lazımdır. Bir dəfə oxunan mahnılardır. Ara müğənniləri əlbəttə ki, səviyyəli, bəstəkar mahnılarını bəyənməyəcək. Çünki onun musiqi zövqü hələ o dərəcədə formalaşmayıb. Brilliant Dadaşova ilə söhbət edirik, deyirəm ki, konservatoriyada oxuyanda Cahangir Cahangirovdan 5 almışam. Mənə deyir ki, "sən Cahangir Cahangirov görmüsən?". Deyirəm ki, hə. Deyir "bəs niyə heç yerdə demirsən"? Deyirəm axı, soruşsunlar ki, deyim də" deyə sənətçi deyib.