Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2023 08:36
Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, lakin"...
ABŞ-da "Silicon Valley Bank" (SVB) və Nyu-Yorkun "Signature Bank"ı bağlandıqdan sonra bütün dünyanın bank-maliyyə, qiymətli kağızlar və fond bazarları sektorlarında ciddi təlatümlər yaşanmaqdadır.
SVB-nin iflasına gətirən əsas səbəb onun ABŞ dövlət istiqrazları və ipoteka kağızlarına irihəcmli yatırımları oldu. Belə ki, ABŞ Federal Ehtiyatlar Sisteminin FED) yürütdüyü sərt pul-kredit siyasəti həmin kağızların gəlirliliyini kəskin azaldıb. Nəticədə SVB müştərilərə cari ximdət üçün vəsait çatışmazlığı ilə üzləşib. Bu problem barədə məlumat banka deposit yerləşdirən fiziki və hüquqi şəxslərə çatdıqdan sonra onlar sürətlə pullarını geri çəkməyə başladılar. Nəticədə, bank onların tələblərini qarşılamağa likvid vəsait tapa bilmədi və iflas etdi.
Qeyd edək ki, SVB Silikon Vadisində fəaliyyət göstərən yüzlərlə texnoloji şirkətlərə xidmət verən əsas bank idi. Onun əsas depozitarları da məhz belə şirkətlər idi.
SVB-dən 2 gün əvvəl isə ABŞ kriptovalyuta bazarı iştirakçılarına xidmət göstərən əsas bank olan Silvergate Bank iflas etmişdi. Bankın məxsus olduğu ana şirkət bunu Silvergate Bank-ın öz fəaliyyətini davam etdirmək imkanında olmaması ilə əsaslandırmışdı.
SVB-dən sonra isə Nyu-Yorkun böyüklüyünə görə ikinci bankı olan "Signature Bank"ın bağlandığı elan olundu. Əsasən kriptoşirkətlərə xidmət göstərən bu bankın bağlanmasına səbəb sistem risklərinin artması göstərilib..
Ekspertlərə görə, problem üç bankın çökməsi ilə məhdudlaşmaya bilər. Bildirilir ki, SVB çökməsi maliyyə bazarında daha böyük oyunçulardan olan "Bank of America" daha çox zərbə vurub, çünki onun portfel strukturu SVB-yə ən yaxındır.
Maliyyə bazarındakı vəziyyətlə əlaqədar olaraq, ABŞ Xəzinədarlığı və FED bütün həftəsonu işləyib və martın 13-də axşam prezident Co Bayden amerikalılara ABŞ bank sistemi ilə bağlı problemlər barədə müraciət edib. O, əmanətçiləri əmin edib ki, onların banklarda olan vəsaitlərini hər hansı təhlükə gözləmir. Amma bu çıxışdan sonra bir sıra bankların səhmləri kəskin ucuzlaşıb.
Ümumiyyətlə, SVB-nin iflasından sonra bütün dünyada bankların və maliyyə korporasiyalarının səhmlərinin dəyərsizləşməsi qeydə alınıb. "Bloomberg"in yazdığına görə, ötən cümə günündən bəri bu qurumların ümumi itkisi 465 milyard dollara çatıb.
Eyni zamanda bütün dünyada dövlət qiymətli kağızlarının gəlirliliyi azalmağa başlayıb. SVB-nin məhz dövlət qiymətli kağızlarına yatırımlar nəticəsində iflas etməsi investorların bu investisiya alətindən kənarlaşmasına, daha təhlükəsiz alətlərə yönəlməsinə səbəb olub.
Bazar iştirakçıları maliyyə sektorundakı qeyri-stabillikdən sonra ABŞ Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasətini bir qədər yumşaldacağını gözləyirlər. Bununla yanaşı, analitik mərkəzlər ABŞ bank sistemində yaşananların iqtisadiyyata hansısa böyük zərər vuracağını gözləmirlər.
ABŞ-ın 2 illik dövlət kağızları 3 gün ərzində 1987-ci ildən bəri ən kəskin eniş nümayiş etdirib. Bazar ertəsi bu kağızlar 40 baza bəndi - illik 4,17 faiz dəyərsizləşməyə məruz qalıb.
Almaniyada 10 illik dövlət istiqrazları 24 baza bəndi - illik ifadədə 2,27 faiz düşüb. Britaniyanın eyni kağızları 25 baza bəndi - illik ifadədə 3,39 faiz, Avstraliyanınkı 6 baza bəndi, yaxud 3,53 faiz, Yaponiyanınkı 9 baza bəndi, yaxud 0,31 faiz eniş yaşayıb.
Buna baxmayaraq, analitiklər federal qurumların vaxtında gördüyü tədbirlər nəticəsində ABŞ-ın onillik kağızlarının tezliklə illik 4 faizlik gəlir həddini bərpa edəcəyini proqnozlaşdırırlar.
FED maliyyə institutlarına vəsait ayrılmasının yeni mexanizminin tətbiq olunacağını elan edib. Bu, həmin institutların öz əmanətçilərinin bütün tələblərini ödəmələri imkanı qazandıracaq. FED yeni mexanizm çərçivəsində maliyyə institutlarına 25 milyard dollar ayırmağı nəzərdə tutur.
ABŞ bank sektorunda baş verənlər Honqkonq birjası indekslərində də enişə səbəb olub. Hang Seng indeksi 2,40 faiz, 30 ən böyük texnoloji şirkətin səhmlərinin dəyərini əks etdirən Hang Seng Tech indeksi isə 2,82 faiz aşağı düşüb.
Hadisələr ayrı-ayrı milyarderlərə də təsirsiz ötüşməyib. "Bloomberg" yazır ki, 8 martdan bəri milyarder Çarlz Şvabın sərvəti 2,9 milyard dollar azalıb. Ona məxsus "Charles Schwab Corporation"un səhmləri 32 faiz dəyər itirib.
Sonxeber.net bildirir ki, iqtisadçı-ekspert Elman Sadıqovun "Yeni Müsavat"a dediyinə görə, bir həftə ərzində ABŞ-da 3 bankın iflası bu ölkənin sektor tənzimləyicisinin fəaliyyəti ilə bağlıdır: "31 dekabr 2022-ci il tarixinə SVB-nin reallaşmamış zərəri 45 milyard dollar olub. Bu zərərin əsas hissəsi texnoloji şirkətlərin qiymətli kağızlarına qoyulmuş vəsaitlər üzrə idi. Bu kağızlar FED-in uçot dərəcəsini artırması nəticəsində dəyərsizləşmişdi. Bankın zərərini görən müştərilər vəsaitlərini bankdan çəkməyə başladılar və bu da onun iflasına gətirib çıxardı. Bankdakı depozitlərin 90 faizi ABŞ federal sığorta qurumu - FDİC tərəfindən sığortalanmayıb. ABŞ-da depozitlərin 250 min dollara qədəri sığortalanır, onda yuxarı məbləğ sığortalanmır. SVB-dəki vəziyyət bütün ölkədə təlatümə səbəb oldu. ABŞ bank sektoru 2008-ci ildən bəri ilk dəfə belə böyük bank iflası ilə üzləşdi. SVB-nin Böyük Britaniyadakı törəməsini HSBC 1 funta alaraq, bütün depozitlərə təminat verdi. ABŞ-da isə daha bir bank - "Signature Bank" da bağlandı. Bu bankın aktivlərinin həcmi 110, milyard dollar, depozit portfeli 88,6 milyard dollar, kredit portfeli 62,2 milyard dollardı. Bu bank da qiymətli kağızlara investisiya etmişdi. Burada yoluxuculuq amili ortaya çıxır. Çünki "Signature Bank"da ABŞ-ın ən böyük kriptobirjalarından biri olan Coinbase birjasının hesabı vardı və oradakı 240 milyon dollar batdı. Bu 240 milyon dollar ciddi likvidlik problemi yaradarsa, kriptobirjalarda da ciddi problemlər meydana gələ bilər. Bağlanan 3-cü bank - Silvergate Bank 3,8 milyard dollarlıq aktivə malik kiçik bankdır. Bütün bunlar bir sual yaradır ki, ABŞ banktənzimləyici qurumları niyə vaxtında bu problemləri görməyiblər? Daha bir sual budur ki, niyə həmin qurumlar SVB kimi böyük bankın iflasına imkan verdilər? Və əlbəttə, sistem riski gözlənilirmi? Düşünürəm ki, əsas səbəb FED-in sərt faiz artımı siyasəti nəticəsində qiymətli kağızların dəyərsizləşməsidir. FED faktiki olaraq, dilemma qarşısında qalmışdı: dollar qıtlığı yaranmışdı. İnflyasiyanı cilovlamaq üçün faiz artımına gedilməsi lazımdır, amma artıq investisiya şirkətləri bu artımların yaratdığı problemlərə dözə bilmirlər".
Yaranmış vəziyyətdə FED hansı addımları atacaq? Problem daha dərin böhrana keçə bilərmi? E.Sadıqov hesab edir ki, 3 bankın iflasına baxmayaraq, ABŞ bank-maliyyə sistemində təşviş hiss olunmur: "Xüsusilə iri banklar rahat görünürlər. Sanki bir təmizləmə prosesi gedir. Digər tərəfdən, iqtisadiyyatda sanki bir soyutmaya doğru gedirlər. Baxırlar ki, uçot dərəcələri nə qədər artırılsa da, dünyada problem yaratsa da, ABŞ-ın özündə belə bir problem hiss olunmur - işsizlik normal həddə qalır. Bu, iqtisadiyyatın həddən artıq qızmasının əlamətidir və ciddi risklər formalaşdırır. Buna görə də belə hallarda adətən idarəolunan resessiyaya gedilir. Könüllü şəkildə buna gedilməzsə, sonda idarəolunmaz və daha dərin resessiya ilə üzləşmək təhlükəsi böyükdür. Ona görə də düşünürəm ki, bankların iflasına müdaxilə olunmaması məqsədyönlüdür. Bundan sonra da bəzi şirkətlərin iflası da mümkündür, bunların hamısı iqtisadiyyatın müəyyən qədər soyuması prosesinin tərkib hissəsidir. FED faiz artımlarını davam etdirəcək, amma əvvəlki sürətlə yox əlbəttə. Bəzi iqtisadi göstəricilərin də dəyişməsi mümkündür, amma bütün bunlar sistem böhranı olmayıb, iqtisadiyyatın tənzimlənməsi prosesidir".
Bəs ABŞ-da baş verən və dərhal inkişaf etmiş ölkələrdə təsiri hiss olunan bank iflaslarının Azərbaycana hansısa təsiri ola bilərmi? Nəzərə alsaq ki, Azərbaycanın bank sistemi ABŞ bank sistemi ilə inteqrasiya etməyib, onda okeanın o tayında 3 bankın bağlanmasının bu sektora hansısa təsirinin gözlənilən olmadığını görərik. Azərbaycan üçün əsas problem FED-in faiz siyasəti nəticəsində dövlət qiymətli kağızları və səhm bazarlarındakı enişlərdən yaranır. Belə ki, ölkənin neft gəlirlərinin toplandığı Dövlət Neft Fondunun irihəcmli vəsaitləri məhz dövlət qiymətli kağızları və səhmlərə yatırılıb. 2022-ci ildə fond bu yatırımlardan 3 milyard dollara yaxın zərər edib. Fond bazarlarında dəyərsizləşmə yenidən başlanarsa, bu il də Neft Fondu ciddi zərərlə üzləşə bilər.
Onu da qeyd edək ki, fevralın sonlarından etibarən Azərbaycan Mərkəzi Bankının keçirdiyi hərraclarda dollara tələbatın artması müşahidə olunur. Mərkəzi Bank fevralın 28-də 42.7 milyon dollar, martın 2-də 51.7 milyon dollar, martın 7-də 44.8 milyon dollar, martın 9-da isə 17,6 milyon dollar, martın 14-də isə 60,3 milyon dollar satıb. Lakin ölkə neft-qaz gəlirləri qismində ciddi valyuta axını mənbələrinə malikdir. Belə bir şəraitdə Mərkəzi Bankın manatın məzənnəsini sabit saxlaması çətinlik yaratmır.