Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2023 21:50
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.
Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emreli komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.
Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik".
Xatırladaq ki, sabah Linzdəki "Rayffayzen Arena"da keçiriləcək Avstriya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.