Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 14:46
Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə davam etdirəcəyəm.
Sonxeber.net bildirir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa "facebook" hesabında yazıb.
"Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün bazarertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!", - millət vəkili yazıb.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
F.Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı bir neçə nəfər saxlanılıb.