Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 08:16
Aparıcı Zaur Baxşəliyev işləməyən qadınları tənqid edib. Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Zaurla Günaydın" verilişində danışıb.
"Xanımın evdə oturmasına, işləməməsinə yaxşı baxmıram. Qadınlar işləməlidir. Nənəm kənddə xalça toxuyurdu, uşağa baxırdı, heyvan saxlayırdı. Hər iş görürdü", - deyə Zaur bildirib.
Aparıcının bu sözləri yenidən bu mövzu ilə bağlı müzakirəni gündəmə gətirib. Son illər Azərbaycanda işləyən qadınların sayında artım hiss olunmaqdadır. Təkcə 2020-ci ilin statistikasına görə, ölkədə işləyən qadınların sayının ötən illərlə müqayisədə 23,2 faiz artdığı bildirilir. Hətta qeyd olunur ki, bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edib. Belə ki, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb.
Sosial sorğuların nəticəsinə görə də kişilər ev xanımından daha çox çalışan qadınlara maraq göstərir. Burada maddi dəstəklə yanaşı, çalışan qadınların daha baxımlı və sağlam olmaları da yer alır. Lakin bununla belə, hələ də qadınların işləməsini birmənalı qarşılamayanlar var. Və yaxud bir sıra qadınlar işləməkdənsə, evdar qadın olub, ev təsərrüfatını, övladlarının tərbiyəsinə nəzarət etməyi üstün tutur. İşləyən qadınlar isə həm işləyib, həm də ev işlərinin görür, övladlarının tərbiyəsi ilə məşğul olur.
Bəs ekspertlər aparıcının "Xanımın evdə oturmasına, işləməməsinə yaxşı baxmıram, qadınlar işləməlidir" fikrini necə qarşılayır? Bütün qadınlar işləməlidirmi və yaxud yalnız ev işləri, ailə ilə məşğul olmalıdır? İşləyən və işləməyən qadının hansı perspektivləri var?
Mövzu ilə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova " Yeni Müsavat"a danışıb:
"Hər kəsin öz seçimi var. Söhbət ondan gedir ki, əgər qadının özü evdə qalmaq istəyirsə, bu seçimi özü edirsə, onu buna görə qınamaq doğru olmazdı. Məsələn, mənim tanıdığım çox yaxşı bir təlimçi var idi, həmin qadın bir müddət sonra bildirdi ki, artıq evdə oturub, evdar qadın olmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq istəyir. Ola bilsin ki, bir müddət sonra həyatını dəyişdirəcək, amma indi istədiyi budur.
Yəni əgər evdə məcburi oturma yoxdursa, qadın evdə oturub, uşaqlarının tərbiyəsi ilə məşğul olmaq istəyirsə, bu onun öz seçimidir.
Amma digər tərəfdən, əgər qadının gündəlik inkişafı üçün çalışması varsa, bu niyə də olmasın. Əvvəllər şahidi olurduq ki, qadınların işləməsi üçün yüksək potensialı olsa da, evdə oturmağa məcbur edilirdi. Bu çox pis haldır.
Aparıcı Zaur Baxşəliyev xanımının işləməsi üçün özü də yaxından köməklik edir. Əlbəttə ki, belə olan halda qadın çox yorulmur və karyerasında inkişaf edir, kifayət qədər öz töhfəsini verə bilir".
Psixoloq Vəfa Rəşidova isə mövzuya bu cür şərh bildirdi:
"Praktikama əsaslanaraq bildirirəm ki, aparıcı Zaur Baxşəliyevin işləməyən qadınlar haqqında səsləndirdiyi fikir evdar qadınları təkcə qınamaq deyil, bu bəlkə də onları oyatmaqdır ki, iş xanımı olsunlar".
Psixoloq qeyd edib ki, iş qadını olmaq uğurlu qadın olmaq deməkdir:
"Qadının missiyası var - ana olmalıdır. Amma təkcə ana olmaqla uğurlu qadın olmaq anlayışı qəbuledilən deyil. Qadın zatən ana olur, tanrı onu həm də ana olmaq, yeni nəsil törətmək üçün yaradıb. Bu, yaradılışdan belədir. Lakin bununla qürurlanmaq, evdə yalnız övladıma baxıram, işləməyimə ehtiyac yoxdur demək doğru deyil. Mənə görə bu, özünü müdafiə etmək deməkdir. "Mən övlad dünyaya gətirmişəm deyə, işləyə bilmərəm" demək əslində tənbəlliyin pik nöqtəsidir. Bu həm də ailədə kişiyə qarşı da bir haqsızlıqdır. Çox təəssüf ki, bir sıra qadınlar ana olmağını əlində bir alət kimi istifadə edir. "Mən anayam, mənim üçün ilk öncə övladlarımı tərbiyə etməkdir, övladlarım böyüsün, sonra işləmək haqqında düşünərəm" fikirləri, sadəcə, bəhanədir. Hər bir qadın çalışmalı, özünün şəxsi maddi büdcəsi olmalı, həmçinin övlad dünyaya gətirməli, onu tərbiyələndirməlidir. Qadınlar həm də anlamalıdır ki, ailədə bir nəfərin büdcəsi ilə arzuladıqları həyatı yaşamaq mümkün deyil. Yəni qadınlar ən azı buna görə öz arzu və istəklərini həyata keçirmək üçün işləməlidirlər.
Ta qədimdən, daş dövründən belə qadınlar bətnlərində, kürəklərində körpələri ilə birgə çalışıblar, daş, odun, bitki yığıblar. Yəni qadının işləməsi daş dövründən var, burada qeyri-adi bir şey yoxdur.
Həm də unutmaq olmaz ki, işləmədikcə zamandan geri qalınır. Eyni zamanda övlad görməlidir ki, anası səhər tezdən oyanır, özünə diqqət edir, işə gedir, çalışır. Belə olan halda qadın həm də övladını tərbiyə etmiş olur və cəmiyyətə uğurlu şəxs yetişdirir. Dəfələrlə şahidi oluruq ki, bəzi analar övladlarının işləməməsindən şikayətlənir, amma zamanında özləri buna örnək olmayıb.
Qadın işləyəndə həm də maddi baxımdan azad olur, ailə büdcəsinə yardım edə bilir, öz istədiklərini ala bilir və sairə. Belə olmayanda, insan bəzən özünü dəyərsiz hiss edə bilir. İşləyən, çalışan insanlar isə hər zaman özünü yararlı, lazımlı, güclü hiss edir. Ölkəmizə, cəmiyyətimizə də sağlam insan lazımdır.
Həmçinin hesab edirəm ki, zamanla da ayaqlaşmaq lazımdır. Məsələn, son illər "xanım biznesmen", "sahibkar qadın" sözlərini tez-tez eşidirik. İnsanlar zamanla ayaqlaşmalı, yaşamalıdır ki, cəmiyyət, ailəsi, yetişdirdiyi övladları yaşasın, uğur qazansın.
Bir sözlə, işləyən qadın mənə görə ən ağıllı, ən uğurlu qadındır".
Araşdırmalara görə, dünyada qadın məşğulluğunun ən yüksək olduğu ölkə - hər yüz qadından 71-nin çalışdığı Danimarkadır. İkinci sırada 70 faizlə İsveç, 66 faizlə Hollandiya, 65 faizlə Finlandiya, 62 faizlə İngiltərə dayanır.
Son 20-30 ildə xüsusilə inkişaf etmiş ölkələrdə qadınların işə cəlb olunmasında artım olub. Belə ki, ABŞ-da II Dünya müharibəsindən sonra aparılan bir araşdırmada "Dolanışığı təmin edə biləcəyi halda, evli bir qadının həyat yoldaşı onun çalışmasını dəstəkləyirmi?" sualına kişilərin yalnız 18 faizi "Bəli" deyib. 1960-cı illərin sonunda isə bu nisbət 50 faizə yaxınlaşıb.
Mütəxəssislərin fikrincə, ilk olaraq karyeraya önəm verən qadınların uyğun gördükləri yaşda uşaq sahibi olmaq əslində müsbət yönlü olsa da, həmin qadınları başqa təhdidlərin gözlədiyi bildirilir. Uşaq sahibi olan ana artıq həyatın onsuz axıb getdiyini hiss etməyə başlayır ki, bu vəziyyət onda uşağa qarşı gizli bir hirs yaranmasına səbəb olur.