Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəngə qarşı peyvənd - böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki...

Xərçəngə qarşı peyvənd - böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki...

Tarix: 2 May 2023 08:30

Onkoloq Nəsimi Məmmədov: "Hər bir tədqiqat təqdirəlayiqdir, amma..."

Oksford Universitetinin alimi Conatan Kvok xərçəngə qarşı peyvəndin 2030-cu ilədək hazırlana biləcəyini bildirib. Onun sözlərinə görə, artıq tədqiqatın orta mərhələsində olan bir neçə variant var. "İndi müxtəlif yanaşma və strategiyalara malik ən azı 10 şirkətin və akademik bölmənin iştirak etdiyi bir yarış gedir. Bu yanaşmaların hər birinin üstünlüklərinin nə olduğunu, hansı metodların ən yaxşı olduğunu və ən yaxşı xəstə qayğısını təmin etmək üçün onların necə birləşdirilə biləcəyini görəcəyik", - deyə tədqiqatçı İspaniyanın "El Mundo" qəzetinə bildirib.

Britaniyalı alim qeyd edib ki, onların öz peyvəndi 2030-cu ilin başlanğıcından əvvəl peyda olacaq. "Məlumdur ki, xərçəngdən ölüm hallarının 70-90%-i metastazlar səbəbindən baş verir. Biz immunitet sistemi vasitəsilə bunun baş verməsinin qarşısını almaq istəyirik", - deyə Conatan Kvok siçanlar üzərində aparılan sınaqlarda preparatın metastazın qarşısını tam aldığını söyləyib və "İnsanlarla da eyni nəticəyə nail olmaq istəyirik" deyib. Alim strategiyanın təhlükəsizliyini yoxlamaq üçün klinik sınaqların ilk mərhələsinin yaxın aylarda başlamasının lazım olduğunu bildirib. Qeyd edək ki, bu qəbildən nikbin xəbərlər vaxtaşırı mediada peyda olur. Bəs xərçəng metastazına, demək, həm də bəşəriyyətin bəlasına qarşı peyvənd hazırlamaq mümkün olacaqmı? Nəticə doğrudanmı çox da uzaqda deyil?

Qeyd edək ki, ötən il ABŞ-ın əczaçılıq şirkəti "Moderna" koronavirus peyvəndlərində də istifadə olunan mRNA texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqlamışdı. Bu peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli olduğu bildirilib. "Merck" şirkəti tərəfindən hazırlanan "Keytruda" adlı dərman Moderna peyvəndi ilə birlikdə istifadə edildikdə, dəri xərçəngindən ölüm riskini 44 faiz azaldır: "Bu, dərmanların mRNA peyvəndi texnologiyası ilə birlikdə istifadəsinin toxunulmazlığa necə təsir edəcəyini göstərən ilk araşdırmadır. Alınan nəticə statistik cəhətdən əhəmiyyətli və klinik cəhətdən önəmlidir". Fərdi olaraq hazırlana bilən peyvənd üçün xəstədən şiş nümunəsi və sağlam toxuma nümunəsi götürülür. Daha sonra mütəxəssislər fərdi xərçəng peyvəndi hazırlamaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edirlər. Bu qarışıq xəstəyə vurulduqda xəstənin hüceyrələri istehsal mərkəzi kimi işləyir, onun surətlərini çıxarır və immun sistemi şişi aşkar edib məhv edə bilir.

Bu cür tədqiqatlarla bağlı zaman-zaman məlumatlar olsa da, peyvəndlərin uğurlu olması barədə açıqlamalar olmayıb. Bəs görəsən, bu dəfə nəticə olacaqmı? 

Milli.Az bildirir ki, mövzu ilə bağlı onkoloq Nəsimi Məmmədov "Yeni Müsavat"a dedi ki, bu peyvəndlə bağlı müsbət fikir bildirə bilməyəcək: "Nüsrət Kəsəmənlinin bir şeiri var, "daha nağıllara inanmıram mən". Bu şeiri bu məsələyə aid etmək olar. Bu vaxta qədər çox deyilənlər deyilib. Gələcəkdə ola bilsin, nələrsə tapılacaq. Bizim ölkədə bu cür tədqiqatlar aparılmadığından və o məlumatlar sarı mətbuata çıxdığından nə isə demək çox çətindir. Bunlar böyük maliyyə vəsaiti təşkil edən tədqiqatlardır. İndi tədqiqat aparılır, nəticəsi olanda biləcəyik. İndidən bir söz deyə bilmərəm. Sadəcə olaraq, hər bir tədqiqat təqdirəlayiqdir. Tədqiqat qurtarandan sonra onun nəticəsi mənfi də alınsa, o, ictimaiyyət tərəfindən qəbul olunur, birdəfəlik bilinir ki, belə bir iş aparılıb və alınmayıb. Hərə bir yerdən qrant layihəsinə təklif verir, tədqiqatını aparır. Tək elmdə deyil, hər yerdə belədir. Tədqiqat aparılandan sonra deyə bilərik, heyvanlar üzərində olandan sonra onun insan üzərində yoxlanmasına illərlə icazə lazım olacaq".

Həkim "Niyə bütün dərdlərə dərman tapılır, amma xərçəng xəstəliyinə yox", sualına belə cavab verib: Bu fikirlə razı deyiləm. "Appendisit"i iki gün gecikdirəndə, xəstə ölür. Xərçəng 10 il gecikir, biz adamı bir on il də yaşadırıq. Sadəcə olaraq, xəstəlik erkən vaxtlarda aşkarlanmalıdır. Hər bir kəs 30-35 yaşdan sonra özünü  yoxlatdırmalıdır. Hamı maşınını texniki baxışdan keçirir, amma özlərinin sağlıq durumunun nə səviyyədə olduğunu yoxlamır".   

"Əsasən hansı müayinələr tələb olunur" sualına cavab olaraq həkim  dedi ki, bu xəstəliyin kifayət qədər yoxlamaları var: "Hamısı da aparılmalıdır. Bu böyük bir proqramdır. Profilaktik baxış, skrininq. Baxın, imkanlı ölkələrdə xərçəngdən müalicənin beş illik yaşama nəticəsi 92 faizdir. Bizdə 60 faizdir. Onlar canlarının qədrini bilirlər. Biz isə canımızın qədrini bilmirik. Bizdə xəstəyə deyirsən müayinəyə gəl, 2-3 aydan sonra gəlir ki, işim var idi, gələ bilmirdim. Sağlamlığı ən axırda düşünürük. O ki qaldı xərçəngin ilkin əlamətlərinə, hər orqanın özünün ilk əlaməti var. Bunu demək haqqımız, gücümüz də yoxdur".

Milli.Az


Etiketlər:  Xərçəngə qarşı peyvənd böyük kəşf yaxın 7 ildə reallaşa bilər onkoloq deyir ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ