Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 13:00
"Bilsəydim ki, indiki musiqilərə, mahnılara rast gələcəm, heç vaxt oxumazdım. Mahnılar indi iki yöndədir. Biri var bazar, biri də var sənət mahnıları. İnsanlar daha çox bazar mahnılarına tələbat göstərir. Mən də o mahnıları oxuya bilmirəm. Oxusam belə, istədikləri o effekti məndə ala bilmirlər. Elə bil ki, başqasının geyimini geyinirəm. Çalışıram ki, o mahnıları ifa edəndə onlara bir az sənət də qatım. Ona görə də toylarda tələbatlı müğənni deyiləm".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Şəhla Həmidova deyib.
"Yaxşı ki, bizdən əvvəlki müğənnilər biz sənətçilərə böyük musiqi mirası qoyub gediblər. İndi texnina dövrüdür. Bəzən yutubu açıb, korifey sənətkarların ifalarına baxırıq, hələ də bir şeylər öyrənirik. Təsəvvür edin ki, 20-30 il sonra yetişən nəsil nəyə, kimə qulaq asacaq?! Mənfur qonşumuz olan ermənilər elə gözəl mahnılarımızı oxuyurlar ki, bizimkilərə sonra çatır. Sənət, səs, görünüş, bunların artıq heç biri maraqlı deyil. Restoranlar açıq-saçıq geyinən müğənniləri daha çox əməkdaşlığa dəvət edirlər. Bu bir çox restoranlar üçün keçərlidir. Xalq ulduzu yarışmasında 18 nəfər seçmişdilər. Sona 4 nəfər qaldıq. O dördlükdən ortalıqda olan Eldənizdir, Gülaydır, İlahədir və bir də mənəm. Yarışmadan sonra ev söhbəti ortalığa düşdü, aləm bir-birinə dəydi. Mahnılar da işləmişəm o vaxt, tanınmış bəstəkarlar mənə mahnılar da vermişdi. Mən belə anlayıram ki, yəqin ki, düzgün yolu seçməmişəm. Hər şeyə hədddindən artıq ciddi yanaşmışam. Bu da yaxşı bir şey deyil. Mənə çox deyirdilər ki, "ciddi mahnılara girişmə, belə mahnılar səni çörəksiz qoyacaq" deyə müğənni bildirib.
Şəhla Həmidova sənətdən başqa şeylərlə gündəmə gələn həmkarlarından da danışıb.
"Namusu olmayan efirdə namus, əxlaq dərsi verir. Sənətkarsansa çıx sənətini göstər. Öz keçmişləri qaranlıq olanlar, onun-bunun gələcəyindən xəbər verir. Şəxsən mən heç vaxt açıq-saçıqlıqla, sevgililərimlə, sponsorlarımla gündəmə gəlməmişəm. Bunu heç vaxt mənim tamaşaçım görməyəcək. Tamaşaçılar guya bilmir ki, o müğənniciklər həmin çirkli pulları necə qazanır? Təbii ki, hamısına aid deyil. Mən düz yolda olduğuma görə 5 yerdən torbam tikilib, qarşıma səddlər çəkilib. Heç də peşman deyiləm. Kirayə evdə yaşayıram, əsas odur bilirəm ki, halal yolla qazanc əldə edirəm" deyə Şəhla Həmidova deyib.