Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2023 12:51
Rusiyanın Ukraynada başlatdığı müharibəsi davam etdikcə daha çox naməlum gələcəyə doğru irəlilədiyi təəssüratı da artır. Sanki müharibənin hər ötən günü Rusiyanı bir az da uçurumun kənarına yaxınlaşdırır. Ciddi şəxsi heyət və silah çatışmazlığı ilə üzləşən Rusiya sanki savaşın taleyini birdəfəlik həll etməyin yollarını axtarmaqdan artıq başını itirib.
Baş verən son prosesləri analiz edərkən belə bir qənaətə gəlmək olur ki, Rusiya tərəfi düşünür ki, müharibəni elə bu yerdə dayandırmaq, rus ordusunun Ukraynada irəliləyib hazırda nəzarətində saxladığı yerləri əldən verməmək üçün indiki məqamda bir çıxış yolu var - Zelenskinin aradan götürülməsi!
Ukrayna cəbhəsindən bir xeyli uzaqda yerləşən Moskvadakı son hadisələr Rusiya siyasi dairələrindəki mənzərəni özündə əks etdirir. Yəni Kremlin üstündəki partlayış (dron hücumları) daxilindəki gərginliyin aydın mənzərəsidir.
Kremlə dron hücumu bu həftənin ən səsli-küylü hadisəsi kimi dünya gündəmini zəbt etdi. Rusiya tərəfi iddia edir ki, Ukrayna Prezident Vladimir Putinə sui-qəsd məqsədilə Kremlə dron hücumuna cəhd göstərib, hərçənd ki, videolar üzrə analizlər aparsaq, ortaya bir çox qaranlıq məqamlar çıxdığının şahidi ola bilərik.
Ancaq Rusiyanın dediyi kimi, bu dron hücumu Ukrayna tərəfindən təşkil olunubsa, bu hələ o anlam vermir ki, kamikadze uçan aparat mütləq şəkildə Ukrayna ərazilərindən qaldırılıb. Bu iddianın mümkünlyü ehtimalı istər məsafə baxımından, istərsə də bir o qədər yol qət edərək Moskva səmasını da yararaq prezident sarayına hücum versiyası inandırıcı kimi görünmür. Bu məsələdə Vaşonqton da bir qədər ehtiyatlıdır. ABŞ rəsmiləri də Rusiyanın "Dron hücumu Ukraynanın planı idi" iddiasına ehtiyatlı yanaşmağı tövsiyə edirlər.
Yəni nəticə olaraq belə qənaətə gəlinir ki, "dron tamaşası" Rusiyanın özü tərəfindən hazırlanıb. Hətta bununla bağlı Moskva mütəşəkkil informasiya əməliyyatları həyata keçirdi ki, Ukraynaya qarşı genişmiqyaslı raket hücumlarına əsas yaransın və ya işğal etdiyi əraziləri əldə saxlamaq üçün taktiki nüvə silahlarına müraciət üçün hüquq qazansın.
Hətta bununla bağlı biz Rusiyanın ən nüfuzlu siyasət adamlarının da çıxışlarına, bəyanatlarına rast gəldik. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov baş verənlərə görə Ukraynanı ittiham edib. Bundan sonra rusiyalı deputatlar və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynaya nüvə zərbəsi və Prezident Vladimir Zelenskinin öldürülməsinə çağırışlar etməyə başlayıblar.
"Putinin aşbazı" təxəllüsü ilə tanınan, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin isə Moskvanın bu planına qarşı çıxaraq savaşı nüvə müharibəsinə daşımaq istəyənləri təhqir belə etməkdən çəkinməyib. O bildirib ki, nüvə silahı ilə zərbələr endirməyə çağıranların hamısı "təlxəyə" oxşayır: "Kiçik pilotsuz uçan aparata cavab olaraq nüvə bombası ilə hədələyənlər təlxəklərə bənzəyir".
Əgər həqiqətən də bu dron şousu Rusiyanın başı altından çıxan bir oyundursa, Rus dövlətçiliyinin simvolu Kremlə edilmiş bu hücumların məqsədi nə olursa olsun, Rusiya dövləti üçün böyük rüsvayçılıq hesab edilə bilər. Amma məsələ bununla da yekunlaşmayacaq. Bu hadisədən sonra rus xalqının da dövlətinə, suverenliklərinə, təhlükəsizliklərinə cavabdehlik məsələsindəki inamını, etimadını da ciddi şəkildə sarsıda bilər.
Bu isə onsuz da Ukrayna müharibəsi ilə qlobal miqyasda nüfuzunu ciddi şəkildə zədələyən Rusiyanın hazırki iqtidarının daxili auditoriyada da böyük və ciddi dövlət kimi prestijinin itirilməsi təhlükəsi ilə üzləşmə riskini bir xeyli artırır.
Rəsmi Moskva dron hücumlarını "prezidentə sui-qəsd cəhdi" kimi təqdim edərək Uraynanın bütün "qırmızı çizgiləri" keçdiyi təəssüratı yaratması qarşıda çox qorxunc hadisələrin yaşanacağı ehtimalını artırır. Çünki dövlət başçısına sui-qəsd dövlətlərarası əlaqələrdə ən son "qırmızı xətt" hesab olunur. Bu isə böyük və daha qorxunc hadisələrə gedən yolda sonuncu mərhələ hesab edilə bilər.
Bütün bu proseslər fonunda Priqojinin müdafiə naziri Şoyqunu və baş qərargah rəisi Qerasimovu söyməsi də bir daha Rusiya daxilində ciddi parçalanmanın təsdiqidir. Çünki Priqojin və onun "Vaqner" muzdlu qruplaşması Ukraynanın ən qaynar nöqtəsinə göndərilsə də, Şərqi Avropa torpaqlarına ayaq basdıqları ilk dəqiqələrdən gündə yüzlərlə döyüşçüsünü itirən Priqojinin son açıqlamaları Rusiya ordusunun nüfuzuna vurulan çox böyük zərbədir.
Hadisələr elə sürətlə bir-birini əvəz edir ki, növbəti saatlarda Rusiyanın hansı dəlisov qərarını izləyəcəyimizi belə proqnozlaşdırmaq çətindir. Kreml Ukraynanı dayandırmaq üçün bu savaşın başında ölkəsinin sona qədər döyüşüb ərazilərini işğaldan azad edəcəyini deyən V.Zelenskinin "qarşılıq" olaraq qətli planları istisna edilmir. Bunun baş verəcəyi təqdirdə isə dünya daha qorxulu bir prosesinin - nüvə savaşının poliqonuna çevrilə bilər. Belə görünür ki, Rusiya "ölkəm-ölməkdir, xırıldamaq nə deməkdir" məntiqi ilə "asta-asta ölməkdənsə öldürüb ölmək" məntiqinə daha çox yan almağa başlayır.
Təhməz Əsədov