Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 13:26
2023-cü ilin aprel ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 42 faiz artaraq, 22 milyon 515 min 97 nəfər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 27 faiz artaraq 5 milyon 112 min 480 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 17 milyon 402 min 617 nəfər təşkil edib.
Bu ilin aprel ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 780 min 834 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq, 67 min 826 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 6 faiz artaraq, 713 min 8 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq, 154 min 579 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 34 faiz artaraq 38 min 640 , beynəlxalq reyslər üzrə isə 36 faiz artaraq 115 min 939 olub.
2023-cü ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 54 milyon 604 min 362 nəfər, yük dövriyyəsi isə 1 milyon 122 min 266 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.