Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 11:15
"Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanına səsləndirdiyi dırnaqarası ittihamlarını oxudum və çox təəccübləndim. Sanki bu Ülviyyənin öz sözləri deyil. Çünki Ülviyyəyə teatrda həmişə hörmətlə yanaşılıb. Həm aktrisa kimi, həm də mənim tələbəm olduğuna görə. Düzdür, o heç vaxt Afaq xanımın etdiklərini dilinə gətirməyib. Bilirsiniz ki, mənim belə şeylərdən acığım gəlir. Onun teatra gəlməsində də, işə götürülməsində də mən böyük rol oynamışam. O rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrından Musiqili Teatra keçdi. Ülviyyə çox istedadlı qızdır. Başının üstündə rejissor olmalıdır. "Mən dəyərəm min cavana" tamaşasında səhhətimlə əlaqədar olaraq rolumun Ülviyyənin ifa etməsi məsələsini qaldıran kimi, Əliqismət Lalayev dedi ki, "Afaq, sən əgər inanırsansa Ülviyyə bu rolu doğruldacaq, amma mən də inanıram doğruldacaq, gəl rolunu verək ona, tamaşa dayanmasın". Şəxsən mən Ülviyyəyə ögey münasibəti teatrda heç vaxt hiss etməmişəm"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktrisası, xalq artisti Afaq Bəşirqızı deyib. Sənətkar Ülviyyə Əliyevaya teatrda hər zaman şərait yaradıldığını bildirib.
"Ögey münasibət necə ola bilər ki, teatr rəhbəri bilir ki, Ülviyyə tam ştatla Dövlət Kukla Teatrında işləyir. Ülviyyənin çox tədbirləri, çəkilişləri olur, rahat gedib-gəlir də. Mən şəxsən bir dəfə özüm soruşmuşam, Əliqismət deyib ki, "vallah çəkilişi var idi, amma başqa bir söz dedi, dedim ki, eybi yoxdur, qoy çəkilsin, tamaşaçı teatr aktyorlarını tanısın". Ülviyyə elə qız deyil. Ülviyyə adam üçün canını verər. Deyəsən ki, "Ülviyyə gəl mənim üçün bunu et, o heç vaxt sual verməz ki, niyə?!". Hamıya əliçatan, kömək edən qızdır. Ürəyi çox təmizdir. Onun başına gələn bəlaların hamısı elə onun ürəyinin təmizliyindəndir. "Toppuş bacı"-nın yasında Ülviyyə həyat yoldaşı ilə 40 gün ayaq üstə oldu. Ülviyyənin ayaqlarının üstündəki şiş artıq dizinə dəyirdi. Halal xoşu olsun, Toppuş bacının. Ona görə də bu dediklərinə məhtəl qalmışam. Bundan əvvəl də onun bir çıxışı olmuşdu, mən bunu başqa bir yerə yönəltdim ki, ola bilsin ki, umur da, mükafat filan. Amma indi baxıb görürəm ki, Ülviyyə olmayan yerdən şübhə doğurur. O elə bilir ki, onu sevmirlər, qiymətləndirmirlər. Bu bütün aktyorların həyatında olur. Bir az yaraşmaz bunu mənə demək. Mən teatrda olanda 2 kəlmə söz danışırdımsa, 3-cü kəlməm Ülviyyə olurdu. Deyirdim ki, "Ülviyyə hardadır?", "Ülviyyə oynayır bu tamaşada?". "7 məhbusə anası" tamaşasında mənimlə tərəf müqabili oldu. Gəldi öz tapıntılarını köçürtdü səhnəyə. Çox da gözəl tapıntılar idi. Amma rejissor irad tutdu ki, "Afaq xanım, bu mənim quruluşum olmadı axı". Dedim ki, yaxşıdırsa dəymə. Vallah, elə bir vəziyyətdir ki, heç bilmirəm nə deyim! O ki, qaldı Əliqismət Lalayevə.. O mənim 1990-cı ildən çox möhkəm dostumdur. Amma bu o demək deyil ki, mən durub Əliqismət Lalayevi yalandan müdafiə edim, tərifləyim. Xeyr, belə bir şey yoxdur. Teatrın rəhbərliyindən bütün yaradıcı heyət razı qala bilməz. Bu birmənalıdır. Əliqismət Lalayev dəridən, qabıqdan çıxır. Siz bilirsiniz ki, bizim teatrımız başqa teatrlardan fərqlənir. Ancaq elə adına görə. Günün bu gününə qədər 4 ildir artıq "Musiqili Teatrdır", amma hamı deyir ki, "Musiqili Komediya Teatrı". Baxmayaraq ki, komediya sözü 4 ildir teatrın adı üstündən götürülüb. Biz şəhidlərimiz, vətən müharibəsi iştirakçıları haqqında tamaşalar hazırlamışıq. "Paris Notr-Dama ithaf" tamaşası səhnələşdirmişik. Bu gün də "Leyli və Məcnun" səhnələşdirilir. "Paris Notr-Dama ithaf" tamaşasını biz musiqili şəkildə səhnələşdirdik. Onun musiqisini tapdıq, uşaqlar əziyyət çəkdilər. Ən azından Azərbaycanın görkəmli siyasi xadimləri də, savadlı şəxsləri də, hətta nazirlər də, millət vəkilləri də gəlib o tamaşaya baxıblar və uşaqları alqışlayıblar. O tamaşada fərqlənən aktyorlar o qədər sevinirdilər ki. Sən bu sevinclərə də bu qədər bayağı fikirlərinlə yanaşdın?! Bu tamaşaların teatrda hazırlanması bir növ eksprimentdir. İndi neyləyək? Əlimizi əlimizin üstünə qoyub oturaq? Əliqismət Lalayev nə etsin? Əlini qoyub əlinin üstündə otursun?! Əliqismət Lalayev uşaq deyil axı. Gör neçə illərdir incəsənət sahəsindədir. İncəsənəti bitirib, rejissor işləyib, Naxçıvan Dövlət Teatrında gözəl tamaşalara quruluş verib. İndi də elə bir çox tamaşaların qüsurunu düzəldir. Ülviyyə, ermənilər öz cındırlarını sənət əsəri adlandırırlar, amma dahi Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərini inglis dilində oynamaq, onu təqdim etməyi isə sən inglis dilini bilənlərin bizə güldükləri fikirləri ilə cılızlaşdırırsan. Çox cılız bir fikirdir, Ülviyyə, çox cılız! 11 aya inglis dilini gətirib ortaya çıxaran aktyora eşq olsun. Eşq olsun! Dili sınsa da, düzəltsə də, o zülmlə dili öyrənə-öyrənə, oynayıb. Mizanlar da, aktyor oyunu da öz yerində. Bütün bunların müqabilində sən öz dostlarının əziyyətini yerə vurursan ki, inglis dili bilənlər gülürdülər? Sən get o gülən adamdan soruş gör təmiz Azərbaycan dilində bilirlər?! Heç səndən gözləməzdim, qızım. Bax, sənə heç zəng də etmədim. Çünki, bu sən deyilsən Ulya! Qızım, saatlarla mənim qrim otağımda oturub, ana-bala kimi dərdləşən, bütün dərdini mənimlə bölüşən, mənim silləmi öz doğma anası kimi qəbul edən Ülviyyə deyilsən sən, Ülviyyə! Nə olub sənə? Mükafatın da olacaq, hər şeyin də! Mən İctimai tv-də yayımlanan "3 D" verilişində də, Teatr forumunda da dedim ki, Mədəniyyət Nazirliyinin bütün imkanlarını özünə qaytarın. Fəxri adlardan tutmuş mükafatlara qədər, Ülviyyə! Mən bunu demişəm, qızım. Sən elə bilirsən ki, Əliqismət Lalayev oturub, möhür vurur?! Əliqismət Lalayev Mədəniyyət Naziriliyində işləyəndə yetim-yesirlərə həmişə kömək edirdi. Amma adı başqa cür çıxdı. Deyirdilər ki, "Əliqismət Lalayev istəsəydi edərdi". Əliqismət Lalayev istəsə ona xalq artisti və prezident təqaüdü verərdilər. Bu dövr çoxdan yetişib. Edə bilirdisə elə bunu özü üçün edərdi də. Sən kollektivin də ürəyini sındırdın. İnanma ki, bəzi o "min sifətlilər var ki, sənə deyirlər ki, "Ülviyyə, kişi qızısan, nə demisən!". Onlar yalan deyirlər, qızım. Sən ünvanı səhv tapmısan. Səhv gedirsən. Kaş mənimlə bölüşərdin. Axı sən mənimlə hər şeyi bölüşürsən. Mən dünyasında sənə deməzdim ki, Ülviyyə, bunu etmə. Amma ən azından mən sənə məsləhət verərdim. Ülviyyə, sən özün bilirsən ki, bu dəqiqə hardasa yarım ştat belə işləməyə icazə vermirlər. Dövlət Kukla Teatrında qoyduğun zəhmətin müqbailində aldığın maaş 2 aktyorun mükafatının dəyərindədir. Buna Əliqismət Lalayev göz yumur, bu azdır qızım?! Hə, mənim balam, azdır?! Olmadı kı! Sən düşməni bizə güldürürsən. Bax bəzi teatrların halına. Bax da, görün nə gündədir. İç-içə gedən didişmələr, gicişmələr, direktor gəldi, bədii rəhbər getdi, filankəs getdi. Ay qızım, Ulya, çox məni mütəəssir etdin. Mənim səhhətimə görə hər zaman sən həyəcan keçirmisən. Hər zaman. Amma bu dəfə sən mənim səhhətimə ağır zərbə vurdun. Nə Əliqismət Lalayevin mənim müdafiəmə ehtiyacı yoxdur, nə də mən Əliqismət Lalayevin vəkili deyiləm. Amma dostuyam. Mənim dostum düzgün hərəkət etməyəndə siz hamınız da görüb və bilmisiniz ki, bizim Əliqismət Lalayevlə həmişə söhbətlərimiz olub və o da həmişə bunu müsbət qarşılayıb, dəyişiklik edibdir. Olur insanda. İnsan mismar dərdindən tutmuş, aktyorun sosial müdafiəsinə qədər fikir edir. Pandemiyada aktyorların o vəziyyətində oturardı öz evində və deyərdi ki, nəyimə lazımdır? Doğma bala anası üçün yeməyi qapının ağzına qoyurdu ki, "sən götür, karonasan, mənə keçər". Amma Əliqismət birbaşa evlərə gedirdi, maddi yardımını edirdi. Allah şahididir Vidadi. Deyirdim ki, "Əliqismət, sən bu yaşında karona tutacaqsan". Amma o deyirdi ki, "Afaq, mümkün olan şey deyil, Novruz Qartalın vəziyyəti yaxşı deyil". Teatrda qızımızın evi yandı, Əliqismət yorğan-döşək daşıyırdı. Adamın axı Allahı var. Allah göydən baxır. Sənin bir dənə atılan dırnağını mən heç kəsə dəyişmərəm, Ulya. Bilirsən ki, sən, Rəna, Mehriban mənim ən sevimli tələbəmsiniz. Amma bütün bunlara baxmayaraq adamın vicdanı olar, göydə də Allahı tanıyar, Allahı sayar. Etmə elə şeyləri. Heç vaxt, heç kəsə vasitə olma, mənim balam. Çox xahiş edirəm səndən" deyə sənətkar bildirib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevin ünvanına ittihamlar səsləndirmişdi.